“Ağ qızıl” sayılan pambığın inanılmaz faydaları

  • By admin
  • 16 Oktyabr 2017 23:03

cotton field in contrast with blue sky

Pambıq ölkəmizdə çoxdan əkilib-becərilən bitkilərdən biridir. Mənbələr hələ XV əsrdə Şamaxıdan Rusiyaya pambıq məhsullar aparıldığından xəbər verir. XVIII əsrdə Mil-Muğan və Şirvan düzlərində, XIX əsrin əvvəllərində isə Quba və Bakının bəzi əyalətlərində də pambıqçılıq inkişaf etdirilib.

Həmin əsrin 30-cu illərindən Azərbaycanda Misir və Amerika, həmçinin Mazandaran və İran pambıq sortları becərilməyə başlanılıb.

Pambıq istilik və işıqsevən bitki olduğuna görə isti iqlimli ölkələrdə bitir. Hələ eramızdan 3 min il əvvəl Hindistanda pambıq əkilirdi. Misirdə onu eramizdan əvvəl VI-V, Qafqaz ərazisində isə eramızdan əvvəl VII-IV əsrlərdən becərirlər. Qiymətli bitki olduğuna görə onu “ağ qızıl” adlandırırlar.

Hesablamalara görə, 100 qram pambıqdan təqribən 30-35 faiz lif alınır və lifdən müxtəlif parçaların toxunmasında istifadə olunan iplik əldə edilir. Pambıqdan təkcə parça istehsal olunmur, onun müalicəvi əhəmiyyəti də çoxdur. Müalicə məqsədilə daha çox pambığın kökləri, həmçinin yarpaq, toxum, çiçək və məhsulundan istifadə edilir.

Pambıq köklərinin dəmləmə və bişirməsi orqanizmə virus əleyhinə və antibakterial təsir göstərir və həmin xüsusiyyətinə görə dəri xəstəliklərinin, herpes və dəmrovun müalicəsində istifadə olunur. Qanda xolesterinin səviyyəsini salır, arterial təzyiqi tənzimləyir, hipertoniya və aterosklerozdan əziyyət çəkən xəstələrə müalicə və profilaktika məqsədilə verilir. Pambıq toxumu qaynadılaraq qəbul ediləndə orqanizmi tonuslandırır, E vitamini ilə zəngin olduğuna görə menstrual sikl pozulmalarının və sonsuzluğun müalicəsində istifadə olunur.

Pambıq yağı üz dərisinin yenilənməsi və dəridə olan yaraların sağalmasını sürətləndirir. Zökəm vaxtı qaynadılmış pambıq yarpaqlarının buxarı ilə inhalyasiya etmək burun tutulmasının qarşısını alır. Yanmış pambığın və yaxud pambıq köklərinin tozu yara nahiyəsinə səpiləndə qankəsici təsir göstərir.

Kulinariyada salat və xörəklərin hazırlanmasında da pambıq yağından istifadə edilir.

Gununsesi.info