“Azərişıq” və “Azəriqaz”ın tikinti şirkətləri ilə gizli işbirliyi - VƏTƏNDAŞIN HÜQUQU NECƏ POZULUR?

  • By admin
  • 28 Avqust 2017 17:05

azeriqaz azerisiq

Azərbaycan hökuməti uzun müddət vətəndaşının əziyyət çəkdiyi kommunal sahədəki problemləri həll etmək üçün bir sıra mütərəqqi addımlar atsa da, bu sahədə problemlər hələ də qalmaqdadır. Xüsusən də istehlakçılara qaz, elektrik enerjisi və suyun verilişində problemlər mövcuddur.

Bu hallar paytaxt Bakı və Abşeron yarımadasındakı yaşayış məntəqələrində mütəmadi baş verir. Demək olar ki, paytaxt Bakı və Abşeron yarımadasındakı yaşayış məntəqələrində günlərlə qaz verilişinin dayandırılması, elektirk enerjisinin verilişinin kəsilməsi vətəndaş üçün qeyri-adi hal hesab edilmir. Baxmayaraq, hökumət istehlakçıların problemini həll etmək üçün istehlakçıların mütləq əksəriyyətinin mənzilinə smart sayğaclar quraşdırıb və borc olan kimi qaz, su və elektrik enerjisi avtomatik olaraq kəsilir. Bu da ona görə edildi ki, bir nəfərə görə kollektiv cəza tətbiq edilməsin. Əgər bu sistem tətbiq edilməzdən öncə bir yaşayış binasında, məhəlləsində qaz, su və ya elektrik enerjisinin yığımında borc problemi yaranırdısa, hamının qazı, işığı və suyu kəsilirdi. Ancaq yeni sistemin tətbiqindən sonra yenə də “Azəriqaz” ASC və “Azərişıq” ASC köhnə ənənəyə sadiq qalaraq  istehlakçılarn hüquqlarını kobud surətdə pozur.

Bu hallar son illərdə  daha çox Bakı və ətraf yaşayış məntəqələrindəki yeni tikililərdə (“novostroyka”) qeydə alınır. Belə ki, bu binada yaşayan şəxslərin bir neçəsinin borcuna görə bütün binaya elektrik enerjisi, qaz və suyun verilişi dayandırılır. Həmin binanı tikən şirkətlərə və ya MTK-lara müraciət edəndə məsuliyyəti öz üzərlərindən götürmək üçün müxtəlif bəhanələr gətirirlər. Onlara izah edəndə ki, qanunvericiliyə görə, borcu olmayan vətəndaşın qaz, işıq və su borcu olan şəxsə görə əziyyət çəkməsi düz deyil və buna görə cinayət məsuliyyəti var. O zaman başlanılır qarşılıqlı ittiham və məsuliyyəti üstündən atma oyunu. MTK “Azərişıq”, “Azərsu” və “Azəriqaz”ı ittiham edir, onlar da əksinə. Belə hallar demək olar ki, hamıya tanış olan səhnədir.

Araşdırma zamanı MTK-larla “Azəriqaz” və “Azərişıq” arasında gizli anlaşmanın olduğu ortaya çıxdı. Qanunvercilik və digər qaydalara əsasən borcu olan istehlakçını cəzalandırmağın xeyli variantı olmasına baxmayaraq, qarşılıqlı maraqlar əsasında adıçəkilən qurumlar və tikinti şirkətləri istelakçının hüquqlarını kobud surətdə pozmaqla borcu olmayan vətəndaşın da qaz, elektrik enerjisi və suyunu kəsməklə borclu vətəndaşı borcunu ödətdirmək taktikasını seçiblər. Bu da vətəndaşları üz-üzə qoymaq taktikasıdır. Hansı ki, qanunvericiliklə bu da qadağandır və buna görə məsuliyyət nəzərdə tutulur.

Baxmayaraq ki, son illərdə qaz, elektrik enerjisi və suya görə yaranan borclara görə qanunvericilikdə ciddi dəyişiklik edilib və ağırlaşdırıcı cəza növləri seçilib, ancaq “Azəriqaz” və “Azərişıq” MTK-larla gizli qarşılıqlı anlaşması nəticəsində daha asan varianta – hamının qaz, elektrik enerjisi verilişini dayandırmaqla istəyinə nail olmaq istəyir.

Fakt olaraq onu deyim ki, ofisimizin yerləşdiyi Şərifzadə küçəsi 158 ünvanındakı “İnşaatçılar” MTK-nın binasında belə hallara tez-tez rast  gəlirik. Binanın kommunal ödənişlərində xırdaca problem yaranan kimi başlayırlar vətəndaşların hamılıqla qazını, işığını və suyunu kəsməyə. Deyən kimi də başlanılır qarşılıqlı ittihamlar. Elə avqustun 28-də növbəti belə bir hal yaşandı. Ciddi narazılıqdan sonra vətəndaşların elektrik enerjisinin verilişi bərpa olunsa da, lift və su verilişinin bərpası mümkün olmadı. “Azərişıq” bildirdi ki, “İnşaatçılar” MTK-nın borcu var. “İnşaatçı” MTK borcunun olduğunu etiraf edərək bildirdi ki, bir neçə nəfər borcu verməyib ona görə kəsiblər. Biz heç nə edə bilmərik. Onlara kiməsə görə digər vətəndaşın hüquqlarının pozulmasının qanunvericiliklə yol verilməz hal olduğu izah edilsə də nəticəsi olmadı. Sadəcə o bildirildi ki, nə zaman ödəniləcək, o zaman da 16 mərtəbəli binanın lifti və suyu veriləcək. Bax, belə hallarla hər gün paytaxt sakini üzləşir.

sahibmemmed

Yaranmış problemi Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovla müzakirə etdik.

Gununsesi.info-ya açıqlama verən Sahib Məmmədov bildirib ki, su, qaz və elektrik enerjisinin verilişində monopoliya olduğundan belə hallar yaranır. “Yəni vətəndaşın digər seçimi olmadığından məcburi qaydada belə qanunsuzluqlara dözməli olur. Monopol şirkətlərin istehlakçının hüquqlarının pozulmasının qarşısını almaq və onların hüquqlarını müdafiə etmək üçün onların fəaliyyəti qanunla tənzimlənir. Onların üzərinə müəyyən məsuliyyət qoyur. Bundan biri də budur ki, istehlakçı ilə müqavilə bağlamalı və müqavilənin şərtlərinə əməl edilməlidir. Bu şərtlər pozulanda da cavabdeh olmalıdır. Azərbaycanda da qazın, elektrik enerjisinin və suyun istehlakçıya verilməsində istehsalçı “Azərişıq”, “Azəriqaz” və “Azərsu”dur və bunlar da demək olar ki, hər  gün istehlakçının hüquqlarını pozurlar. Buna görə də hər hansı məsuliyyət daşımırlar. Nəticədə bir nəfərə görə hamı cəzalandırılır”- deyə, S.Məmmədov vurğulayıb.

Hüquq müdafiəçisi onu da bildirib ki, digər tərəfdən MTK-larla  müqavilə imzalanır və müqaviləyə əsasən binada baş verəcək hadisələrə görə məsuliyyət onların üzərinə qoyulur.

S.Məmmədov hesab edir ki, bunun qarşısının alınmasının bir yolu var  və bu da kütləvi surətdə məhkəmələrə müraciət edib, hüquqi müstəvidə ciddi mübarizə aparmaqdır. “Əgər kütləvi surətdə məhkəmələrə müraciət olunarsa, bu sahədə müəyyən irəliləyişə nail olmaq olar. Azərbaycanda hüquqi müstəvidə mübarizə mədəniyyəti zəif olduğundan monopolistlər də bundan yaralanaraq öz qanunsuz fəaliyyətlərini davam etdirirlər”- deyə, o bildirib.

eyyub

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə Gununsesi.info-ya açıqlamasında deyib ki, adıçəkilən qurumlar fəaliyyətləri ilə ölkə başçısının vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi siyasətə xələl gətirməklə məşğuldurlar. O deyib ki, ölkə başçısının tapşırığına əsasən vətəndaş pulsuz sayğac, qaz, işıq və su ilə təmin edilməlidir: “Ancaq tikinti şirkətləri firmalarla müqavilə imzalayır və nəticədə sayğaclar baha qiymətə istehlakçının mənzilinə quraşdırılır. Eyni qaydada qazın, elektrik enerjisinin verilişində istehlakçı ilə fərdi müqavilə imzalanır və qarşılıqlı öhdəliklər götürülür. Ancaq aidiyyatı qurumlar bu öhdəliklərə əməl etmirlər və istehlakçının hüquqlarını kobud surətdə pozurlar. Bu isə yolverilməz haldır. Bir daha deyirəm ki, bu fəaliyyət ölkə başçısının vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirdiyi siyasətə kölgə salmaqdır”.

Mürtəza Bünyadlı

Gununsesi.info