Avropa Şurası ilə gərginlik aradan qaldırılmalıdır - QÜDRƏT HƏSƏNQULİYEV DEYİR Kİ, AZƏRBAYCAN ÖZ TƏŞƏBBÜSÜ İLƏ TƏŞKİLATDAN ÇIXMAMALIDIR

  • By admin
  • 23 Oktyabr 2017 23:02
sedr qudret bey
Azərbaycanla Avropa Şurası Parlament Assambleyası (AŞ PA) arasında yaşanan gərginlik parlamentin son iclasında da geniş müzakirə mövzusu oldu. Bir sıra deputatların sərt mövqeyinə rəğmən, parlament sədri hələlik rəsmi Bakının qurumu tərk etmək niyyətində olmadığını bəyan etdi. Müzakirələrin yekununda səslənən fikirlərin ümumi məcmusunun hazırlanıb sənəd halında AŞ PA rəhbərliyinə göndərilməsinə də qərar verildi.
Gununsesi.info bildirir ki,  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Qüdrət Həsənquliyev “Yeni Müsavat”a müsahibəsində bu barədə danışıb.
– Qüdrət bəy, parlament sədrinin dediyi kimi, 68 ildir  dünyanın heç bir ölkəsinə qarşı tətbiq olunmayan maddə Azərbaycana tətbiq olunarsa, o halda rəsmi Bakının Avropa Şurası ilə bağlı yekun mövqeyi, qərarı necə olmalıdır? Avropanın aparıcı qurumlarından biri ilə yaranmış hazırkı böhrandan necə çıxmaq olar?
– Bundan əvvəl biz bir dəfə də Avropa Parlamenti ilə problemlər yaşamışıq. Elə həmin problemin nəticəsində Azərbaycan Avronestdə fəaliyyətini bir müddət dayandırdı. Sonradan Avropa Parlamentinin rəhbərliyi ilə müəyyən danışqlar oldu, dialoq yolu ilə gərginlik aradan qalxdı. Düşünürəm ki, eyni qaydada AŞ PA rəhbərliyi ilə danışıqlar aparmaq lazımdır və gərginliyin aradan qaldırılması istiqamətində qarşılıqlı addımlar atılmalıdır.
 
– Artıq iki qətnamə qəbul olunub…
– Qətnamələr qəbul olunub, Azərbaycan da ona öz etirazını bildirib. Ermənistanla bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri var ki, işğal olunmuş Azərbaycan torpaqları azad edilməlidir, Ermənistan da bundan narazı qalıb. Amma Ermənistan nə o qətnamələri yerinə yetirir, nə də BMT-dən çıxır. Həmçinin Avropa Parlamentinin, elə AŞ PA-nın müvafiq qətnamələri var Ermənistan əleyhinə. Sərsəng su anbarı ilə bağlı da sənəd qəbul olunub. Bundan əlavə, Avropa İnsan Haqları Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” adlı iş üzrə qərar qəbul edib. Orada Ermənistan birbaşa işğalçı dövlət kimi tanınır. Onda Ermənistan Avropa Məhkəməsinin yuristiksiyasından, yaxud Avropa Şurasından çıxmadı ki. Bu baxımdan Azərbaycanla bağlı qərar qəbul olunub, Azərbaycan həmin qətnamələri diqqətlə öyrənməlidir. Əgər ordakı hansısa tənqidlərin əsası varsa, onlar yerinə yetirilməlidir, əsası olmayan tələblər isə yerinə yetirilməməlidir. Azərbaycan tələbləri yerinə yetirməyəcəyi təqdirdə AŞ PA-dan çıxarılacaqsa da və Azərbaycan görəcəksə ki, onu Parlament Assambleyasından xaric edirlər, məncə, yenə də rəsmi Bakı qabağa düşüb yenə bu addımı atmamalıdır. Azərbaycan özü qabağa düşüb belə bir addımı atsa, bu, ona qarşı böyük bir kampaniyanın başladılmasına imkan verəcək. Bu da bizim ayrı-ayrı Avropa dövlətləri ilə fərdi qaydada işləməyimizi məhdudlaşdıracaq. İstənilən Avropa ölkəsi ilə əməkdaşlıq zamanı deyə bilərik ki, hansısa məhkəmə qərarını doğru saymırıq, amma biz yenə də Avropa qurumları ilə əməkdaşlıqda maraqlıyıq, ordan çıxmaq istəmirdik və bu istiqamətdə addımı biz atmamışıq, siz atmısınız. Biz bu addımı atacağımız təqdirdə sözsüz ki, bizim əleyhimizə erməni diasporunun daha aktiv iş aparmaq imkanları artacaq və bizim əleyhimizə fəaliyyət göstərən dairələrin imkanları genişlənəcək. Ona görə də Azərbaycan sona qədər mübarizə aparmalıdır. Azərbaycan xalqını və dövlətini iqtidar təmsil edir. Əgər doğrudan da Azərbaycan iqtidarı hesab edirsə ki, həqiqətən hansısa məsələ bu dövlətin nüfuzu, gələcəyi, ərazi bütövlüyü ilə bağlı həyat əhəmiyyətli məsələdir və bu istiqamətdə heç bir güzəştli addım atıla bilməz – lap bizi Avropa Şurasından xaric etsələr belə – o halda Azərbaycan o qərarı icra etməməlidir. Azərbaycanı qurumdan çıxartsa da, deməlidir ki, biz əməkdaşlıq istəyirdik, siz özünüz bizi kənarlaşdırdınız. Azərbaycan heç bir halda öz təşəbbüsü ilə AŞ PA-dan çıxmamalıdır.
“Bizim əleyhimizə təkcə erməni diasporu yox, həm də Rusiyaya bağlı gizli dairələr aktiv işləyir”
 
– Bu ərəfədə Vladimir Jirinovski də bildirib ki, Azərbaycan Rusiyanın tərkibinə daxil olmalıdır. Sanki Bakı ilə Avropa qurumları arasında gərginliyin yaranması Rusiya üçün göydəndüşmə olub. Jirinovski öz sözünü deyir, yoxsa Kremlin planlarının anonsunu edir?
– Mən sizə tam əminliklə deyirəm ki, Azərbaycanın Qərblə münasibətlərinin korlanması hal-hazırda Rusiyanın tam dövlət və milli maraqlarına cavab verir. Ona görə ki, Azərbaycanın Qərblə münasibətləri tam korlanacağı təqdirdə Rusiyanın Azərbaycana təzyiq imkanları artacaq və Azərbaycanın da Rusiyaya sığınmaqdan başqa yolu qalmayacaq. Yəni onlar bu cür düşünürlər. Ona görə də tam əminliklə deyirəm ki, bizim əleyhimizə təkcə erməni diasporu yox, həm də Rusiyaya bağlı gizli dairələr aktiv şəkildə işləyirlər. Bu, birmənalı şəkildə belədir. Məsələn, bizə qarşı bu cür sərt mövqedə dayanan Yaqlandın özü Rusiya ilə münasibətlərin düzəlməsi üçün aktiv kapmaniya aparır. Deyək ki, Azərbaycan bir qərarı icra etmir, Yaqland deyir bu ölkəni xaric etmək lazımdır. Rusiya qonşu dövlətin torpağının 20 faizini işğal edib, bir hissəsini özünə birləşdirib, digər hissəsində də separatizmi dəstəkləyərək Ukraynanın nəzarətindən çıxarıb, amma deyir ki, Rusiya AŞ PA-ya qayıtmalıdır. Hələ mən Gürcüstanı kənara qoyuram. Bunun özü də göstərir ki, Yaqlandın Azərbaycana qarşı münasibət sərgilməyində elə Rusiyanın gizli dairələrinin də rolu ola bilər.
– Özü də Azərbaycan Avropa ilə əməkdaşlığın davam etdirilməsi ilə bağlı prinsipial mövqeyini dövlət başçısı səviyyəsində bəyanlayıb. Belə ki, prezident Brüssel zirvəsində iştirak edəcəyini bildirəndən sonra Avropa Şurası ilə məlum gərginlik yarandı. Bu, təsadüfdür, yoxsa…
– Azərbaycan Dağlıq Qarabağ probleminin həlli üçün haqlı olaraq Rusiya ilə sıx əməkdaşlıq edir. Azərbaycan rəsmiləri də qəbul edirlər ki, bu problemin həlli daha çox Rusiyadan asılıdır. Bu da Qərbin müəyyən dairələrini qıcıqlandırır. Bilirsiniz ki, Ermənistan prezidenti danışıqlar üçün müəyyən şərtlər irəli sürmüşdü. Sonradan əsasən Rusiyanın təzyiqlərindən sonra o şərtlərdən imtina edərək danışıqlar masasının arxasında oturdu. Düzdür, orda görüşdən sonra başından böyük qələt elədi, yenə də bir açıqlama verdi… Çünki bilirdi ki, onun üstünə gələcəklər, deyəcəklər “axı, sən deyirdin şərtlər yerinə yetirilməsə, danışıqlar masası arxasında oturmayacaqsan”. Azərbaycan indiki vəziyyətdə Rusiya ilə çox açıq və səmimi dialoqa girməlidir ki, siz Dağlıq Qarabağ məsələsinin həlli üçün Sərksiyan istəməsə belə, onu Qarabağ məsələsində ədalətli mövqe sərgiləməsinə vadar edə bilərsiniz. Yəni necə ki, Sərkisyanı danışıqlar masasına gətirdiniz, istəməyə-istəməyə. Rusiyadan açıq şəkildə soruşulmalıdır ki, siz Azərbaycandan nə istəyirsiniz?
 
– Parlamentdə Qarabağ müzakirələrinin keçirilməsi, yaxud xalqa danışıqların hazırkı durumu barədə məlumat verilməsi barədə vaxtaşırı çağırışlar olur. Şəxsən siz Milli Məclisin üzvü olaraq danışıqların məzmunu barədə kifayət qədər məlumat ala bilirsinizmi?
– Mən də o fikirdəyəm ki, bu danışıqların nəticələri barədə Azərbaycan xalqına məlumat verilməlidir. İndiyə qədər nə mən, nə siz, heç birimiz bilmirik ki, problemin həlli üçün Azərbaycan Rusiyaya hansı güzəştlərə gedə bilər, yəni Rusiyanın Azərbaycanda maraqlarının nəzərə alınması məsələsində… Əgər Rusiya desə ki, bilirsiniz nə var, sizin nə təklif etməyinizdən asılı olmayaraq, biz Ermənistanın hərbi-siyasi müttəfiqiyik və Ermənistanı müdafiə edəcəyik, siz də torpaqları hərb yolu ilə azad edə bilməzsiniz. Əgər Rusiya bunu bizə desə, deməli, o zaman artıq torpaqlar işğal altında qalır, o halda Azərbaycan Ukrayna və Gürcüstan kimi açıq qərbyönümlü siyasət yürütməlidir. Mən demirəm ki, münasibətlərin bizim tərəfimizdən pozulması istiqamətində addımlar atılmalıdır, yox, biz yenə də münasibətlərin normal saxlanmasına çalışmalıyıq, yenə də əlaqələr davam eləməlidir, amma açıq qərbyönümlü siyasət yürütməliyik. Yəni biz də Avropa ilə qonşulu siyasətinə qoşulmaq haqqında müqavilə imzalamalıyıq, Azərbaycan artıq bitərəflilik siyasətindən imtina edib NATO-ya üzv olmaq haqqında düşünməlidir və s. Beləliklə, yeni bir mərhələ başladılmalıdır. Rusiya da nəzərə almalıdır ki, o halda 20 faiz Azərbaycan torpağını nəzarətində saxlayacaqsa, 80 faiz Azərbaycanı itirəcək. Yəni bugünkü vəziyyətdə iqtidarın yürütdüyü siyasət bundan artığına nail olmağa imkan vermir. Ona görə də artıq Azərbaycanın Qarabağ siyasətində ciddi qərarların verilməsi vaxtı gəlib çatıb.
– Amma gələn il seçkilər ilidir. Deməli, ciddi qərarların verilməsi o qədər də real görünmür. Belə olan halda nə etməli?
 
“Qarabağla bağlı ciddi qərarların verilməsi vaxtı gəlib çatıb”
– Söhbət ondan getmir ki, elə mən dedim və bu gündən bu siyasətə start verilməlidir. Hələ birinci Rusiya ilə bu danışıqlar başlamalıdır. Rusiya ilə danışıqlar başlayarsa, yəqin ki, proses azı bir il davam edəcək. Söhbət yaxın perspektivdən gedir. Bəs, bu bir il ərzində Azərbaycan nə edə bilər? İndi əsas ağırlıq – danışıqlarda da Azərbaycanın mövqeyini gücləndirmək üçün – Azərbaycan ordusunun üzərinə düşməlidir. Biz Dağlıq Qarabağda işğalçı ordunun daha çox əsgərini öldürməliyik. Hər gün atəşkəs pozulur və Azərbaycan çalışmalıdır ki, ordusunun istifadəsində olan dəqiq silahlarla daha çox erməni hərbçisi məhv edilsin. Ona görə ki, işğalçı hərbçilərdir. Bu, iki nəticə doğuracaq. Bilirsiniz ki, Ermənistandan kütləvi miqrasiya davam edir. Cəbhədəki itikilər bu miqrasiyanı bir az da gücləndirəcək və valideynlər ayağa qalxacaq ki, Sərksiyanın hakimiyyətdə qalması, milyardları talaması, əhalinin ac-yalavac yaşaması şəraitində nə üçün erməni gənclər başqa ölkənin ərazisində ölməlidir? Ordumuz erməniləri davamlı şəkildə məhv etsə, bu zaman həm daxildən Sərksiyana təzyiqlər artacaq, həm beynəlxalq təşkilatlar münaqişənin alovlanmasından həyəcanlanıb bu məsələyə daha çox diqqət yetirəcəklər. Ona görə də bu dəqiqə çalışmaq lazımdır ki, ermənilər hər atəşkəsi pozanda onlara ağır zərbə endirək. Hər gün olmasa da, hər həftə işğalçı ordunun əsgərləri məhv edilməlidir. Mən bilirəm ki, bununla bağlı Azərbaycana təzyiqlər var. Deyirlər atəş açmayıb, snayperləri geri çəkin, Azərbaycan buna əhəmiyyət verməməlidir. Yəni irimiqyaslı əməliyyatlara başlamasa da, ordu öz işini görməlidir, paralel olaraq danışıqlar getməlidir.
Gununsesi.az