“Azərbaycanda insanlar normadan 2 dəfədən az qida qəbul edir” - VAHİD MƏHƏRRƏMOV

  • By admin
  • 17 Noyabr 2017 12:24

Dövlət Statistika Komitəsinə istinadən ölkədə yoxulluq həddinin necə artması barədə məlumat vermişdik.  Orada istehlak mallarının 14 faiz bahalaşması insanlarının gəlirlərinin  85.3 faizini yalnız gündəlik xərclərə yönəltdiyi göstərilir.

Bu da indiyədək ən yüksək hədd hesab olunur. Qalan gəlirlərin vergi və kredit xərclərinə çıxanda vətəndaşın yığıma vəsaitinin qalmadığını görürük.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov qeyd edir ki, Azərbaycanda insanların alıcılıq qabiliyyəti kəskin şəkildə aşağı düşüb:

“Ölkədə ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının qiymətlərinin yüksək olması əhalinin istehlak xərclərini artırır və bu da az təminatlı ailələr üçün çox ciddi problemlər yaradır.
Ölkədə yaranmış bu vəziyyətdən, bahaçılıqdan ərzaq malları idxalını inhisara almış nazirlər, hökumət məmurları daha çox bəhrələnməyə çalışır. Ölkəyə idxal olunan ət, süd, kərə yağı, pendir, tərəvəz, kartof və sair ərzaq malları, kənd təsərrüfatı məhsulları istehlakçılara dəyərindən 40-50 faiz, bəzi məhsullar isə dəfələrlə baha qiymətə təklif olunduğu haqda mətbuatda geniş məlumatlar vermişik. Təəssüflər olsun ki, hökumət məmurları öz merkantil maraqlarına xidmət etməkdə davam edirlər. Onu da qeyd etməliyəm ki, orta əmək haqqı yüksək, dəfələrlə çox olan ölkələrdə ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının qiymətləri Azərbaycandakı qiymətlərdən xeyli aşağıdır. Misal üçün istehlakçılara Avropa və MDB ölkələrində ət, süd 2 dəfə, kartof 3 dəfə ucuz təklif olunur. Bəzi MDB ölkələrində də ərzaq malları, kənd təsərrüfatı məhsulları əhaliyə çox ucuz qiymətə təklif edilir”.

V.Məhərrəmovun sözlərinə görə, Qazaxıstanda çəkisi 600 qram olan çörək əhaliyə 15 qəpiyə təklif olunur:

“Gürcüstanda, Ermənistanda da ət, süd, kartof, çorək və bir sıra qida məhsulları bizdəkinə nisbətən xeyli ucuzdur. Gürcüstanda təzə mal əti istehlakçılara bizim pulla hesablayanda 8 manat 30 qəpiyə, sümüksüz mal əti isə 9 manat 60 qəpiyə, Ermənistanda isə mal əti müştərilərə 7 manat 50 qəpiyə təklif olunur”.

Mütəxəssis bildirir ki,  qiymətlərin həddən artıq yüksək olması səbəbindən Azərbaycan əhalisi keyfiyyətli və normaya uyğun ərzaqla qidalana bilmir:

“Beynəlxalq normaya görə, il ərzində adambaşına 84 kiloqram ət istehlak edilməlidir. Ölkə əhalisi bunun az bir hissəsini əldə edə bilir. Azərbaycanda adambaşına 33 kiloqram ət istehlak olunur, bu qədər ət və ət məhsulları isə normadan 2 dəfədən də çox aşağıdır. Onu da qeyd etməliyəm ki, normaya uyğun qida qəbul edə bilməyən insanlar fiziki və əqli inkişafdan geri qalır. Bu da ümumilikdə cəmiyyət üçün ciddi problemlər yaradır”.

Vüsalə

Gununsesi.info