“Şərq Tərəfdaşlığı” ölkələrindəki korrupsiya, insan haqlarının pozulması Avropanın dəyərlər sisteminə ciddi zərbə vura bilər” - POLİTOLOQ

  • By admin
  • 05 İyul 2017 10:40

RIc8yht6UOjD4u7KO4

Almaniya Avropa Birliyinin şərq sərhədlərində yerləşən postsovet ölkələrində baş verən proseslərdən narahatdır.

Bunu Gununsesi.info-ya açıqlamasında politoloq Leyla Əliyeva  Almaniya Bundestaqının (parlamenti) Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramına daxil olan ölkələri Rusiyanın öz təsir dairəsinə salması, eyni zamanda Azərbaycanla gələcək əməkdaşlığın hansı formada qurulması ilə bağlı qəbul etdiyi qətnaməyə mövqeyini açıqlayarkən deyib.

Onun sözlərinə görə, bu gün Almaniyanı təkcə Rusiyanın Avropa Birliyinin şərq sərhədlərindəki ölkələrini öz təsir dairəsinə salması yox, eyni zamanda bu ölkələrdəki demokratik dəyərlərin, insan haqlarının vəziyyəti ciddi maraqlandırır və narahat edir. “Almaniya Şərq Tərəfdaşlığı proqramına daxil olan, xüsusən də iqtisadi sahədə partnyorluq etdiyi ölkələrdə demokratik institutların zəif olması son anda Avropanın dəyərlər sisteminə təsir etdiyi qənaətindədir. Avropa Şurasında baş verən qalmaqal bunun bariz  göstəricisidir. Almaniya hesab edir ki, əgər bu ölkələrdə demokratiya inkişaf etməyəcəksə, o zaman bu ölkələr Qərbin demokratiyasını dağıda bilər”- deyə, politoloq vurğulayıb.

Politoloq əlavə edib ki, Şərq Tərəfdaşlığı proqramına üzv ölkələrdəki korrupsiya, insan haqlarının kobud surətdə pozulması Avropanın dəyərlər sisteminə ciddi zərbə vura bilər. “Ona görə də Qərb, xüsusən də bu gün liberal demokratiya dünyasının önündə gedən Almaniya əməkdaşlıq etdikləri ölkələrdə ilk olaraq demokratik dəyərlər prinsipinin iqtisadi və ticari əlaqələrdən daha möhkəm formada oturuşmasında maraqlıdır və bunun zəruriliyini dərk edir. Yəni demokratiya inkişaf etmədən daha sıx inteqrasiya proseslərindən söz açmağa dəyməz. Yeni Strateji Əməkdaşlıq Sazişinin imzalanması istiqamətində gedəcək danışıqlarda Avropa Birliyinin nümayəndələrinə mesaj və dəstək verirlər ki, mütləq yeni sənəddə demokratik dəyərlər, inasan haqları və digər məsələlər öz əksini tapsın”- deyə, o, vurğulayıb.

L.Əliyeva əlavə edib ki, demokratiya olmayan yerdə, avtoritar cəmiyyətlərdə radikalizm və terrorizm məsələsi meydana gəlir və bu da onları narahat edir: “Bunu özlərinə təhlükə hesab edirlər”.

Politoloq eyni zamanda, kölgə iqtisadiyyatı, çirkli pulların yuyulması və bu pulların qeyri-leqal sahələrə yönəldilməsi kimi amillərin də əməkdaşlıq məsələlərində nəzərə alındığını vurğulayıb: “Ona görə də Almaniya sıx əməkdaşlıq edəcəyi ölkələrdə demokratik dəyərlərin və insan haqlarının qorunmasını ön planda qoyur”.

Mürtəza

Gununsesi.info