“Azərbaycanın xaricdəki bəzi səfirləri sürücülük edir” - AZAY QULİYEV

  • By admin
  • 22 Noyabr 2017 14:20

“Bu gün Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirliklərinin maliyyə durumu çox acınacaqlı vəziyyətdədir. Onlara elə vəsait ayrılır ki, bu maliyyə vəsaiti ilə səfirliklərimizin Azərbaycanın milli bayramlarını və yaxud ciddi tədbirlərini keçirmək üçün maliyyə imkanları olmur. Odur ki, Azərbaycanı xaricdə təmsil edən bu qurumlara bu münasibət dəyişməlidir”.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Azay Quliyev parlamentdə 2018-ci ilin büdcəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, səfirliklərə ayrılan vəsaitə yenidən baxıb, vəsaiti artırmaq lazımdır: “Çünki bu gün biz səfirliklərdəki hətta sürücülük ştatını belə ixtisar etmişik. Nəticədə bəzi səfirlər özləri sürücülük etməli olurlar. Odur ki, Azərbaycanı xaricdə təmsil edən şəxslərə qarşı bu münasibət dəyişməlidir. Onların büdcəsinə yenidən baxılmalıdır. Heç olmasa hər bir səfirliyə bir sürücü ştatı təyin edilməlidir”.

Diplomatların pensiya məsələsinə toxunan A.Quliyev deyib ki, onların pensiyalarının hesablanmasında ciddi problemlər var: “Diplomatlara xaricdə işlədiyi dövrdə aldığı maaşa görə deyil, Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə aldığı maaşın 50 faizi civarında pensiya verilir. Hesab edirəm ki, bu ədalətli yanaşma deyil və bu məsələyə yenidən  baxılmalıdır”.

QHT-lərə büdcədən ayrılan vəsaitin azlığından şikayət edən millət vəkili deyib ki, bu vəsait çox azdır: “Bu gün Azərbaycanda üç mindən artıq QHT qeydiyyatdan keçib və bu vəsaitlə ancaq hər QHT-yə 1000-1300 manat qrant ayırmaq olar. QHT-lərin bir çox layihələrinin xarici ölkələrdə keçirilməsini nəzərə alsaq, bu vəsaitin nə qədər az olduğunu göz önünə almış olarıq. O baxımdan ayrılan 5 milyon manat yetmir və bu vəsaiti artırmaq lazımdır”.

O əlavə edib ki, 2018-ci ildə ölkədə prezident seçkiləri keçiriləcək və QHT-lər bu seçkilərdə maarifləndirmə, monitorinq həyata keçirəcək, ona görə də bura əlavə vəsait lazımdır: “Odur ki, seçki ilini nəzərə alıb QHT-lərə Dəstək Şurasına ayrılan vəsaitin həcmi artırılmalıdır. Əks təqdirdə QHT-lərə vəsait artırılmadıqda onlar məcburiyyət qarşısında xarici donorlara üz tutmalı olacaq və bunun da hansı fəsadlara yol açdığını hamımız bilirik”.

Mürtəza

Gununsesi.info