“Əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsi olacaq” - VAHİD ƏHMƏDOV

  • By admin
  • 21 İyul 2017 16:44

vahid

“Rusiya ilə Azərbaycan strateji əməkdaşlıq edən ölkələr olduğundan, bu iki ölkə liderləri arasında keçirilən görüşlərdə əsasən iqtisadi məsələlər müzakirə olunur”.

Bunu Gununsesi.info-ya açıqlamasında millət vəkili Vahid Əhmədov Azərbaycan və Rusiya prezidentlərinin bu gün Soçidə keçirləcək görüşü şərh edərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan və Rusiya prezidentləri arasında münasibətlər çox yüksək səviyyədədir və bu iki liderin görüşündə xeyli məsələlər müzakirə oluna bilər.

“Hesab edirəm ki, görüşdə qaz ixracı layihələri, Bakı-Tiflis-Qars dəmiryol xətti, Rusiyanın bu xəttə qoşulması kimi digər beynəlxalq layihələr müzakirə oluna bilər. Ancaq Azərbaycan üçün ən önəmli məsələ Qarabağ problemidir ki, ölkə başçısı bütün görüşlərdə bu məsələni gündəmə gətirir”- deyə, millət vəkili vurğulayıb.

V.Əhmədov deyib ki, Azərbaycan bütün səylərini Qarabağ münaqişəsinin həllinə yönəldib: “Lakin, təəssüflər olsun ki, hələ də ortada ciddi nəticə yoxdur. ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyəti heç bir nəticə vermir. Həmsədrlərin bölgəyə səfəri bir turist səfərini xatırladır. Onlar işlərini ancaq bölgəyə səfər etməklə bitirirlər. Azərbaycan isə Qarabağ münaqişəsinin tez bir zamanda həll olunamsını istəyir”.
Deputat əlavə edib ki, bu gün beynəlxalq aləm Qarabağı bir qrum kimi tanımasa da, işğalçı erməilər bizim torpaqlarımızda işğal faktını davam etdirməkdədirlər:

“O baxımdan Qarabağ məsələsinin həlli ən vacib məsələdir. Hamı bilir ki, Qarabağ münaqişəsinin həllinin açarı Rusiyanın əlindədir. Rusiya da bu münaqişədən hələ ki, öz çıxarları üçün istifadə edir. Hər iki tərəfə silah satıraq qazanır, digər tərəfdən Qarabağ problemindən münaqişə tərəflərinə və digər ölkələrə təzyiq vasitəsi kimi istifadə edir. Bu yolla bölgəni öz təsir dairəsində saxlamağa çalışır”.
Millət vəkili onu da bildirib ki, iki ölkə lideri Azərbaycanla Rusiya arasında yığılıb qalmış bir sıra siyasi, iqtisadi və digər problemlərin də müzakirə olunacağı istisna deyil. “Düzdür bu məsələlərin həlli istiqamətində mütəmadi olaraq görüşlər keçirilir, telefon vasitəsi ilə müzakirələr gedir. Bu görüşdə də bu məsələlər müzakirə olunacaq. Bir daha təkrar edirəm ki, bizim üçün ən vacib olan məsələ Qarabağ məsələsidir ki, bu məsələ yenə də iki ölkə lideri arasındaki görüşdə müzakirə olunacaq ən vacib məsələlərdən biri olacaq”- deyə, o, bildirib.

Mürtəza Bünyadlı
Gununsesi.info