Bakı ilə Varşava arasında əməkdaşlıq sazişi imzalandı

  • By admin
  • 16 Yanvar 2017 22:39

aze-polsha

 

Azərbaycan Tələbələr Birliyi (ATB) ilə Polşa Respublikası Tələbə Parlamenti arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

ATB-dən Gununsesi.info-ya bildiriblər ki, Polşanın Lublin şəhərində keçirilən tədbirdə sazişi Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov və Polşa Respublikası Tələbə Parlamentinin prezidenti Tomasz Tokarski imzalayıblar.

Sənəd hər iki təşkilat arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Sazişə əsasən, hər iki təşkilat ali təhsilin hamı üçün əlçatan olması, ali təhsildə keyfiyyət və sosial bərabərliyin təminatı kimi məsələlər üzrə əməkdaşlığı genişləndirəcək. Tərəflər ildə azı bir dəfə qarşılıqlı tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi, eyni zamanda, Avropa İttifaqının “Erasmus+” proqramı və Avropa Könüllülük Xidməti çərçivəsində də işbirliyinin genişləndirilməsinə dair razılığa gəliblər.

İmzalanma ilə əlaqədar Polşada səfərdə olan Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov əməkdaşlıqla bağlı fikirlərini bildirərək deyib: “Biz digər ölkələrdən olan milli tələbə birlikləri ilə sıx əməkdaşlığa böyük önəm veririk. Polşa Respublikası Tələbə Parlamenti ilə 2009-cu ildən əməkdaşlıq edirik. Əməkdaşlığımız çərçivəsində 2011-ci ildə Varşava və Krakov şəhərlərinə geniş tərkibdə tanışlıq səfərləri də təşkil etmişik. İndi isə əməkdaşlığın yeni mərhələsi ilə bağlı imzaladığımız çərçivə sənədi ümumi müddəaları ehtiva edir. Ümid edirəm, iki təşkilat arasında qurulan sıx münasibətlər ölkəmizdə tələbə özünüidarəetmə orqanlarının inkişafı, ali təhsildə keyfiyyət və sosial bərabərlik təminatı, habelə, digər sahələr üzrə Polşa təcrübəsini öyrənmək baxımından çox önəmli olacaq. Avropa İttifaqının “Erasmus+” proqramı və Avropa Könüllülük Xidmətinin bizə verdiyi geniş imkanlardan yararlanmaq fikrindəyik. Artıq səfərim çərçivəsində cari ildə proqrama hansı layihələrlə müraciət edəcəyimizə qərar verdik. Ümid edirəm, bu layihələrdən də daha çox tələbənin yararlanmaq imkanı olacaq. Biz bu cür əməkdaşlıqların bütün xarici ölkələrdə fəaliyyət göstərən milli tələbə birlikləri ilə qurulmasında maraqlıyıq. Çünki tələbə birlikləri öz ölkələrində cəmiyyətin müxtəlif dairələrinə təsir imkanı olan təşkilatlardır. Biz də bunun vasitəsilə Azərbaycanın təbliği işinə töhfə vermək istəyirik. Ümid edirəm, yaxın zamanlarda yeni əməkdaşlıqlarla bağlı tələbələrimizi sevindirəcəyik”.

 

Gununsesi.info