“Avropa Şurasının yeni qətnaməsində Qarabağda separatçı rejimin mövcudluğu xüsusi qeyd edilib” - RAFAEL HÜSEYNOV

  • By admin
  • 08 Dekabr 2016 18:39

rafael-huseynov_ashpa

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası ərəfəsində ənənəvi olaraq təşkilatın Parisdəki qərargahında komitə iclasları keçirilir. Qış sessiyasında Parlament Assambleyasının gündəliyində olan bir sıra məruzələr və qətnamə layihələri komitə iclaslarında son dəfə müzakirə edilərək təsdiqlənir.

Gununsesi.info-nun məlumatına görə, AŞPA-nın mədəniyyət, elm, təhsil və media komitəsinin dekabrın 8-də keçirilən iclasında Avropada azad mətbuat və jurnalistlərə qarşı həmlələr, korrupsiyaya qarşı parlament nəzarəti, onlayn media və jurnalistika kimi mövzular ətrafında geniş fikir mübadilələri aparılıb, qış sessiyasının gündəliyindəki məsələlərə dair məruzələrdən üçü səsə qoyularaq qəbul edilib.

Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov bu müzakirələr və qəbul edilən qətnamələrlə əlaqədar ölkəmiz üçün xüsusi dəyər daşıyan bir məqama diqqət çəkərək deyib ki, mədəniyyət komitəsinin hazırkı sədri, ukraynalı deputat Volodimir Ariyevin hazırladığı “Avropada mətbuat azadlığı və jurnalistlər əleyhinə hücumlar” sərlövhəli məruzənin qətnaməsindəki 9-cu bənd Azərbaycan üçün çox önəmlidir.

Belə ki, Avropa Şurasında qətnamə səviyyəsində qəbul edilən hər bir ciddi sənəddə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin əks etdirilməsi, Dağlıq Qarabağda separatçı rejimin fəaliyyət göstərdiyinin vurğulanması vacibdir. Bu məruzə qətnaməsinin səsə qoyularaq yekdilliklə qəbul olunan 9-cu bəndində göstərilir ki, İnsan Haqları haqqında Avropa Konvensiyasının 10-cu maddəsinə uyğun olaraq Assambleya Azərbaycanın Dağlıq Qarabağ, Gürcüstanın Abxaziya, Cənubi Osetiya kimi ərazilərinin separatçı rejimlərin nəzarətində olduğu üçün bu ərazilərdə mətbuat azadlığının qorunması baxımından dərin narahatlığını ifadə edir. Həmin bənddə bu ərazilər, yəni, ilk növbədə konkret olaraq Dağlıq Qarabağ “qanunun işləmədiyi bölgə” kimi göstərilir.

Komitə iclasında “Avropa media muzeyi” adlı təqdimat olub. Parisdə yaradılacaq bu muzeyin gələcək direktoru, tanınmış telejurnalist Kristin Kelli layihə haqda məlumat verib. Muzey Avropa jurnalistlərinin ortaq evinə, aktual problemlər ətrafında seminar və görüşlərin mütəmadi olaraq təşkil edildiyi məkan kimi nəzərdə tutulur.

Müzakirələrə qatılan komitə üzvü Rafael Hüseynov bildirib ki, dünya jurnalistləri üçün 2 mühüm tarix var: 31 oktyabr Ümumdünya Multimedia, 21 noyabr Beynəlxalq Televiziya Günü. Yaradılan muzeydə məhz həmin günlərdə yalnız Avropa deyil, bütövlükdə dünya mətbuat işçilərinin forumlarının keçirilməsi məqsədəuyğun olar.

Bir neçə il əvvəl Parlament Assambleyasında Avropa jurnalistika təhsili ilə əlaqədar rəğbətlə qarşılanan məruzə hazırlamış deputat daha sonra qeyd edib:

“Zənnimcə, yeni yaradılacaq bu qurum həm muzey kimi işləməli və üzv ölkələrdə mətbuatın tarixini, inkişaf yollarını nümayiş etdirən ekspozisiyaya malik olmalı, həm də jurnalistlərin mütəmadi olaraq fikir bölüşmələrinə açıq qalan canlı bir platformaya çevrilməlidir. Avropa ölkələrinin hər biri, xüsusən Avropa Şurasına üzv ölkələr öz mətbuat tarixlərinin materialları əsasında bu muzeyin zənginləşməsinə töhfələrini verməlidir. Mən öz növbəmdə bu istiqamətdə təcrübə mübadilələri aparmağa, əhəmiyyətli kömək göstərməyə və Azərbaycandakı baş ədəbiyyat muzeyi ilə bu muzeyin əməkdaşlığını qurmağa hazıram. Rəhbərlik etdiyim həmin muzeydə Azərbaycanın XIX əsrin əvvəllərindən başlanan mətbuat və 1875-ci ildən bəri uğurla inkişaf edən qəzetçilik tarixi ilə bağlı çoxlu qiymətli sənədlər, ayrıca geniş ekspozisiya mövcuddur. Bu qəbil materialların yeni yaradılan Avropa Media Muzeyində nümayiş etdirilməsi faydalı olar”.

K. HƏMZƏOĞLU

Gununsesi.info