4-1 hesablı qələbə və Məsud Özilin butsıları - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 27 Mart 2017 18:08

leman

Günlərdən 26 mart, bazar günü.

Futbolun başlamağına düz bir saat qalmış mən artıq stadionun qarşısındaydım.

İynə atsan yerə düşməz” misalı sanki bu vəziyyət üçün deyilibmiş. Bəlkə də Bakıda bu cür qələbəlik 20-25 il əvvəl yaşanmışdı. Nə bilim, 80-ci illərin axırlarında, 90-cı illərin əvvəllərində, Meydan hərəkatı dövründə və. s. Tofiq Bəhramov stadionunun qarşısında bu mənzərəni görəndə fikirləşdim ki, bizi bir araya gətirsə bir də futbol gətirə bilər. Nə isə…

Bircə saniyənin içində özümü bu insan selinin tən ortasında gördüm. Bir də onu hiss elədim ki, iki dəqiqə də belə davam etsə, burdan sağ qurtula bilməyəcəm. Kütlədən qorxuya agorafobiya deyirlər səhv etmirəmsə…

Nəsə məndə də belə bir hiss yarandı və nəfəsim darala-darala özümü sağ tərəfə dürtdüm. O yerə ki, orada gözümə bir polis nəfəri dəymişdi. Kassalar tərəfdə dayanan polisi bu insan selindən dəmir məhəccər ayırırdı. Ona jurnalist olduğumu dedim və xahiş etdim ki, məni burdan xilas eləsin. Dedi ki, məhəccəri aşa bilərsizsə, problem yoxdu.

Dedim aşaram. Sağ olsun, azarkeşlər, məni bir saniyənin içində göyə qaldırıb…. yerə buraxdılar. Cəmi 2 dəqiqədən sonra stadionun mətbuat üçün nəzərdə tutulan hissəsindəydim. Bir-iki tanış sima ilə salamlaşıb yerimi tutdum. Sağımda bir alman jurnalist vardı, qabağında da noutbuku. Hissiz, emosiyasız, buz kimi soyuq təsiri bağışladı bu adam.

Hər halda, 90 dəqiqə ərzində komandalarının qapımızdan keçirdiyi 4 qol da bu jurnalistin tükünü belə tərpətmədi. Dedim yəqin peşəkarlıq budur. Belə baxanda, iş başında olan jurnalist niyə qol həyəcanı yaşamalıdır ki? Futbolçu öz işini görür, jurnalist də öz işini. Fikirləşdim ki, nə vaxtsa aktiv jurnalistikaya qayıtsam mən də alman həmkarım kimi olacam. Soyuqqanlı, laqeyd, həm də peşəkar! Əsl peşəkarlar isə meydanda idi. Dünyanın əfsanə futbolçuları!

1478619463_tofiq-bahramov-stadium-track

Onlar yenə də möhtəşəm oyun nümayiş etdirdilər. Açığı, bu oyuna qədər kimə azarkeçlik edəcəyim haqda qəti bir fikrim yox idi. Hətta, ürəyimin ən dərin guşələrində almanlara azarkeşlik edəcyimi düşünürdüm. Oğlum isə bəri başdan sözünü demişdi. Almaniya, vəssalam!

Amma Tofiq Bəhrəmov stadionunun ab havası, azarkeş fəallığı, dalğalanan üçrəngli bayrağımız bir anda öz sözünü dedi. Oğlumun birinci qolda necə məyus olduğunu, cavab topunda necə bağırdığını sevə-sevə izlədim. Deməli, milli təəssübkeşlik budur dedim.

Deməli, qarşındakının kim olmasından asılı olmayaraq sən azərbaycanlısan. Meydanda oyun göstərən də sənin komandandır. O oyun səni qane etsə də, etməsə də. Bu oyunda da bizi qane edən və etməyən tərəflər oldu. Yenə sağ olsunlar, bir topla qırışığımızı açdılar. Onu vurmasaydılar başımızı hansı daşa vuracaqdıq görən?

Yanımda oturan bir həmkarım maraqlı bir söz dedi. Dedi ki, bunları heç 100 min manat da oynada bilmədi. Yəqin bilirsiz də, Rövnəq Abdullayev almanları udacağı təqdirdə Millimizin hər oyunçusuna 100 min mükafat söz veribmiş deyirlər. Başqa bir həmkarım isə “ Adambaşına ayrılan o pulları milli futbolun inkişafına yönəltsinlər, komandaya tanışlıqla futbolçu yığmasınlar futbol özü inkişaf edəcək” dedi.

Onsuz da bu oyundan heç kim möcüzə gözləmirdi. Azərbaycan Millisinin almanları məğlub edəcəyini heç yatıb yuxuda da görə bilməzdik. Amma o bir qol görünür almanların özünə möcüzə kimi gəlib. Hər halda alman yığmasının baş məşqçisi İoahim Löv deyib ki, Almaniya Dünya Çempionatının indiki seçmə oyunlarında qapısında qol buraxmamışdı.

İndi Azərbaycanla oyunda ilk qolu buraxdı. Oyun bitdi. Məsud Özil ayağındakı butsıları çıxarıb azarkeşlərə tərəf atdı. İki yeniyetmə butsıları havada qamarladı. Yanımda duran oğlumu bu nə qədər təsirləndirdisə qulağımda hələ də onun cümlələridir.

“Mama, Özilin butsıları! Özilin butsıları! Ay Allah, nə olardı mənim olardı bu butsılar. Hanı məndə o bəxt? “

Oğlumun gileyləndiyi həmin anda mən də iki şey haqqında düşünürdüm. Niyə başqa futbolçular bu jesti etmədilər? Niyə məhz Özil?

Deməli, bizə bir köynək yaxın olduğu üçün? Bir də bizim futbolçular belə azarkeş sevgisini nə vaxt qazanacaqlar?

Haçansa uşaqlarımız, məsələn, Rəşad Sadıqovun butsılarına görə göz yaşı tökəcəklərmi?

Ləman Ələşrəfqızı,

Əməkdar jurnalist

Gununsesi.info