Azərbaycanda gözün buynuz qişasından əməliyyat olunan xəstələrin 70 faizi gənclərdir

  • By admin
  • 18 Yanvar 2017 14:05
goz
Bu gün Azərbaycanda gözün buynuz qişasının toxumaları ilə bağlı cərrahiyyə əməliyyatı üçün hazırda 2 987 xəstə növbə gözləyir və onların 70% gənclərdir.
Gununsesi.info xəbər  verir ki,  bunu, Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov deyib.
E.Qasımovun sözlərinə görə, bu xəstələrin  vaxtı gedir, əməliyyat olunmalıdırlar, çünki zamanında əməliyyat olunmazlarsa, görmə qabiliyyətlərini itirə bilərlər.
 Bunun səbəbini izah edən E. Qasımov deyib ki,  gözün buynuz qişasının toxumalarının Azərbaycana gətirilməsinə məhdudiyyət qoyulduğundan xəstələri əməliyyat edə bilmirlər: “Bu məhdudiyyətin aradan qaldırılması müsbət amil ola bilər. Əməliyyat gözləyən xəstələrin 70 faizi gənclərdir. Müəyyən qurumlar var ki, xəstələri toplayıb xarici ölkələrə əməliyyata aparırlar. Onlar ölkəyə gəldikdən sonra fəsadlar yaranır. Çünki həmin xəstələr ambulator müayinədən keçməlidirlər. Azərbaycanda bu əməliyyat pulsuz həyata keçirilir”.
Deputat Musa Quliyev isə  təklif edib ki, buynuz qişası toxumasını dünyasının dəyişən şəxslərdən götürmək olar, amma bunun üçün xüsusi klinikaların olması vacibdir: “Hələlik isə bu toxumanın Azərbaycana gətirilməsi ilə bağlı məhdudiyyət aradan qaldırılmalıdır. Bunun üçün Gömrük Məcəlləsinə dəyişiklik edilməlidir. Çünki həmin toxumalar gömrük keçid məntəqələrindəki rentgen aparatından keçirilə bilməz. Toxuma aparatdan keçirildikdən sonra fuknksiyasını itirir”.
 
Qeyd edək ki, Gözün buynuz qişasının toxumalarının ölkə gətirilməsi ilə bağlı qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını komitə sədri Əhliman Əmiraslanov təklifi dəstəkləyib.
Mürtəza
Gununsesi.info