Anamın adı qara siyahıda - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 14 İyun 2017 16:56

leman

Son zəngdən yazacaqdım, adlarına son verilənlərdən yazası oldum.

Terminologiya Komissiyası qadağan etdiyi 217 adı açıqlayıb. Nicat Gözəlov adlı hüquqşünas Femida .az-a bildirib ki, Terminologiya Komissiyasında hazırlanmış Azərbaycan dilində şəxs adları lüğətinə 217 ad daxil edilməyib. Həqiqətən də o adların içərisində məqbul sayılmayanlar kifayət qədərdir. Amma elə adlar da var ki, sahibləri asanlıqla o komissiyaya dava açar və mübarizəni də elə asanlıqla uda bilər.

999d-1_1379616840

Məsələn, adı Əmanət olanlar. Azərbaycanda N sayda Əmanətlər var ki, durub birbaşa gələr Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın üstünə ki, xeyir ola, sənin adın qalır, bizim adımız isə ləğv olunur? Sayalı konkret nə məna ifadə edir? Say feli Alı ismi ilə birləşib məzmunsuz bir ad əmələ gətirib. Sayalı xanım isə bir a saitinin əskik olduğu Saylı adını çıxardıb, Sayalını saxlayıb. Əmanət isə konkret mənası olan addır. Dünyadan köçən şəhid də son nəfəsində yanındakı silahdaşına “ Vətən sənə əmanət” deyir. Və yaxud, Boran adı. Mən uşaq olanda Zeynəb Xanlarova “Çoban Boran” mahnısıyla bütün planeti dolaşırdı. Böyüdüm Boran adında çox hörmətli tarixçi alimimizə rast gəldim. Boran Əzizə. Deməli, ad əsas deyil. Adı ucaldan İnsandır. Həmin məntiqlə ləğv edilən Yonca adının belə yaşamaq hüququ var. Necə deyərlər, heç kim ot olub yerdən çıxmayıb. Türklərin Yonca Evçimik, Yonca Lodi kimi məşhur müğənniləri var. Adı onları populyarlaşdırıb, onlar da adlarını. Danışanda bir millət, iki dövlət deyirik. O zaman niyə Yonca adına onlarda normal yanaşılır, bizdə yox? Mən hələ İstək, İşıqlı adlarını demirəm. Nəyi pisdir ki, bu adların? Qulağa yatır, ən gözəl mənaları ifadə edir. Ruzbeh, Yolçu,Tayfun,digər adlar da onun kimi.

Bu mövzuya ikinci dəfədir toxunuram. Çünki, anamın adı da ləğv olunan adların arasındadır. Ötən il bu məsələ təzə-təzə gündəmə gələndə bir yazı yazmışdım. Yaddaşınızı təzələmək üçün həmin yazını təkrar bu köşəyə salıram.

Mənim anamın adı Zalikədir. Terminologiya Komissiyasının ləğv etdiyi 217 ad siyahısında sonuncudan əvvəlinci ad. Uşaq vaxtı bir dəfə anamdan soruşmuşdum ki, adının mənası nədir? Anam mənasını deyə bilməsə də, hardan götürüldüyünü şəstlə söyləmişdi. Qurandan verilib bu ad mənə – demişdi. “Xalanın da ( xalamın da adı Malikədir), mənim də adımı atam Quran kitabından qoyub “söyləmişdi.. Həqiqətən də Müqəddəs Quranın bir neçə surəsində Zalikəyə də rast gəlinir, Malikəyə də. Malikənin mənası malik olandır, Zalikənin mənası bu deməkdir. Bu-yəni işarə əvəzliyi.

1

İndi Terminologiya Komissiyası rəhmətlik Malikə xalamın ruhunu incitməyib, amma anamın adını yararsız adlar siyahısına salmaqla məni incik salıb. Deməli, sabah mənim oğlum ata olanda öz qızına nənəsinin adını verə bilməyəcək?! Bu qalsın o yana,anam sağ ola-ola onun adınının yaşamaq hüququndan məhrum edilməsini həzm etmək çətin məsələdir axı…

İşin daha bir maraqlı tərəfi Terminologiya Komissiyasının bu adların məqsədəuyğun olmadığını hansı meyarla müəyyən etməsi ilə bağlıdır. Məsələn, hansı arqumentə görə Zalikə adı pis, tutaq ki, Sayalı, Naqif, İsrafil adı yaxşıdır? Səslənməsi qulağı deşmir. Sözün kökündə Zal var. Ta Rüstəmi Zaldan tutmuş müasir Zalovlara qədər nə çox adam tanıyırıq ki, mənim anamla ad qohumudur?! Mənasına gəlincə, yenə deyirəm, Zalikə “bu” deməkdir.

İndi o, bu çıxıb deyəndə ki, bu ad işə yaramır, qalırsan məəttəl. Düşünürəm ki, Terminologiya komissiyasında heç bu adın mənasını bilən də yoxdur. Eləcə, kor-koranə o siyahıya basıblar gedib. Əks halda siyahıda gərək bu adın kişi qarşılığı Zalik də olaydı.(Həmkarım Zalik Mürvətoğlu gərək məni bağışlasın) Mənsə bu ada rast gəlmədim. Qısası, sözümün canı bu ki, terminoloqlar malı m(z)ala qatıblar.

Bu siyahıda bir də Nuh adına təəssüfləndim. Başa düşürəm, çoxunuz bu ada Nuh əyyamından qalmış ad kimi baxırsız. Amma Ibrahimlər, İsalar, Musalar, Məhəmmədlər də bineyi-qədimdən qalıb və bu gün çoxluq övladlarına bu adları qoyur. Onda Nuhun günahı nədir? Sualım Nuh deyib, Peyğəmbər deməyənlərədir.

P.S. Gərək “Aman Tello” mahnısını da Azərbaycanın musiqi lüğətindən çıxartsınlar. Tello da terminoloqların güdazına gedib.

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info