“1000-ci ürəkqüsurlu uşağın əməliyyatı uğurla başa çatıb” - NƏRGİZ BABAYEVA-KƏRİMOVA

  • By admin
  • 19 Yanvar 2017 17:26

usaq-2

Yanvarın 19-da “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinin dəstəyi ilə ürək qüsurundan əziyyət çəkən 1000-ci azyaşlı uşağın əməliyyatı uğurla başa çatıb.

Bu haqda Gununsesi.info-ya təşkilatın rəhbəri Nərgiz Babayeva-Kərimova məlumat verib.  N.Babayeva-Kərimova bildirib ki,  əməliyyat  Tibb Universitetinin Tədris-Cərrahiyə Klinikasında həyata keçirilib:

“Əməliyyatı  Qalib İmanovun başçılığı ilə Seymur Musayev, Mirəli Məcidov və Elçin İsmayılov həyata keçiriblər.  Dilşad Rzayeva bu həkimlərin səyi nəticəsində yenidən həyata qayıdıb”- deyə, o, bildirib.

N.Babayeva-Kərimova qeyd edib ki,  o, ölkədə xəstə uşaqların olmamasını arzulayır:

“Biz arzu edirik ki,  Azərbaycanda heç vaxt xəstə uşaq olmasın. Lakin əgər, belə uşaqlara kömək lazımdırsa, həmişə kasıb ailələrdən olan uşaqların dəstəklənməsi üçün xeyriyyə tədbirləri təşkil etməyə hazırıq. Qeyd edim ki, xeyriyyə aksiyaları təşkilatımızın dostlarının dəstəyi nəticəsində həyata keçirilir”-deyə, o, bildirib.

Əməliyyat edilən 1000-ci ürəkqüsurlu  uşaq  Dilşad Rzayevanın valideynləri də təşkilatın gördüyü xeyirxah əməldən danışıblar:

“1000 uşağın yenidən həyata qayıtması bilirsiniz nə deməkdir? 2 min valideynin, onların minlərlə yaxınlarının, əzizlərinin sevinci, ümidi deməkdir,1000 uşağın sağlamığına qovuşması sağlam gələcəyimiz deməkdir. Sag ol,var ol Nərgiz xanım! Sən və sənə dəstək olub “anonim” adıyla maddi və mənəvi dəstək olan hər kəsə təşəkkür edirəm”- deyə, onlar bildiriblər.

Qeyd edək ki, “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyi 2006-cı ildən  fəaliyyət göstərir.  2009-cu ilin martında Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınıb. Təşkilatın yaranmasında məqsəd  anadangələmə ürək qüsurlu doğulmuş uşaqların sağlamlığına qovuşması üçün dəstək göstərmək, eyni zamanda, onların sosial problemlərinin aradan qaldırılmasına yardımçı olmaqdır.

2009-cu ildən 2017-ci ilədək “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinin gördüyü xeyriyyə işləri sayəsində ürək qüsurundan əziyyət çəkən 1000 uşaq uğurlu əməliyyat olunub. Əməliyyatlar təkcə Azərbaycanda yox, eyni zamanda Ukrayna, İran və Türkiyədə həyata keçirilib.

Xatırladaq ki, təşkilatın dəstəyi ilə Siyəzən və Sulutəpədə 2 evsiz yoxsul ailəyə ev tikilib.

2016-cı il ərzində Türkiyədə hər biri 20 000 ABŞ dolları olmaqla  25 əməliyyat həyata keçirilib. Bu il ərzində Azərbaycanda 250, Ukraynada isə 56 əməliyyat uğurla başa çatıb.

Hər ay 200 imkansız ailəyə ərzaq yardımı edilir.

usaq-1

Gülnaz Qənbərli

Gununsesi.info