“500-600 Qarabağ əlili və şəhid ailəsini evlə təmin edəcəyik” - SƏLİM MÜSLÜMOV

  • By admin
  • 22 Noyabr 2017 18:00

“2007-ci ildən indiyədək 6096 Qarabağ əlili və şəhid ailələrinə mənzil verilib. 4057 mənzil 2014-cü ilədək, 1340 mənzil isə 2014-cü ildən sonra verilib”.

Gununsesi.info xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov parlamentdə büdcə müzakirələri zamanı deyib.

Onun sözlərinə görə, 2014-cü ilədək ildə təqribən 280 mənzil verilirdisə, 2014-cü ildən sonra bu rəqəm 335 təşkil edib: “Biz 2014-cü ilədək Qarabağ əlilləri və şəhid ailələri üçün ildə 50-60 milyon vəsait xərcləyirdiksə, ondan sonra bu sahəyə baxış dəyişdi. 2014-cü ildə ölkə başçısının göstərişi əsasında Qarabağ əlilləri və şəhid ailələrini mənzillə təmin etmək üçün ildə 30 milyon manat vəsait ayrılaraq 5 il ərzində bu qəbildən olan insanları mənzil və evlə təmin etmək nəzərdə tutulurdu. Lakin 2014-cü ildən sonra maliyyə resurslarımız azaldığından  ildə 10-15 milyon vəsait ayrıldı”.

Nazir deyib ki, növbəti ilin büdcəsində bu məqsədlə ayrılan vəsaitin həcmi artırılıb və bu yolla ildə 500-600 Qarabağ əlili və şəhid ailəsini evlə təmin edə biləcəyik: “Odur ki, bu məsələ hökumətin tam nəzarətindədir və bu sahəyə diqqət ayrılır”.

Mürtəza

Gununsesi.info