Adımızın mənası, yoxsa mənasız dartışmanın adı? - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 06 Fevral 2018 18:04

 

“Drakon Rza” ilə “oçkili direktor”un davası haqda bir neçə kəlmə 

 

Qələminə hörmət etdiyim Aqil Abbasın “Dolu” əsərini iki dəfə oxumuşam, amma bu əsər əsasında çəkilən eyniadlı filmə bir dəfə də olsun baxmamışam. Ona görə də Drakon”a ekran həyatı verən aktyor Rza Rzayevi tanımırdım. Məhz bu gün, bir insident nəticəsində tanıdım. Amma kaş heç tanımazdım, nədən ki, Doludakı “Drakon” çox nadir hallarda vurulduğum roman qəhrəmanlarımdan idi. Hətta fürsət gözləyirdim ki, haçansa Aqil Abbasla üz-üzə gəlsəm, ondan əsərdəki obrazlarla bağlı bir-bir soruşum. Drakon kim idi? Pələng kim idi? Komandir kim idi?

Təəssüf, Aqil Abbasla görüş fürsəti əlimə düşmədi, Drakon-Rza Rzayev isə gözümdən düşdü. Nə yaxşı ki, Drakon kimi yox, Rza Rzayev kimi düşdü. Və indi “Dolu” filminə baxmadığım üçün özümə təşəkkür edirəm.

Nə baş verir? Əslində nə baş verdiyini tərəflər özləri daha yaxşı bilirlər. Amma ortalıqda olan videoda aktyorun direktor Tural Mirzəyevin kabinetinə hücum çəkdiyi görünür. Kiçik torpağın doğma ləhcəsində “razborka” aparan aktyor sən demə bacısının bir işdən başqa işə keçirilməsi səbəbindən burdadır. Etiraf edin ki, düzgün hərəkət deyil. Tutaq ki, sabah müdirimiz istənilən birimizin vəzifəsini dəyişir və məsələni biz özümüz yox, qardaşımız gəlib həll edir. Üstəgəl söyüşlə, təhqirlə, təhdidlə. O təhqirlərin içində məncə ən pisi Rzanın direktorun eynək taxmağına ilişməyi idi.

Bu yerdə bir haşiyə çıxım. 2 il əvvəl operator Ramin Yaqubovla Çinə getmişdik. Pekin aeroportunda diqqətimizi bir dəstə çinli gənc çəkdi. Topalaşıb söhbət edirdilər. Hardasa 20-25 yaşlarında cavan uşaqlardı. 10 nəfərdən 9-unun gözündə eynək vardı. Onda operatoruma demişdim ki, Çin bu eynəklilərə görə qüdrətlidir və nə qədər ki, bizim ölkəmizdə eynəyə ancaq korların aksessuarı kimi baxılacaq, biz inkişaf etməyəcəyik.

Açığı, aktyor Rzanın məktəb direktoru ilə mübahisəsində mənəviyyat KORluğunun elementlərini gördüm. Aydın məsələdir ki, direktor da süddən çıxan qaşıq deyil. Amma o, Rzadan daha məharətli aktyordur. O emosiyalarını qoruyub saxlayır, əsəbləşmir, təmkinlə adamın suallarına cavab verir. Hətta ən ağır söyüşlər belə onu özündən çıxartmır. Məlum olur ki, adam tədarükünü əvvəlcədən görüb, hər şey kameraya çəkilir. Sabah hamı onu alqışlayacaq, Rza isə özünü yandırdı. Həqiqətən də, belədir. İnsident adamları iki yerə bölüb. Çoxluq direktorun tərəfindədir, Rza isə hədəfdə. Əslində isə hədəfdəki liseyin direktoru olmalıydı. Çünki ortalıqda müəllimlərdən yığılan hansısa pullar var, direktorun bu pullar sayəsində qurduğu restoranlar, moykalar müzakirə mövzusudur.

Daha maraqlısı isə direktorun əxlaqi davranışlarına yönəlik ittihamlardır. Mübahisə boyu Rza direktordan bir sualına cavab istəyir. “O nə sözdür qadına deyirsən ki, sənin adının mənası oddu, atəşdi. Bilirsən buna görə adama neyniyərlər? ” Direktor təmkinini pozmur, hətta “Dolu”nun qəhrəmanının dolu kimi yağdırdığı söyüşləri də səbrlə dinləyir. Ardınca qəhrəmanımız açıqlama verir ki, direktor bütün qadın müəllimləri bir-bir kabinetinə çağırıb onlardan adlarının mənasını soruşur. Sitat. “Onun orada müəllimələri tək-tək çağırıb adının mənasını soruşması əxlaqlı bir şey deyil və artıq bunun altında başqa şeylər var. Müəllimələrin adının mənası ilə maraqlanırsa, iclasda, müəllimlər otağında soruşsun. Daha tək-tək otağına niyə çağırır? Filoloqdur, anasından, bacısından adının mənasını soruşsun. Bizim də əlimizdə faktlarımız var və istintaq orqanlarına təqdim edəcəyik”.

Yadıma bilirsiz nə düşdü? 1990-cı ildə BDU-nun jurnalistika fakültəsində yaradıcılıq imtahanında rəhmətlik Qulu Xəlilovun mənə verdiyi sual. İmtahana girən kəsilib çıxırdı, gələcəyin jurnalistlərinin dünyagörüşünü yoxlamaq üçün lap belə Mozambik haqda da suallar verirdilər. Qorxumdan sarımı udmuşdum.

Qulu Xəlilovun səsi məni ürəkləndirdi.

– Adın nədir ay qızım?

– Ləman.

– Nədir adının mənası?

– İşıldayan, parıldayan.

– Hansı əsərdə Ləman adına rast gəlmisən?

– Cəbhədən cəbhəyə romanında.

– Kim yazıb bu əsəri?

– İmran Qasımov, Həsən Seyidbəyli…

Dialoqumuz beləcə uzandı və mən professor Qulu Xəlilovun bütün suallarını cavablandırdım. Adımın mənası həyat yolumu müəyyənləşdirdi. İndi o müəllimlər dünyadan köçüb, meydan bu müəllimlərindir. Ümid edək ki, liseyin direktoru da qadın müəllimlərin adının mənasını hansısa fililoji araşdırmaları, nə bilim fundamental tədqiqatları üçün öyrənmək istəyib. Hərçənd bunun üçün də adların izahlı lüğəti var.

Nə isə, mənim lüğətimdə sözlər tükəndi, sonunu gözləyək.

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info