ƏƏSMN bu il e-xidmətlərindən ən çox istifadə olunan qurumdur

  • By admin
  • 17 Oktyabr 2017 10:52

elektron_hokumet_050216

Cari ilin yanvar-sentyabr aylarında “Elektron hökumət” portalındakı (www.e-gov.az) elektron xidmətlərə ümumilikdə 17 milyon 555 min 749 müraciət qeydə alınıb ki, həmin müraciətlərin 40 faizə yaxını əmək və sosial müdafiə sahəsi üzrə xidmətlərə yönəlib. Hesabat dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) portalda elektron xidmətləri təqdim olunan qurumlar sırasında elektron xidmətlərindən istifadə sayına görə birinciliyini qoruyub saxlayır. 2017-ci ilin 9 ayında da portalda e-xidmətlərinə ən çox müraciət edilən qurum 7 006 756 müraciət sayı ilə ƏƏSMN olub.

Bu barədə Gununsesi.info-ya nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Hazırda “E-hökumət” vasitəsilə ümumilikdə 43 qurum tərəfindən 434 elektron xidmət əhalinin istifadəsindədir. Onlardan 6,5 faizi ƏƏSMN-ə aid e-xidmətlərdir.

Nazirliyin e-xidmətlərinin əksər hissəsi geniş istifadəçi kontingenti ilə seçilirlər. “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “İş yerinə dair arayış”, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”, “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” belə e-xidmətlərdəndir.

Həmçinin “Sığortaolunanlara məlumatların verilməsi”, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Pensiya kalkulyatoru”, “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi”, “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Sığortaedənin (Hüquqi şəxs) onlayn uçota alınması” və s. e-xidmətlərdən istifadə sayı daim artır.

Təkcə ötən ay nazirliyin e-xidmətlərinə keçən ilin sentyabr ayı ilə müqayisədə 20,7 faiz çox, yəni 520 205 müraciətin olunması da bunu təsdiq edir.

Ümumilikdə bu gün əmək, sosial sığorta və pensiya, müavinət və sosial yardım münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya sahələri üzrə geniş e-xidmətlər şəbəkəsi əhalinin istifadəsindədir. Nəticədə isə qeyd olunan sahələrdə məmur-vətəndaş kontaktları aradan qaldırılmaqla, dövlət xidmətlərindən əhalinin şəffaf şəraitdə və daha rahat şəkildə istifadəsinə, bu xidmətlərin sosial cəhətdən həssas əhali qrupları üçün əlçatanlığına nail olunub. Bu amillər isə nazirliyin e-xidmətlərinə ictimai marağın getdikcə artmasına əsas yaradıb.

ƏƏSMN tərəfindən aidiyyəti fəaliyyət sahələri üzrə avtomatlaşdırılmış sistemlərin və elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi işləri hazırda da davam etdirilir.

Gununsesi.info