Atamın xatirəsi - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 22 Sentyabr 2017 11:50

leman

Sentyabrı heç vaxt sevməmişəm. Uşaqlıqdan. 1979-cu il sentyabrın 13-də əmim dəhşətli qəzada öldü. Səkkiz uşağı yetim qaldı, doqquzuncu o öləndən bir iki ay sonra doğuldu. Adını Yadigar qoydular. Atasızlığın kədərli şəklini Yadigarın zil qara gözlərində gördüm. İllər sonra qardaşım qədər xətrini istədiyim yeznəm-bacımın əri 15 sentyabrda vəfat etdi. Tələbəliyimiz onun evində keçmişdi. Öz övladlarının tələbəliyini görmədi. 4 il əvvəl atam bir həftəlik can çəkişməsindən sonra düşdüyü komadan ayılmadı. Və sentyabrın 21-dən 22-nə keçən gecə onu itirdik.

Mənim ürəyimdə bu gün sözün əsl mənasında payızdır. Kədərli payız. Atamın cansız bədənini “Semaşko”dan götürüb Oğuza daşıyan o qara heybətli maşın var bu payız günündə. Atam ən gözəl maşınları sevərdi, dövrünün ən böyük, ən yaraşıqlı maşınlarına sahib olmuşdu. Bəlkə də onu doğulduğu kəndə götürən bu qara maşına da valeh olardı. Amma qara qalsın o qara maşını. Gecənin zülmətini yara-yara bizdən bir addım qabaqda şütüyürdü. Arxadakı maşının salonuna isə ara vermədən yağış yağırdı. İsti yağış. Əminəm ki, o an yanımda olsaydı, mənə dalaşardı. Ağlayan adamdan heç xoşu gəlməzdi, “bayquş” deyərdi ağlayan adama. Amma özünü neçə dəfə ağlayan, gözünün yaşını əlinin dalıyla silən görmüşdüm. Ürəyi yuxa kimiydi. İndi o yuxa ürəyin, o acı dilin üçün bilirsən necə darıxmışam? Telefonda uşaqların diliylə “dədəəəə” deyirdim, “caaannnn” deyirdin, o səsin, nəfəsin üçün nələrdən keçməzdim, bilirsən? Oğuza gəlirik deyəndə sevindiyindən özünə yer tapmaz, iki saat qabaqcadan kənddən durub rayona gələr və 4 saatlıq yolu biz gələnə qədər azı 4 dəfə də zəng edərdin. Bu sevgi dolu təlaşının dəyərini vermək üçün canımı da verərəm, bilirsən? Bilmirsən. Çünki mən də sənin kimi hisslərimi heç vaxt anlada bilməmişəm.

İndi sən yoxsan, anam sağdır, ona da sevgimi anlatmaqda çətinlik çəkirəm. Onu da doyunca öpə, qucaqlaya, əzizləyə bilmirəm. Yaxşı ki, əlim qəlım tutur və bəzən sizə deyə bilmədiklərimi yazımla çatdırıram. Anamın özünə, səninsə ruhuna. Yadıma bilirsən nə düşür? “Semaşko” xəstəxanasında ən son səninlə vidalaşmağımız. İki qardaşımla mən səni reanimasiya şöbəsində azca qımıldanan gördük. Ya da heç görmədik. Nəsə bizə elə gəldi ki, sən böyük qardaşımın səsinə gözünü açdın və biz sevindik. Atamız komadan ayılacaq dedik. Ayılmadın. Onda mən qardaşımdan xahiş etdim ki, kimsə gedib anamı Oğuzdan gətirsin. Gətirdik. Anam xəstəxanaya gəldi, səninlə dərdləşdi, üzündən, gözündən öpdü və…. Təxminən 4-5 saat sonra telefonuma zəng gəldi. Mən yorğunluqdan yerinə girən kimi yuxlayan anamı oyatmalı oldum. Təmkinlə, göz yaşımı udub!

4 ildir Sən yoxsan. Sonbeşiyin 4 yaş da böyüdü. Böyüyün 4 yaş da qocaldı. Amma heç birimiz sənin kimi Böyük ola bilmədik Atam! Bu gün Sənsiz qalan Ata yurduma gedə bilmədim. Bilirəm, o yuxa ürəyin bağışlayar məni.

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info