Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

XƏBƏR LENTİ

24 Noyabr 2017
23 Noyabr 2017

15 Sentyabr 2017 - 19:15

Ağ corablar və bizim qaragünlülər- LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

leman

Mən Bilik günündə bilirsiz ən çox nəyə sevinirdim? Bir məktəbli çantama, bir də dizə qədər olan ağ corablarıma. Qara don, ağ fartukla bu ağ corablar qəribə bir uyğunluq yaradırdı.

Ötən gün birinci sinfə gedən qızıma da dizə qədər olan ağ corablar aldım. Bizim dövrün corabları ilə müqayisəyə gəlməz dərəcədə gözəl idi. Ayağına geyindirib tez də soruşdum. Qızım, xoşuna gəldi? Qızım “O qədər də yox” dedi. Onda başa düşdüm ki, texnologiyalar əsrində uşaqların başına bu cür corab hörə bilmərik. Onların zövqləri də fərqlidir, maraqları da, dünyagörüşləri də, hər şeyi də. Buna kədərlənəkmi, sevinəkmi, bilmirəm. Sözün əsl mənasında indiki uşaqlardan baş açmaq kurikulumdan baş açmaq qədər çətindir. Amma uşaqlarla hər çətini, hər müşkülü asan etmək mümkün olur. Mən də hər şeyə rəğmən səhər ağ corablarını ayağına geyindirib qızımı məktəbə apardım.

21740355_1910068382576575_9179396873588303405_n

Məktəbin həyəti qələbəlikdi. Hətta o qədər ki, birinciləri tapmaq üçün xeyli əziyyət çəkdim. Ondan soruş, bundan xəbər al, nəhayət birincilərin yeri bəlli oldu. Bir küncdə sıraya düzülüb durmuşdular. Danışmağa heyi qalmayan qocalar kimi. Biz də sıraya düzüldük və yarım saat ərzində xeyli müşahidə apardım. Müşahidələrimi sizinlə də bölüşürəm. Bir ailədən bir uşağı azı 4 nəfər müşayiət edirdi. Ata, ana, nənə, baba və s. Ailədən azı 4 nəfərin müşayiətinə rəğmən çanta, gül, bayraq, şar-hər şey uşağa yük edilmişdi. Bayraqların iti ucluqları arxa sırada dayanan uşaqlar üçün real təhlükə yaradırdı. Gəl ki, bu anaların qulağına da deyildi. Analar uşaqların cərgəsinə soxulub şəkil və video çəkməklə məşğul idilər. Onların dirsəyi altında əzilən kiçiklər bəlkə də ilk dəfə böyük olmaq haqda bu günkü qədər düşünməmişdilər. Hərçənd böyüklər də hallarından məmnun deyildilər. Nasaz mikrafon, şablon çıxışlar, quru rəqəmlər və bütün bunlara qulaq asmaq məcburiyyəti kiçiklər qədər böyükləri də darıxdırırdı. Mən də bir əlimdə qızımın çantası, o biri əlimdə gül əlimdə olmayan imkanlar haqqında düşünürdüm. …

Məktəbdə ilk günün sıfır səviyyədə təşkil edilməsi sinif otaqlarına daxil olanda da özünü göstərdi. Məktəbə dürtülmək olmaz, uşaqlardan qabaq isə heç olmaz – xəbərdarlığını valideynlərə heç mikrafonla da başa sala bilmədilər. Sonra val dəyişdi. Dedilər, yaxşı, uşaqla ancaq bir nəfər içəri keçə bilər. Deyəsən bu da alınmadı. Alınsaydı, onda çəlikli ixtiyar qocanın sinif otağında nəvəsiylə şəkli də olmayacaqdı.

Şəkli amerikalların ürəyindən asılan ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu bu günlərdə sosial şəbəkələrdə geniş müzakirə olunur. O məktub haqqında ayrıca bir yazı yazmaq istəyirdim. Amma qismət bu günəymiş. Zənnimcə, hər bir müəllimin oxuyacağı bir məktubdur. Hər bir müəllimin övladlarımıza öyrədə biləcəyi bir məktubdur. Nəhayət, hər bir valideynin yazacağı demirəm, qulağından sırğa edib asacağı məktubdur. Hörmətli müəllim! Oğlumu sizə əmanət edəcəyimə görə bu məktubu sizə yazmağı vacib bildim. Ona öyrədin ki, hamı dürüst və ədalətli deyil. Ona öyrədin ki, qazanılan bir dollar tapılan beş dollardan daha dəyərlidir. İtirməyi, həm də qazanmaqdan həzz almağı öyrədin ona. Onu qısqanclıqdan uzağa yönəldin. Ona səssiz gülüşün sirlərini öyrədin. Əgər bacara bilsəniz, ona kitabların möcüzəli bir nemət olduğunu öyrədin. Ona səssizlikdə göydəki quşların, günəşdəki arıların, çəmənlikdəki güllərin daxili sehrinə enməyi öyrədin. Öyrənsin ki, məktəbdə səhv etmək hiylə gəlməkdən daha şərəflidir. Hamı onun səhv olduğunu desə də, öz fikirlərinə inanmağı, nəzakətli insanlara qarşı nəzakətli, kobudlara qarşı kobud olmağı öyrədin. Hamı bir-birinə yapışıb gedəndə kütləyə qoşulmayıb öz yolu ilə getmə gücü verin oğluma. Bütün insanlara qulaq asmağı, qulaq asdıqlarını həqiqət ələyindən keçirib ancaq yaxşıları özünə götürməyi öyrədin. Bacarsanız, kədərləndiyi zaman belə, necə gülə biləcəyini öyrədin ona. Ağlamağın utandırıcı bir şey olmadığını, gücünü və beynini ən yüksək qiymət təklif edənə satmağı, ancaq ürəyinə və ruhuna qiymət etiketi qoymamağı, əgər özünün haqlı olduğuna inanırsa, dimdik ayaqda qalıb mübarizə aparmağı öyrədin ona. Ona qarşı mehriban olun, amma qucaqlamayın, çünki ancaq odun qığılcımı poladı saflaşdırır. Qoyun səbrsiz olacaq qədər cəsarətə sahib olsun və qoyun cəsur olacaq qədər səbrli olsun. Ona həmişə özünə inanmağı öyrədin, bu yolla onun bəşəriyyətə inamı daimi olacaq. Bütün bu sadaladıqlarım bəlkə də çox böyük tələbdir. Lakin özünüz baxın, nə qədərini bacarırsınız.

Mən bu məktubu gözəl bir tərtibatla qızımın müəlliminə hədiyyə edəcəm. Deyəcəm ki, uşaqlarımız artıq bizim corablarımızı, deməli həm də ayaqqabılarımızı geyinmək istəmir. Yəni ayaqdan özləri dəyişirlər. Lütfən, başdan da siz dəyişin onları. Dəyişin ki, insanlarımız da , cəmiyyətimiz də dəyişsin. Heç olmasa 10 il, 20 il sonra Bilik gününə ağ corablı qaragünlülər kimi getməyək.

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info





loading...