Azərbaycanın təcrübəsi digər ölkələr üçün nümunədir - OMBUDSMAN APARATI

  • By admin
  • 18 Yanvar 2017 18:30

ombusman 

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında ölkəmizdə səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) ekspertləri Aydoğan Asar və Murat Öğdü ilə görüş keçirilib.

Ombudsmanın mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, görüşün məqsədi hazırda BMT tərəfindən ölkəmizdə icra olunan “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi üzrə potensialların gücləndirilməsi” (2014-2017) layihəsi çərçivəsində qanunsuz miqrantların saxlama mərkəzlərinin əməkdaşları üçün hazırlanacaq tədris vəsaiti və təlim kurikulumunun müzakirəsi, bununla bağlı yeni strategiyalarının müəyyən edilməsi sahəsində təcrübənin tətbiqinə dair fikir və məlumat mübadiləsi aparmaq olub.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı qonaqları salamlayaraq qeyd edib ki, ölkəmizdə uğurla həyata keçirilən islahatlar nəticəsində davamlı miqrant axınının tənzimlənməsi ilə bağlı bir sıra işlər görülmüş, miqrantların hüquq və azadlıqlarının müdafiəsi üzrə qanunvericiliyə əlavə və dəyişikliklər edilib, institusional sahədə bir sıra tədbirlər həyata keçirilibdir.

O, həmçinin, Ermənistanın təcavüzü nəticəsində Azərbaycan torpaqlarının iyirmi faizinin işğal olunduğunu, bir milyondan artıq azərbaycanlının insan hüquqlarının kütləvi surətdə pozulduğunu, öz yurdunda qaçqına və məcburi köçkünə çevrildiyini, bu ağır vəziyyətin uzun illərdir ki, davam etdiyini bildiribdir.

Habelə, Azərbaycanın qaçqın, məcburi köçkün, o cümlədən də miqrantların hüquqlarının təmini sahəsində təcrübəsinin digər ölkələr üçün nümunə ola biləcəyi xüsusi vurğulanıbdır.

A.Səfixanlı müvafiq sahədə Ombudsman təsisatının gördüyü işlər barədə qonaqlara məlumat verərək, heç bir ayrı-seçkiliyə yol verilmədən bu əhali qrupundan olan şəxslərə fərdi yanaşmanın Müvəkkilin insan hüquqları sahəsində fəaliyyətinin prioritet istiqamətlərindən birinin olduğunu bildiribdir.

Qeyd edilib ki, Müvəkkil və Aparatın əməkdaşları mütəmadi olaraq Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlama Mərkəzlərinə baş çəkərək, orada saxlanılan şəxslərin vəziyyəti, qidalanması, tibbi yardım alması, onlara qarşı rəftar və problemləri öyrənir, həmin şəxslərə Ombudsmanın səlahiyyətləri çərçivəsində kömək göstərilir. Səlahiyyətli dövlət orqanlarına təkliflər verildiyi və müsbət nəticələr əldə olunduğu vurğulanıbdır.

Həmçinin bildirilib ki, Ombudsman Aparatının əməkdaşları tərəfindən miqrasiya orqanlarında qulluq keçənlərin nəzəri bilik və bacarıqlarının artırılması məqsədilə Dövlət Miqrasiya Xidmətinin Təlim-tədriz mərkəzində mütəmadi olaraq seminarlar keçirilir.

Müvəkkilin illik məruzələrində və aidiyyəti dövlət qurumlarına ünvanladığı müraciətlərdə əhalinin müdafiəyə daha çox ehtiyacı olan qruplarının, o cümlədən miqrantların hüquqlarının daha səmərəli təmini, bu sahədə normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində Ombudsmanın Konstitusiya Qanunu ilə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində irəli sürülmüş təkliflərinin nəzərə alındığı bildirilib.

A.Səfixanlı Ombudsmanın müvafiq sahədə təcrübəsini nəzərə alaraq vəsaitin hazırlanması istiqamətində bir sıra təkliflərini vermiş və bu prosesdə təsisatın lazımi köməklik göstərə biləcəyini vurğulayıbdır. Həmçinin, həmin vəsaitə Ombudsmanın sözügedən sahə üzrə fəaliyyəti ilə bağlı xüsusi bölmənin daxil edilməsi məqsədəmüvafiq hesab edilibdir.

Qonaqlar faydalı fikir mübadiləsinə və tövsiyələrə görə minnətdarlığını bildirərək, Ombudsman təsisatı ilə qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu söyləyib.

Gülnaz Qənbərli

Gununsesi.info