8000 nəfərin pensiyası ikiqat artıb - SƏLİM MÜSLÜMOV

  • By admin
  • 16 Noyabr 2017 14:00

“Azərbaycanda 100 minə yaxın işləyən pensiyaçı var”.

Gununsesi.info apa-ya istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazirin sözlərinə görə, əmək pensiyaları haqqında qanunvericiliyə edilən dəyişikliyə əsasən həmin şəxslərin pensiyaya çıxdıqdan sonra fərdi hesablarına yığılan pensiya kapitalından 72 aydan sonra yenidən istifadə etmək imkanı var: “Bu dəyişikliyə görə, pensiyaya çıxdıqdan sonra işləyən şəxslər öz fərdi hesablarında topladıqları vəsaiti pensiya təyin edildikdən 6 ildən sonra yenidən istifadə etmək hüququ qazandılar. Vətəndaş pensiyaya çıxdıqdan sonra onun hesabındakı pensiya kapitalı sıfırlanırdı və pensiya təyin olunurdu. Sonradan işləməyə davam etdiyi müddətdə həmin fərdi hesabında pensiya kapitalı yığılmaqda davam edirdi. Yeni dəyişikliyə görə, 72 aydan sonra hesaba yığılan puldan istifadə imkanı yaranır. İnsanlar 72 aydan sonra müraciət etdikdə onun pensiyası yenidən hesablanır və fərdi hesabındakı məbləğ də hesablanaraq, onun pensiyasının üzərinə gəlir”.

S.Müslümov bildirib ki, artıq 8000-dək vətəndaş bu hüquqdan istifadə edib. “Onların ortalama pensiyalarının artımı 176 manat olub. Həmin şəxslərin pensiyalarının 2 dəfədən çox artmasına gətirib çıxardığını deyib. Bu proses hazırda da davam edir”, – deyə o vurğulayıb.

Gununsesi.info