Alimin xətasının bədəli ağır olar - MÜRTƏZA BÜNYADLI YAZIR

  • By admin
  • 17 Yanvar 2018 17:12

Doğru deyiblər vay o günə ki, alim xəta edə. Çünki yüzlərlə cahilin cəmiyyət, dövlət üçün etdiyi səhvi aradan qaldırmaq olar. Lakin bir alimin etdiyi səhvin bədəli isə çox ağır olur. Ona görə də deyiblər ki, alimin xətası cəmiyyətin bəlasıdır. Bununla bağlı çox deyilib, çox yazılıb. Odur ki, bu barədə yazıb baş ağrıtmaq istəmirəm.

Vay o günə ki, xəta edən baltanın sapı özündən ola…

Azərbaycan cəmiyyəti də uzun zamandır ki, alimlərin etdiyi kobud səhvlərin acı bədəlini ödəməkədir. Bu acı reallıqdır. Tarix boyu milli kimliyimiz, dövlətçiliyimiz, dilimiz, mədəniyyətimiz haqqında sapı  başqasından yox, elə özümüzdən olan alimlər tərəfindən elə səhvlər edilib ki, indi də onun bədəlini ödəməkdəyik. Bu səhvlər keçmiş tariximizdə olduğu kimi bu gün də davam etməkdədir. Sanki gözə görünməz qüvvələr düşünülmüş, planlaşdırılmış qaydada məkrli planlarını həyata keçirmək üçün Azərbaycan cəmiyyətinin milli kimliyinə, dövlətçiliyinə, tarixi şəxsiyyətlərinə, ziyalılarına, dilinə, mədəniyyətinə “daş” atmaqla məşğuldurlar. Məqsəd isə aydındır. Xalq arasında bir çaşqınlıq yaratmaqla öz kökü, tarixi, dili, mədəniyyəti, dövlətçiliyi barədə yanlış fikir formalaşdırmaqdır ki, guya bu xalq heç nəyə qadir deyil.

Çox zaman da bu cür fikirlər Azərbaycan tarixçiləri, dilçiləri, ədəbiyyatçıları və digər tanınmış simaları tərəfindən həyata keçirilir. Hansı ki, bu kateqoriyaya malik insanlar cəmiyyətdə milli məfkurənin, milli kimliyin, milli mənliyin formalaşmasında müstəsna rola malikdirlər. Onlar tarixdə milli məfkurənin, milli-mənəvi dəyərlərin formalaşması, dövlətçiliyimiz, tariximiz və dilimizlə bağlı mövcud “qaranlıqlara” aydınlıq gətirmək əvəzinə vəziyyəti daha da mürəkkəbləşdirib, dalana dirəməklə məşğuldurlar. İstər son bir neçə ildə dövlətçilyimiz, tariximiz, milli kimliyimiz, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz, tarixi şəxsiyyətlərimiz barəsində cəmiyyətdəki qalmaqallar olsun, istərsə də elə son günlərdə böyük ajiotaja səbəb olan dilimizlə bağlı orfoqrafik lüğətə o “möhtəşəm” dəyişiklər olsun. Bütün bunlar ayının “min oyununun bir armud” məsələsində olduğu kimi Azərbaycan cəmiyyətini çaşqınlıq girdabına düçar etməklə, guya bu xalq heç nəyə qadir deyil fikrini aşılamaqdan ibarətdir.

Elə götürək son orfoqrafik lüğət dəyişikliyini… Bu dəyişikliklər hansı zərurətdən yarandı? Bu barədə açıqlama oldumu? İzahat verildimi? Bəlkə oldu, cəmiyyətin xəbəri yox?! İnsanı düşündürən çox sullar var, ancaq aydınlıq gətirən yox…

Son yüz ildə dil, əlifba məsələsi ilə bağlı bu millətin başına hansı olmazın oyunları açılmadı ki?… Bu müddət ərzində əlifba, dilçilik lüğətində  edilən saysız dəyişikliklər orfoqrafik lüğətimiz hansı deformasiyalara uğrayıb. Hələ bu dəyişikliklərdən tariximizə vurulan zərbəni demirəm. Və bu proses bu gün də davam etməkdədir. Əgər bilsək ki, bu, sonuncudur, buna necəsə dözmək olar və xətanı aradan qaldırmaq olar. Amma kimsə zəmanət verə bilməz ki, bir müddətdən sonra lüğətlə bağlı məsələ ortaya çıxamayacaq?! Yeni dəyişikliklərə məruz qalmayacaq. Axı sonucda bundan əziyyət çəkən xalq və dövlət olur. Belə olanda məni bir şey maraqlandırır. Görəsən, gürcülər, ruslar, farslar, ərəblər, elə olsun ermənilər sonuncu dəfə öz lüğətlərinə hansı dəyişikliyi nə zaman ediblər?!

Bu dəyişikliklər təkcə milli-mənəvi, psixoloji cəhətdən cəmiyyətdə travma yaratmır, eyni zamanda iqtisadi cəhətdən də zərbə vurur. Çünki bu dəyişikliklərin nəticəsi olaraq dərsliklərdə, elmi ədəbiyyatlarda da dəyişiklik edilməlidir. Dərsliklərin, elmi ədəbiyyatların yazılması, çapı üçün dövlət büdcəsindən milyonlarla vəsait ayrılmalıdır. Görən dövlətin bu milyonlarının göyə sovrulmasına nə ehtiyac var idi?!

Bu zaman nədənsə yaddıma Rüstəm Behrudinin “Salam, dağ açacı” şeri düşür:

O hansı millətdir, taleyi sirdir?
Yüz adla bölündü, yenə də birdir!
Məni hüzuruna bu dərd gətirdi,
Salam, Dar ağacı!
Əleyküm-salam.

Xəzəri, Baykalı, Aralı gördüm,
Gördüm can üstədir, yaralı gördüm.
Tanrını bəndədən aralı gördüm,
Salam, Dar ağacı!
Əleyküm salam.

Çarxı tərs fırlanır fələk qarının,
Turan kölgəsində budaqlarının.
Rəngi bayrağımda yarpaqlarının,
Salam, Dar ağacı!
Əleyküm salam.

Əvvəlin axırı, sonun əvvəli
Buymuş, bilməmişəm bunu mən dəli.
Qorxum yox! Nə olsun boyun göy dəlir?!
Salam, Dar ağacı!
Əleyküm-salam.

Danış, Əmir Teymur, bu son nəydi bə?
Boynumda ağ kəfən, dilimdə tövbə…
Dərsini tərs bilən, mənimdi tövbə!
Salam, Dar ağacı!
Əleyküm-salam!

Səni mən əkmişəm…Mənə sən qənim,
Səni suvarmağa halaldı qanım;
Yarpağın rəng alsın qanımdan mənim,
Salam, Dar ağacı!
Əleyküm-salam!

Ey darın ağacı! Kimdən kəməm, kəm?!
Ya səni yendirrəm, ya sənə yennəm.
Ya da budağında yarpağa dönnəm,
Salam, Dar ağacı!
Əleyküm-salam.

Qırğızam, özbəyəm, qazax, türkmənəm,
Başqırdam, kərkürəm, elə görk mənəm.
Sənin gözlədiyin qərib türk mənəm!
Salam, Dar ağacı!
Əleyküm-salam.

Qəbul et, növbəti qurbanın mənəm,
Mənim canım səndə, bil, canın mənəm.
Elə qürrələnmə, hər yanın mənəm,
Salam, Dar ağacı!
Əleyküm-salam.

Mürtəza Bünyadlı

Gununsesi.info