Əsrimizin Siyavuşu - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 31 Yanvar 2017 17:41

alda

Rəsulzadənin ən gözəl obrazını  3 il əvvəl Sabiha Kəngərli cızmışdı. Məhəmməd Kəngərlinin həyat yoldaşını Ankarada ona görə axtarıb tapmışdım ki, mənə Azərbaycan sevdalısı bu Kişidən danışsın. Rəsulzadə Məhəmməd Kəngərliylə  Sabiha xanımın nişan şahidi olmuşdu”. Mənim nişan üzüyümü barmağa Mehmet Emin bəy taxmışdı” deyirdi Sabiha xanım və onun yadında qalan obrazını detallarıyla xatırlamağa çalışırdı. Azərbaycanın üçrəngli bayrağı şəklində döş nişanını da Rəsulzadənin həmişə sinəsində gəzdirdiyi xəbərini Sabiha xanımdan eşitmişdim. Bir də o, üzqabığında üçrəngli bayrağımızın təsviri olan jurnalları mənə göstərmişdi. Hansı ki, Rəsulzadə  ölən günə kimi bu jurnalların dərci ilə məşğul olmuş, Azərbaycanın üçrəngli bayrağını 50-ci illərdə Türkiyədə ucaltmışdı. Rəsulzadəni Sabiha xanımdan sonra bir də “Əsrimizin Siyavuşu”ndan tanıdım. Bu kitabı ötən ilin aprelindən bu yana  üçüncü dəfədir ki, oxuyuram.

Müstəqil Cümhuriyyətin 2 illik fəaliyyətinə güzgü tutan ən yaxşı əsərdir “Əsrimizin Siyavuşu”.  Ona görə yox ki, onu Məhəmməd Əmin Rəsulzadə yazıb.  Ona görə ki, o kitabda Rəsulzadə həm də özünü yazıb! 1920-ci ilin iyulunda –müstəqil cümhuriyyətin devrilməsindən  təxminən 3 ay sonra. Bolşeviklərin əlinə keçməmək üçün sığındığı Lahıcda. Hər an həbs olunacağı, hər an güllələnə biləcəyi təhlükəsi altında. Bilmirəm, Azərbaycanda nə qədər adam bu kitabı oxuyub?  Düşünürəm ki, onların sayı çoxdur. Amma zənnimcə lap çox deyil. Bu kitabı lap çox oxumalıyıq, müqayisə bəlkə də uğurlu olmayacaq, amma almanlar Hitlerin “ Mein Kampf (“Mənim Mübarizəm”) əsərini oxuyan kimi oxumalıyıq.  Çünki, bu kitab da Rəsulzadənin  mübarizəsindən bəhs edir. BU kitabda yazılanlar da onun həqiqətləridir. Yazıb taleyin ümidinə buraxdığı, amma xoşbəxtlikdən gəlib bu günümüzə çatan həqiqətləri. O kitabı oxuyub da Rəsulzadə aşiqi olmamaq mümkün deyil. O kitabı oxuyub da Azərbaycanı sevməmək mümkün deyil…Məhz bu kitab Rəsulzadəni mənə daha da sevdirib. İndi kimsə desə ki, Rəsulzadə niyə Sibirə sürgün olunan arvad-uşağını fikirləşməyib, hələ üstəlik əslən polyak olan qadınla evlənib? Onlara deyəcək sözüm var. Əzizlərim, bu boyda Vətən aşiqinin,millət sevdalısının ailəsi haqda düşünməməsi sadəcə mümkünsüz !

Tutaq ki, Rəsulzadə  doğmaca əmisi qızı olan həyat yoldaşını düşünmədi,  yaxşı bəs dörd övladının da taleyini düşünmədi? Hansı ki, onlardan ən kiçiyi elə Rəsulzadə Lahıcda gizləndiyi vaxt dünyaya göz açmışdı.  Atası bu körpənin üzünü ancaq onlarla vidalaşmağa gələndə, Stalinin köməkliyi ilə Rusiyaya getməzdən qabaq  görmüş və əvvəlcə Əliheydər adlandırılan körpənin adını  dəyişdirib Azər qoymuşdu. Görünür, bu təkcə Azərbaycana hədsiz  sevgisinin təzahürü deyildi,bu  həm də Əliheydər adına nifrətin işarəsiydi. Yəqin bilirsiz ki, Əsrimizin Siyavuşunda Əliheydər Qarayevin adı bir neçə yerdə çəkilir. Sitat:Hətta dar görüşlü ittihadçılar da Qarayevin qızıl yalanlarına qapılmışdılar. Düşünürdülər ki, Rusiya gələcək, Ermənistanı ortadan qaldıracaq və ordularını Mustafa Kamal Paşanın yardımına göndərərcəkdir”.  Sitatın sonu.

Övladının adını dar macalda dəyişib Azər qoyan adam ailəsi haqda fikirləşməyə bilərdimi? Çətin! Sadəcə Rəsulzadənin ən böyük “günahı” ailə sevgisini Vətən sevgisindən üstün tuta bilməməsi olub. Yaşadığı siyasi mühit ,  mürəkkəb dövr onu ailəsindən etdi. Rəsulzadə cəmi bircə əsərində bu haqda yazsaydı, bütün suallara cavab tapılacaqdı. Amma  o dərdini içində əridib daha böyük amallardan,daha böyük savaşlardan bəhs etdi. Onun Azərbaycan sevgisi övlad sevgisindən böyük idi! Əsrimizin Syavuşunun hər sətirində bunu görürük.

Sənin istiqbalın nə Rum eli, nə Hicaz, nə də İraqda-Türküstandadır. Sənin yolunun üzərində əski Turanın göbəyində Azərbaycan adında bir gənc igid, dəliqanlı var!

-Azərbaycanlılar Mehdi zühuruna inanırlar. Ah, bu Mehdi nə vaxt gələcək?-deyə soruşur. Çox diqqətlə dinləyirəm, yuxarıdan ilahi bir səs eşidilir. Azərbaycan bayrağı təkrar açıldığı, təkrar dalğalandığı gün!

Bu gün o gündür! Rəsulzadənin arzularının gerçəkləşdiyi gün! Rəsulzadənin yenidən doğulduğu gün! Doğum günün mübarək, ey “yavru bayrağı” yavru balasından uca tutan KİŞİ!

leman

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info