Azərbaycan Türkiyə qardaşlığını pozmağa yönələn məkrli plan - MÜRTƏZA BÜNYADLI YAZIR

  • By admin
  • 21 Oktyabr 2017 13:48

murteza bunyadli

Son dövrlərdə Azərbaycana basqıların artması fonunda Türkiyədən də bəzi qüvvələrin ölkəmizə qarşı təzyiqləri cəmiyyətdə ciddi narazılığa səbəb olub. Azərbaycan cəmiyyəti Qərbin və digər dövlətlərin ölkəmizə qarşı basqısının mahiyyətini anlasa da, Türkiyədə bəzi qüvvələrin və ya şəxslərin bu oyunlarda iştirakını heç cür həzm edə bilmir. Çünki “bir millət, iki dövlət” şüarı altında fəaliyyət göstərən bir ölkədən təzyiqlərə məruz qalan qardaş ölkəyə qarşı basqılara dəstək verməsi heç cür anlaşılmır.

Düzdür, bu basqılara dəstək rəsmilər tərəfindən deyil, Türkiyədə fəaliyyət göstərən ayrı-ayrı qruplar, şəxslər və ya media qurumları tərəfindən həyata keçirilir və bu da təəssüf hissi doğurur. Burada təəssüf doğuran digər məqam isə Türkiyə cəmiyyətində iki qardaş ölkə arasında münasibətə xələl gətirən qüvvələrə qarşı yetərincə və lazımi səviyyədə etirazın olmaması, proseslərə seyirci mövqe sərgiləməsidir. Bax, bu acı reallıq Azərbaycan cəmiyyəti tərəfindən elə də asanlıqla həzm edilmir. Bir zərb məsələdə deyildiyi kimi: “Dost uman yerdən küsər və ya inciyər”. Türkiyə cəmiyyətinin bir dostluq və qardaşlıq həmrəyliyi göstərib, istər Türkiyədən Azərbaycanın işğal olunmuş torpaqlarına səfər edən nümayəndə heyətinə, nə onun ardınca AŞPA-da türkiyəli parlamentarilərin, xüsusən də Türkiyədə böyük dövlət adamı və siyasətçi kimi qəbul edilən Dəniz Baykalın Azərbaycan əleyhinə olan sənədə dəstək verməsi, bunun ardınca “Sabah” qəzetində “Qarabağ” futbol komandasını aşağılayıcı bir formada həqarət etməsinə reaksiya verməməsi Azərbaycan insanını çox üzür və bundan təəssüf hissi keçirir. Ona görə üzür ki, Azərbaycan insanı Türkiyə üçün həssas məsələlərdə və ya problemlərdə tamamilə fərqli münasibət sərgiləyir. Azərbaycan insanı Türkiyə tərəfdən belə adekvat reaksiyanı görməyəndə isə üzülür. Bu dediklərimi sübuta yetirmək üçünsə saatlar və günlər vaxt ala bilər. Bir kəlmə ilə demək yetər ki, Azərbaycan insanı Türkiyənin sevincli anı, sevincini bölüşdü, kədərli anında kədərinə şərik olaraq, həssas dönəmində isə onun yanında yer alıb. Elə son iki ildə baş verənləri yada salmaq yetərlidir.

Son baş verən hadisələr bir daha göstərir ki, biz nə qədər “bir millət, iki dövlət” şüarı səsləndirsək də, ortada hələ də yetərincə sorunların olduğunu göstərir. İki ölkə və cəmiyyət arasında münasibətlərin daha üst səviyyəyə qalxması üçün təcili ciddi tədbirlər planı hazırlanıb həyata keçirilməlidir. Həm dövlət, həm də qeyri-dövlət, media səviyyəsində bu işlərə başlanılmalıdır. Çünki iki qardaş ölkə arasındakı münasibətləri pozmaq üçün düşmənlərimiz ciddi işbirliyindədir. Düşmənlərimiz iki ölkə arasında münasibətlərin daha üst səviyyəyə qalxmasının qarşısını alaraq, bu çatların daha da dərinləşməsinə çalışacaq. Çünki son illərdə  istər Türkiyə, istərsə də Azərbaycana qarşı çox məkrli planlar  hazırlanaraq həyata keçirilməkdədir. Bu mərkli planları bildiyimizdən çox ayıq və həssas olmalıyıq, iki ölkə arasındakı çatların dərinləşməsinə imkan verməməliyik. Bunun üçünsə bir daha təkrar edirəm ki, iki ölkənin həm dövlət, hökumətlər, parlamentlər, həm cəmiyyət, həm mediası, həm siyasi palitrasında, həm sivil toplumları arasında sıx işbirliyi qurulmalıdır. Ona görə ki, məkrli düşmənlərimiz güclüdür və bunu dəyərləndirmək lazımdır. Düşmənin bu məkrli planlarının qarşısını isə ancaq və ancaq birgə işbirliyi sayəsində almaq olar. Əks təqdirdə bizləri nə qədər uğursuz görünsə də “iki öküz” misalında olduğu kimi   ayırıb, öz məkrli niyyətlərinin reallaşmasına çalışacaqlar.

Mürtəza Bünyadlı

Gununsesi.info