Azərbaycanda “AmCham”ın yeni prezidenti və Direktorlar Şurasının üzvləri seçilib

  • By admin
  • 27 Fevral 2017 16:25

amcham_logo_140613

Bakıda keçirilən Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham”) illik iclası çərçivəsində Palatanın prezidenti və Direktorlar Şurasının yeni üzvləri seçilib.

 Gununsesi.info-nun xəbərinə görə, Azərbaycanda “AmCham”ın icraçı direktoru Natəvan Məmmədova Direktorlar Şurasına namizədləri təqdim edib və onları öz platformaları ilə çıxış etmək üçün dəvət edib.

Natəvan Məmmədova çıxışında il ərzində görülmüş işlərə görə hər kəsə minnətdarlığını bildirib və tutduğu vəzifəni tərk edən Vergi və Gömrük Komitəsinin sədri Bəxtiyar Aslanbəylinin, həmçinin Bank, Maliyyə və Sığorta Komitəsinin sədri Aytən Rüstəmovanın fəaliyyətini xüsusilə vurğulayıb.

Direktorlar Şurasının cari statusuna əsasən, 10 yerdən 6 vakant yer mövcud idi. “Baker McKenzie”nin idarəedici partnyoru Gündüz Kərimovun təlimatından sonra seçkilər baş tutub və nəticədə Direktorlar Şurasının altı yeni üzvü seçilib: KPMG Azərbaycan şirkətinin idarəedici partnyoru Vüqar Əliyev; BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli; “PAŞA Bank”ın İdarə Heyətinin sədri və icraçı direktoru Taleh Kazımov; “Landmark” biznes mərkəzinin biznes əməliyyatları üzrə direktoru Nərgiz Nəsrullayeva-Müdüroğlu; “Coca-Cola” şirkətinin Qafqaz regionu üzrə meneceri Əsəd Şirinov və “Ernst & Young Azərbaycan” şirkətinin idarəedici partnyoru İlqar Vəliyev.

İclas çərçivəsində prezident seçkilərinin nəticəsinə əsasən, “Deloitte Azərbaycan” şirkətinin idarəedici partnyoru Nuran Kərimov Azərbaycanda “AmCham”ın yeni prezidenti seçilib.

Qeyd edək ki, 1996-cı ildən Azərbaycanda fəaliyyət göstərən “AmCham” ölkədə xarici investisiyaların 80%-ni təmsil edən 260 üzv şirkətdən ibarətdir və hazırda dövlət və özəl sektor arasında körpü rolunu oynayaraq aidiyyatı dövlət qurumları ilə davamlı konstruktiv və nəticə-əsaslı dialoqlar aparır. Palata üzv şirkətlərin biznes maraqlarını təşviq edir və Azərbaycanın biznes iqliminin inkişafında xüsusi rol oynayır.

Gülnaz Qənbərli

Gununsesi.info