Ana südü – O hərdən zəhər də olurmuş - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 22 İyun 2017 18:00

leman

Hər gün səhər qızımı bağçaya yola salanda mənə möhkəm-möhkəm sarılır. Bəzən ağlaya-ağlaya, bəzən qəhər qarışıq səslə belə deyir: “Ana, mən sənsiz darıxacam”. Mən gülürəm, onu öpürəm və çox vaxt da zarafatla belə deyirəm: “Nilufər, sən məni elə bil ölümə yola salırsan. Ana işə gedir və axşam evimizə qayıdacaq. Sənin yanına”.

Axşam da mütləq aramızda belə bir dialoq olur.

– Ana, bu gün mən bağçada sənin üçün ağladım. Dedim ki, ay Allah baba, anam tez gəlib aparsın məni bağçadan.

– Niyə axı qızım.?! Bağçada sən ən gözəl şeyləri öyrənirsən, yazmağı-oxumağı bilirsən, dostlar qazanırsan.

– Nə olsun? Mən ən çox anamı istəyirəm. İstəyirəm anam həmişə yanımda olsun.

Məncə 5 yaşlı Luiza da dünyada ən çox öz anasını istəyirdi. İçdiyi südə zəhər qatan anasını. Luiza adı mənə həmişə Mayn Ridin qəhrəmanını xatırladıb. “Başsız atlı”dakı Luiza Poindeksteri. Moris Ceraldın sevgilisini.

luiza zeher

Bu hadisədən sonra Luiza adı artıq mənim üçün başqa məna kəsb etməyə başlayıb. Mən daha bu adı eşidəndə Amerikanı-Texas cəngəlliklərini, kassi kolxaunları yox, Azərbaycanı- Qusarın Hil kəndini, uçuq-sökük fermanı, 5 yaşlı körpənin südünə zəhər qatıb içirdən ana statuslu məxluqatı düşünəcəm. O körpə heç vaxt böyüməyəcək. Heç vaxt Mayn Ridin qəhrəmanı kimi gözəl, yaraşıqlı olmayacaq. Halbuki böyüyüb gözəl qız olmaq onun ən birinci arzusuydu, bilirəm. Bu, elə həm də bütün qız analarının arzusudur. Eləsə, bir ana öz qızını, öz ciyərparasını bundan niyə məhum eləsin ki?! Lal olmuş qadın bu haqda heç nə danışmayıb. Bircə onu etiraf edib ki, uşağın içdiyi südə həşəratlara verilən dərman qatıb. “Birdən beynimə düşdü, qəfil qərara gəldim ki, uşağı zəhərləyim” deyib.

Düşünmək belə qorxudur adamı. Bir uşaq bu cür cəzaya layiq görülmək üçün hansı günahın sahibi olmalıdır, İlahi? Bəlkə Allah elə atasının, anasının günahını bu körpədən alıb? Bəlkə üstündə qarğış varmış o bədbəxt qadının? Kİmsə haçansa “südün zəhər, ağu olsun” deyə qarğıyıb onu? Yoxsa bir ana bir körpəni niyə belə amansızlıqla öldürsün ki? Bəlkə o uşaq heç onun doğma balası deyil deyə düşünmək istəyirsən. Amma məlum olur ki, uşaq məhz elə anasının soyadını daşıyıb. Saypullayeva Luiza Bəxtiyar qızı. Hərçənd atası kimi müsahibə verən Bəxtiyarın soyadı Ömərovdur.

Azərbaycanda isə birmənalı olaraq övlad atanın soyadını daşıyır. Deməli, bu ailə konfliktli ailə təəssüratı bağışlayır və araşdımalar yəqin ki hər şeyi ortaya çıxardacaq. Amma nə olsun? Bu 5 yaşlı Luizanı geri qaytaracaqmı? Əlbəttə ki, yox. O indi göy üzündən ona zəhər içirdən bu dünyanı həsrətlə seyr edir. Peyin qoxusu verən həyət, uçuq-sökük daxma, 21-ci əsrdə elektriki əvəz edən hisli çıraq necə miskin görünür göy üzündən!. O da çox istəyərdi ki, gözəl evləri olsun. İşıqlı, çilçıraqlı. Çoxlu dostları, oyuncaqları, rəngli karandaşları olsun. Elə şeylər olsun ki, həyatına rəng qata bilsin. Amma Luiza bütün bunlardan məhrum idi. Gözünü açandan qaranlıq daxmada hər şeyi qara rəngdə görmüşdü. Bircə süddən başqa. Yalnız anasının ona içirtdiyi süd Ağ rəngdə idi. O da ən sonunda həyatını qapqara qaraltdı!

luiza zeher2

Aman Allah, Luiza süddən necə də nifrət edirdi. Bəzən dodaqlarını qısır, dişlərini kilidləyir, ağzını açmaq istəmir, süd əvəzinə şirə içmək istəyirdi. Bütün uşaqların sevdiyi müxtəlif şirələrdən. Qazlı-qazsız sulardan. Amma qara daxmada tapılan bircə ağ süd idi. Bir də qaragünlü anasılının qara-qara qayğıları, əsəbi jestləri, stressli həyatı..

Luiza indi necə də o qara daxmanı arzulayır. Sevmədiyi südü. Öz əliylə balasına zəhər içirdən anasını xatırlayır. Bapbalaca burnunun ucu göynəyir o qəddar anasından ötrü. Əminəm ki, belə deyir: “Nə olsun südümə zəhər qatdı. Mən yenə də ən çox anamı istəyirəm. İstəyirəm anam həmişə yanımda olsun”.

Bəs görəsən anası nə düşünür? O da darıxırmı qızı üçün? Cavabı o qədər bəllidir ki..

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info