Azərbaycan və İslam İnkişaf Bankı arasında Qrant Sazişi imzalanıb - FOTOLAR

  • By admin
  • 18 Yanvar 2017 14:55

sahin

Yanvarın 18-də İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankının (İİB) vitse-prezidenti Sayed Ağanın rəhbərlik etdiyi Siyasi Dialoq Missiyası ilə görüşüb.

Nazirlikdən Gununsesi.info-ya verilən məlumata görə, görüşdə Ş. Mustafayev Azərbaycanın İslam İnkişaf Bankı və İİB Qrupuna daxil olan digər institutlar ilə əməkdaşlığa önəm verdiyini, Bankın özəl sektorun inkişafı istiqamətində ölkəmizə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb.
İslam İnkişaf Bankının vitse-prezidenti Sayed Ağa ölkəmizə səfərindən, təmsil etdiyi qurumun Azərbaycanla əməkdaşlığından məmnunluğunu bildirib, Bankın Azərbaycanla əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb və qurumun bundan sonra da Azərbaycandakı layihələrdə fəal iştirak edəcəyini bildirib.
Sonda “Azərbaycan Respublikası Hökuməti ilə İslam İnkişaf Bankı arasında Azərbaycan Respublikasında İslam maliyyələşdirilməsi üzrə hüquqi bazanın işlənib hazırlanmasına dair texniki dəstək haqqında Qrant Saziş”i imzalanıb. Sənədə əsasən, Azərbaycanda bank sahəsində mövcud qanunvericiliyin təhlili, ölkəmizdə islam bankçılığının tətbiqi imkanlarının araşdırılması və müvafiq təkliflərin hazırlanması nəzərdə tutulur.
Qeyd edək ki, İİB tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 18 layihə çərçivəsində 1 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb. Kənd təsərrüfatı, enerji, nəqliyyat, sosial, su təchizatı və s. sahələri əhatə edən bu layihələrin 14-ü artıq başa çatıb, 4 layihənin icrası isə davam edir.

Anar

Gununsesi.info