Amnistiya Aktının icrası tam başa çatıb - Penitensiar Xidmətdən AÇIQLAMA

  • By admin
  • 25 Oktyabr 2016 18:04

Pentensiar

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətində “28 May – Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli Qərarının icrası vaxtında, düzgün, mütəşəkkil təşkil olunmaqla, qanunvericiliyə uyğun, pozuntu hallarına yol verilmədən, məhkumların ailə üzvlərinin və qohumlarının iştirakı ilə 15 oktyabr 2016-cı il tarixdə müvəffəqiyyətlə başa çatdırılmışdır.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya verilən məlumata görə, Amnistiya Qərarı ümumilikdə 10868 nəfərə şamil edilmişdir.
Amnisitiya Qərarı azadlıqdan məhrumetmə yerlərində cəza çəkən 3545 məhkuma tətbiq edilmişdir. Onlardan 2842 məhkum cəza çəkməkdən azad olunmuş, 635 məhkumun cəzasının çəkilməmiş müddəti 6 ay azaldılmış və 68 məhkumun narkomaniyadan məcburi müalicəsi müvafiq məhkəmənin qərarı ilə ləğv edildikdən sonra onlar azad ediləcəklər. Azad olunan məhkumlardan 59 nəfəri qadın olmuşdur. Bu Qərar Azərbaycan Respublikasının vətəndaşları ilə yanaşı, 7 xarici ölkənin 55 əcnəbi vətəndaşına və 1 nəfər vətəndaşlığı olmayan məhkuma da şamil edilmişdir. Cəzadan azad edilmiş şəxslərə müvafiq arayışlar təqdim olunmuş, onlara yardım göstərilmiş, əvvəlki daimi yaşayış yerləri üzrə icra hakimiyyəti və polis orqanlarına rəsmi məlumatlar göndərilmişdir. Azad olunmuş xarici ölkə vətəndaşları və vətəndaşlığı olmayan bir nəfər şəxs Dövlət Miqrasiya xidmətinə təhvil verilmişlər.
Amnistiya Qərarı ilə azad olunmuş məhkumlar və onları qarşılamağa gəlmiş qohumları, Azərbaycan Respublikasının Prezidentinə və bu humanist aktın qəbul olunmasına göstərdiyi təşəbbüsə görə Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

Gununsesi.info