“Ali təhsildən gözləntilər” - BU GÖZLƏNTİLƏRİN REALLAŞMASI TƏHSİLİMİZƏ NƏ VƏD EDİR?

  • By admin
  • 22 Noyabr 2017 13:40

(Düşüncələr, mülahizələr).
“Heç bir millət qılınc və tüfənglə qabağa getməyib. Ancaq elmin gücünə tərəqqi etmək mümkündür”. Görkəmli maarifçi ədib Nəriman Nərimanovun ötən əsrin ilk illərində     səsləndirdiyi bu fikir bütün dövrlər üçün yeni və aktualdır. Bəşər övladının yol gəldiyi minillik tarix subut edir ki,hərbi yolla heç bir millət inkişafa nail ola bilməyib. Dünyaya ağalıq iddiasında olan fatehlərin-İsgəndər Zülqəreyn, Çingiz xan, Teymur Ləng, Qacar, Lenin, Hitler kimi minlərlə qaniçənlərin milyonların qanı bahasına tamam olan hərbi yürüşləri millətlərinin inkişafına yox, zəif
düşməsinə, yox olmasına gətirib çıxartdı. Tarix subut etdi ki, qan üzərində qurulan heç bir imperiya daimi deyil. Daimi olan yalnız elm və ondan düzgün, faydalı istifadədir ki, bunu da dahi N.Gəncəvi hələ XII əsrdə bəyan edib.

Qüvvət elmdədir,başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz!

Bəli, milllətlərin inkişafı elmdən, elmin inkişafı isə onun necə təşkil edilməsindən keçir. Bu mənada Respublika Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminarın mövzusu da təkcə media və təhsil işçiləri üçün deyil, bütün cəmiyyət üçün düşündürücüdür. “Ali təhsildən gözləntilər”! Nədir gözləntilərimiz, hansı dəyişiklər elmin inkişafına təkan verəcək, hansı problemlər inkişafı əngəlləyir? Seminar son 4 ildə ölkənin ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələrinin mediayaya və ictimaiyyət nümayəndələrinə açıqlanması məqsədi daşıdığından
əksər təhsil və media ekspertləri tədbirə qatılmışdı. Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas şöbəsinin müdiri Yaqub Piriyevin təqdimatı narahatlığa ciddi əsasın olmadığını, illər üzrə qəbul imtahanlarının nəticələrində müsbət dinamikanın müşahidə olunduğunu göstərdi. Belə ki, bu il qəbul imtahanlarında 2472 nəfər 600 baldan yuxarı nəticə göstərib. Ötən il bu rəqəm 2281, 2015-ci ildə 2094, 2014-cü ildə 1725 nəfər təşkil edib. Magistraturaya qəbul imtahanlarında bakalavrların
ümumi nəticələri ötən tədris ilinə nisbətən 36,3 faiz artıb. Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin sayının əhəmiyyətli dərəcədə artaraq 5410 nəfər təşkil etməsi, ingilis dilində tədris olunan ixtisaslara qəbul olunan tələbələrin sayının ikiqat artması də ürəkaçan faktlardandır.
Amma təqdimatın geniş müzakirəsi göstərdi ki, hələ qarşıda cox ciddi vəzifələr durur və diqqət yetirməli problemlər çoxdur. Ali məktəblərdə dərs vəsaitlərinin keyfiyyətindən tutmuş təcrübi məşğələlərin təşkilinə qədər onlarla məsələ təhsil, media işçilərinin, media ekspertlərinin iştirakı ilə geniş müzakirə edildi. Ən yaddaqalan məqam da bu idi ki, ilk dəfə olaraq ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərlərinə də müzakirəyə qatılmaq, fikir və mülahizələrini çatdırmaq imkanı yaradılmışdı. Bölgədə yerləşən ali təhsil ocaqlarının bu günkü durumu barədə söylənilən fikirlər məncə seminara səmimi ruh qatdı.”Ali təhsildən gözləntilər” in müzakirəsi, səslənən təklif və mülahizələrin reallaşması isə təkcə təhsil işçiləri üçün deyil, bütövlükdə ölkə üçün əhəmiyyətlidir. Çünki bu gün ali təhsil müəssisəsinə aşağı balla qəbul olunan, seçdiyi ixtisasın sirlərinə yiyələnə bilməyən məzun sabah cəmiyyətin başağrısına çevrilir və millətin elmindən, elmli
övladlarından gözləntilərimiz reallaşmamış qalır. Nəticədə xəstələrimiz müalicə üçün xaricə üz tutur, vacib layihələrin reallaşdırılması üçün peşəkar mütəxxəssislər xaricdən cəlb edilir, Nobel arzumuz ürəyimizdə qalır. Elə məhz buna görə də “Ali təhsildən gözləntilər” adlı seminarın həm təşkili, həm də irəli sürülən ideyaların vaxtında reallaşdırılması bu ölkənin tərəqqisi, inkişafı üçün vacibdir və davamlı keçirilməsi məqsədə müvafiqdir.

Esmira İsmayılova

LDU-nun mətbuat xidmətinin rəhbəri

Gununsesi.info