Bəziləri böyrək çatışmazlığı ola-ola hamilə qalır, sonra isə…

  • By admin
  • 25 Aprel 2017 23:09

1448597859_hamile_xanim_00

 

“Xəstənin ölümünün iynədən və ya başqa təsirdən baş verməsi ancaq ekspertizadan sonra məlum olacaq”.

Bunu Sherg.az-a paytaxtda Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşlarının döyülməsinə münasibət bildirərkən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

O bildirib ki, ekspertiza nəticələri olmadan heç kim həkimin günahı olduğunu iddia edə bilməz:

“Əgər hər hansı hadisədə xəstənin yaxınlarının fikri nəzərə alınacaqsa, ekspertiza nəyə lazımdır? Dünyanın hər bir yerində belə mübahisəli məsələlər məhkəmə tibbi-ekspertiza yolu ilə həll olunur. Əgər ekspertiza müəyyən edirsə ki həkimin günahı var, bu zaman ölçü götürülür.
Digər tərəfdən təcili tibbi yardım maşınının gec gəlməsi faktları bu gün çox müşahidə olunur. Bunun günahını tək təcili yardımda axtarmaq lazım deyil. Yollar ayırsınlar. Bəzən tıxaclar olur. Dünyanın hər yerində yanğınsöndürənlər, təcili yardımlar üçün ayrıca yollar ayrılır. Bizdə sürücülük mədəniyyəti yoxdur, yollarda ayrıca xətt nəzərdə tutulmayıb. Bu qədər infrastruktur yaradıldı, ancaq faktiki olaraq funksional əhəmiyyətini görmədik. Əslində baş verən problemləri həkimin boynuna yükləmək cəmiyyətdə olan qərəzli münasibətlər irəli gəlir. Mən bunu qətiyyən təqdir etmirəm. Biz dünyadan nümunələr götürməliyik. Azərbaycansayağı yaşamaq olmaz. Əgər dünya mədəniyyətindən, inkişaf etmiş ölkələrdən nümunə götürürüksə onları ilk növbədə mənimsəməliyik”.

Tibb bacısının həkimin təyinatını yerinə yetirdiyini söyləyən A.Qeybullanın sözlərinə görə, burada tibb bacısının günahı yoxdur:

“Hətta o iynə vurub, xəstə ölsə belə, tibb bacısını günahlandırmaq düzgün deyil. Əgər texniki səhv baş veribsə də, bu, real olan şey deyil. Həkimin səhvinin olub-olmadığını tibbi ekspertiza müəyyən edir.

Məsələn, bu gün Azərbaycanda doğuşdan ölən xəstələrin əksəriyyəti doğuşa qədərki problemlərdən qaynaqlanır. Müşahidələr göstərir ki, hamiləliyin 95 faizdən çoxu pataloji keçir. Bəziləri böyrək çatışmazlığı, digər problemlər ola-ola hamilə qalırlar. Sonra isə həkim axtarırlar ağır vəziyyətdə. Artıq bu situasiyanın özü risklidir.

Xaricdə bədbəxt hadisə baş verirsə, bu cür məsələləri ekspertiza həll edir. Tibbi-ekspertiza qərar verir ki. burada həkim səhvi var, yoxsa yoxdur və ya səhv obyektiv situasiyadan qaynaqlanır. Ona görə də düşünürəm ki, bu cür münasibətlər sistemi düzgün deyil. Təbii, icbari tibbi sığorta olmadığından, bu cür maddi xərclərin vətəndaşın çiyninə yüklənməyindən vətəndaşın özündə səhiyyə sahəsinə qarşı aqressiv münasibətin formalaşması yaşanır. Bu münasibətlər fonunda hamı hüquq tələb edir. Hüquq ilk növbədə əməyin düzgün dəyərləndirilməsindən keçir. Əgər həkimin əməyinə lazımı qiymət verilmirsə, o ciddi sosial ehtiyaclar içərisində yaşayırsa, belə hallar da olur”.

Professor əlavə edib ki, tibb sahəsindəki problemlərin administrativ həll yolu ilə mümkün deyil:

“Cəzalandırma kimi tədbirlər Sovet dövründə də olub, indi də var. Təcrübə isə göstərir ki, bunların heç bir faydası olmur. Problemin həllinə xidmət, səhiyyə islahatlarının başa çatdırılması, ümumiyyətlə, bu münasibətlər sisteminin sivil həddə çatdırılmasından, əməyin dəyərləndirilməsinə adekvat yanaşmadan gedir. Biz buna nail olmasaq, məsələni həll edə bilməyəcəyik”.

Qeyd edək ki, xəstənin qohumları tibb bacısının xəstəyə vurduğu iynədən sonra xəstənin öldüyünü iddia edərək həm tibb bacısını, həm də sürücünü döyüblər. Nəticədə 1958-ci il təvəllüdlü sürücü Hacıyev Rizvan Rüfət oğlunu və 1972-ci il təvəllüdlü tibb bacısı Həsənova Ləman Elman qızı hadisə yerinə çağırılan digər təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

 

Gununsesi.info