Atbulaq-Ələt mənzilində 12 km dəmir yolu əsaslı təmir olunur - FOTOLAR

  • By admin
  • 22 Avqust 2017 09:30

ady_220817_01

Azərbaycan dəmir yollarının əsaslı təmir prosesinin növbəti mərhələsi həyata keçirilir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya verilən məlumata görə, bu gün Atbulaq-Ələt mənzilində 12 km uzunluğunda yolun əsaslı təmirinə start verilib.

Qeyd edək ki, əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi İsmayıl Sadıqovun sözlərinə görə, təmir işləri bir həftə davam edəcək.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan dəmir yollarının yenidən qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiyanın “Moravia Steel” şirkətləri arasında “Azərbaycan dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb.

Yeni layihənin icrasına 2015-ci il oktyabrın sonlarında başlanılıb və bu günə kimi 336 km dəmir yolu əsaslı təmir olunub.