XƏBƏR LENTİ

24 Oktyabr 2017
23 Oktyabr 2017

23 Sentyabr 2017 - 12:38

Azərbaycanda qadın həbsxanasında məhbuslar gigiyenik vasitə çatışmazlığındanƏZİYYƏT ÇƏKİRLƏR

qadin-hebsxanasi-amnistiya

Azərbaycanda qadın həbsxanasında məhbuslar gigiyenik vasitə çatışmazlığından əziyyət çəkirlər – hesabatlarda göstərilir.

Gununsesi.info xəbər verir ki, “BBC Azərbaycanca”ya danışan keçmiş məhbus qadınlar deyirlər ki, həbsxanada menstrual bez tapmaq çətindir, bunu türmədə vermirlər.

Keçmiş məhbusların sözlərinə görə, evdən dəstək almayan qadın məhbuslar məcburdur ki, gigiyenik vasitələrə olan ehtiyaclarını ödəmək üçün ya kiməsə ağız açsınlar, ya da digər dustaq qadınların işlərini görsünlər.

Rəsmilər isə məhbus qadınların bütün gigiyenik ehtiyaclarının dövlət büdcəsi hesabına ödənildiyini bildirir.

“Olar, açıq danışım?..”

“Görmədim ki, bizə nəsə versinlər. Hər şey evdən gəlirdi. Yanına kimsə gəlməyən qadınlar da var idi. Onlar başqasından istəyirdi”.

Bunu “BBC Azərbaycanca”ya adının çəkilməsini istəməyən, həbsxananı 10 ildən çoxdur tərk etmiş keçmiş məhbus danışır.

“Orda evdən yanına gələni olmayanlar çox idi. Olar, açıq danışım? Bilirsiz necəydi, şahlıq, nökərçilik idi. Evindən yanına gəlməyən qadınlar digər məhbusların işlərini görüb əvəzində ya istədiyi şeyi, ya da pul alırdı. İndi bilmirəm, necədir, amma mən orda olan zaman belə şeyləri çox gördüm”.

Ancaq məhbuslar həbsxana rəhbərliyindən nəyisə tələb etməyi ağıllarına belə gətirməyiblər.

“Bizə elə gəlirdi ki, elə belə də olmalıdı”, adının çəkilməsini istəməyən keçmiş məhbus deyir.

_92252873_foodpack

“Başqasının paltarını oğurlamağa məcbur qalırdı”

Ancaq deyəsən, vəziyyət heç də dəyişməyib, bir ildən çoxdur ki, həbsdən çıxmış jurnalist Xədicə İsmayıl “BBC Azərbaycanca”ya deyir ki, xüsusilə ailəsi yanına gəlməyən qadınlar çox çətinlik çəkir: “Menstruasiya olanda ya digər məhbusa ağız açırdılar, ya da kiminsə paltarlarını oğurlayırdılar. Bu zaman da qadınlar arasında dava-dalaş düşürdü”.

Xədicə İsmayıl xatırlayır ki, heç bir imkanı olmayan məhbuslara bəzən digərləri kömək edirdi, amma həbsxana qaydaları məhbusların bir-birinə nə isə verməsini qadağan etdiyindən bunu gizli etməyə məcbur idilər.

“Əl və paltar yumaq üçün sabun verirdilər, şampun görmədim. Kürdəxanı təcridxanasında diş fırçası və məcunu vermişdilər, amma həbsxanada bunun şahidi olmadım. 6 aydan bir yataq dəsti dəyişilirdi. Kürdəxanı təcridxanasında qadınlara tükləri təmizləmək üçün ülgüc verilirdi, amma həbsxanada yox. Mən bir ülgücü bir neçə qadının işlətdiyini gördüm”.

Xədicə İsmayıl deyir ki, menstruasiya bezi verilməsini həbsxana rəhbərliyindən tələb etsə də, ona bunun normativ aktlarda nəzərdə tutulmadığı bildirilib.

“Uşağıma pampers də verirdilər”

Təxminən 15 il öncə həbsxana həyatı yaşamış, adının gizli qalmasını istəyən başqa bir məhbus qadın xatırlayır ki, o, gigiyenik vasitə çatışmazlığı ilə üzləşməyib, baxmayaraq ki, elə həbsxanada doğan ana kimi çox ehtiyacları yaranıb: “Körpəmə paltar, pampers, uşaq yeməyi verirdilər, mənə də nə lazım idi, təmin edirdilər”, o xatırlayır.

“Ailəm hər həftə ziyarətə gəlməsəydi…”

Beş il əvvəl Kürdəxanı təcridxanasında 6 ay qalmış ictimai fəal Nigar Həzi də öz müşahidələrini “BBC Azərbaycanca” ilə bölüşür: “Bircə dəfə diş fırçası və məcunu, bir də ucuz bir ülgüc verdilər. O da hansısa təşkilatdan gələcəkdilər deyə bunları, qəzet və şahmat vermişdilər”.

Nigar Həzi deyir ki, əgər ailəsi onu hər həftə ziyarət etməsəydi, həbsxanada qalmaq onun üçün “dəhşətli olardı”.

“Dustaq qadınlar arasında gərginlik səbəblərindən biri: menstrual bez çatışmazlığı”

Azərbaycan qadın həbsxanasında gigiyenik vasitələrin çatışmazlığı Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçilərinin sonuncu hesabatlarından birində də vurğulanır: “Əvvəlki səfərlərimizin birində bizə məlumat verdilər ki, qadın dustaqların gigiyenik məhsullarla bağlı problemləri var, menstrual vasitələrə əlçatımlılıq çətinlikləri ilə üzləşirlər, bu isə məhbuslar arasındakı gərginlik yaradan səbəblərdən biridir”, hesabatda deyilir.

Həmməruzəçilər vurğulayırlar ki, bütün qadın dustaqlar gigiyenik vasitələrlə maneəsiz təchiz olunmalıdırlar.

“Normativlərdə nəzərdə tutulan hər şey məhbusa verilir”

“Bütün məhkum qadınlarımız müvafiq gigiyena ləvazimatları ilə tam təmin olunurlar”, deyə Ədliyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov deyir.

O, şikayətləri əsassız sayır.

M.Sadıqov “BBC Azərbaycanca”ya açıqlamasında bildirir ki, bütün məhbusların ehtiyaclarının qarşılanması üçün dövlət büdcəsindən vəsait ayrılır və bu ehtiyaclar qarşılanır: “Normativlər var, orda nəzərdə tutulan bütün vəsaitlər məhbuslara verilir. Əgər qadın hər hansı gigiyenik vasitə sarıdan ehtiyac hiss edərsə, həbsxana rəhbərliyi bunu ona verir”.

Bu normaları Nazirlər Kabineti müəyyənləşdirir.

Həmin normalarla tanış olmaq üçün “BBC Azərbaycanca” Nazirlər Kabinetinin mətbuat xidmətinə müraciət edib, ancaq cavab ala bilməyib.

Gununsesi.info




loading...
Loading...