Bakı Qarabağdakı “referendum”u izləmək üçün gələn xarici ölkə vətəndaşlarını araşdırmaqla məşğuldur - XİN

  • By admin
  • 20 Fevral 2017 11:40
xinnnnn
“Azərbaycan Xarici İşlər Nazirliyi  separatçı rejimdə-qondarma Dağlıq Qarabağda keçirilən “referendum”u izləmək üçün gələn “müşahidəçiləri” və  xarici ölkə vətəndaşlarının məsələsini araşdırır”.
 Bunu Gununsesi.info-ya açıqlamasında XİN mətbuat xirmətinin katibi Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, hazırda referendumunu izləmək üçün  işğal altında olan Azərbaycan torpaqlarına səfər edən xarici ölkə  vətəndaşlarının  məsələsi araşdırılır:
“Təbii ki, Azərbaycan XİN-in razılığı olmadan işğal altında olan torpaqlara qanunsuz səfər edən şəxslər barəsində  beynəlxalq hüquq normalarına uyğun tədbirlər görüləcək”.
 H. Hacıyev onu da əlavə edib ki, ermənilər, sadəcə, bir şou yaratmaqla məşğuldurlar:
“Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin adının “Konstitusiya dəyişiklikləri” deyilən qurama proses çərçivəsində dəyişdirilərək “Artsax respublikası”adlandırılması cəhdi Ermənistanın məsələnin mahiyyətindən yayınmaq və beynəlxalq ictimaiyyəti aldatmaq siyasətinin növbəti nümunəsidir”.
Onun sözlərinə görə, rəsmi İrəvan bu kimi təxribatçı əməlləri ilə münaqişənin sülh yolu ilə həlli üzrə aparılan danışıqlara zərər vurmaq siyasətini yürüdür: 
“Bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı məhz bu ad altında ölkəmizin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın ayrılmaz bir hissəsi kimi qəbul edir. Ona görə də beynəlxalq aləm və təşkilatlar bu cür  uydurma “referendum”u tanımır və qəbul etmir. Bu belə bir şou xarakterli, heç bir beynəlxalq hüquq normalarına sığmayan  “referendum”u tanımadıqları barədə bəyantlar veriblər. Odur ki, bunların heç bir hüquqi əsası yoxdur”.
 
H.Hacıyevin  əlavə edib ki, “Konstitusiya dəyişikliyi” adı altında Ermənistanın növbəti oyunu bir daha işğal olunmuş Azərbaycan ərazilərinin ilhaq edilməsi (anneksasiya) məqsədini güdür:
“Həmçinin, bu hal sübut edir ki, rəsmi İrəvanın danışıqlarda iştirakı qeyri-ciddi və imitasiya xarakteri daşıyır, Ermənistan hər vəchlə substantiv danışıqlardan boyun qaçırmağa və ATƏT-in Minsk qrupunun həmsədrlərini aldadaraq mövcud status-kvonun dəyişdirilməsi istiqamətində onların son səylərini iflas etməyə çalışır”.
Qeyd edək ki, separatçı rejim, bu gün işğal altında olan “DQR”-də keçirilən “referendum”u izləmək üçün 30 ölkədən 104 xarici ölkənin müşahidəçisinin gəldiyini  bildirir.
Bundan əlavə xeyli sayda  xarici ölkə jurnalistinin də gələcəyi bildirilir.
Gununsesi.info