Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir - CAVİD QURBANOV

  • By admin
  • 24 Noyabr 2017 10:52

Türkiyə Respublikasının İstanbul şəhərində baş tutan İslam Əməkdaşlıq Təşkilatının İqtisadiyyat və Kommersiya əlaqələri üzrə Daimi Komitəsinin (COMCEC) 33-cü Nazirlər Müşavirəsi çərçivəsində, 23 noyabr 2017-ci ildə “Xüsusi transmilli nəqliyyat dəhlizlərinin inkişafı” mövzusunda xüsusi sessiya keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbirdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanov çıxış edib.

O, bildirib ki, Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət, ölkənin iqtisadi təhlükəsizliyinin və iqtisadi gücünün artmasına xidmət edir. Iqtisadiyyatın önəmli sahələrindən olan nəqliyyat sektoruna Azərbaycanda çox böyük önəm verilir. Ölkəmizin ərazisindən keçən Beynəlxalq Nəqliyyat Dəhlizlərinin inkişafına Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən böyük diqqət yetirilir və bu sahəyə iri sərmayələr yatırılır. Təkcə son 10 il ərzində Azərbaycanda 11 min kilometr avtomobil yolu tikilib, 7 beynəlxalq hava limanı istifadəyə verilib. Bu gün Azərbaycan böyük yük təyyarəsi parkına malikdir. Azərbaycanın Xəzər dənizində ən böyük dəniz donanması var – 270 gəmidən ibarət donanma Xəzərdə yükdaşımalarının təşkilində xüsusi rol oynayır. Azərbaycanda bir neçə il bundan əvvəl böyük gəmiqayırma zavodu tikilmişdir və burada bütün növ gəmiləri istehsal edir. Nəqliyyat infrastrukturumuzun önəmli hissəsi olan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi uğurla gedir, artıq liman fəaliyyət göstərir. Hər il 15 milyon ton yük və 100 min konteyner bu limandan keçəcək. Yəni, son illər ərzində Azərbaycanda nəqliyyat sektoruna qoyulan sərmayə artıq çox güclü infrastrukturun yaradılmasına gətirib çıxarıb, bu da öz növbəsində transmilli nəqliyyat əlaqələrinin artmasına xidmət edir. Bu infrastruktur həm ölkəmiz, həm bölgə və həm də dünya üçün böyük əhəmiyyət kəsb edir.

Hazırda Azərbaycanda, digər nəqliyyat növləri ilə yanaşı, dəmir yolunun inkişafına da ciddi diqqət yetirilir. Artıq ölkədə yeni dəmir yollarının inşası, yenilənməsi prosesi sürətlə həyata keçirilir. Dəmiryolu daşımalarında göstərilən xidmətlərin keyfiyyətini artırmaq məqsədi ilə, Azərbaycan dəmir yolları yeni yük vaqonlarının və lokomotivlərin alınmasına nail olub. Bütün görülən işlər nəticəsində, biz tezliklə beynəlxalq təhlükəsizlik və keyfiyyət standartlarına cavab verən, sürətli dəmir yolu sisteminə malik olacağıq.

Damir yolu sahəsində həyata keçirilən iri infrastruktur layihələrindən biri, son dövrün ən önəmli layihələr sırasına daxil olan, Azərbayacanı qardaş Türkiyə ilə dəmir tellərlə bağlayan, Bakı-Tbilisi-Qars dəmir yolunun inşası oldu. Bu ilin oktyabr ayının 30-da Azərbaycanda, Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi mərasimi keçirilib. Bakı-Tbilisi-Qars dəmir yolu yalnız Azərbaycan və Türkiyəni yox, bütünlüklə Asiya ilə Avropanı ən qısa marşrut vasitəsi ilə birləşdirir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüskarı olduğu və tarixi İpək yolu üzərində qurulan Bakı-Tbilisi-Qars dəmir yolu, regional ticarətin inkişafına töhvə verməklə, Avropa ilə Asiya arasında yükdaşımalar sistemində mal dövriyyəsinin artmasına şərait yaradacaq və qlobal nəqliyyat sistemində böyük rol oynayacaq.

Bakı-Tbilisi-Qars xətti Çinin strateji “Bir kəmər Bir yol” layihəsinə daxil olan orta koridorun tərkib hissəsi olmaqla çoxsahəli tranzit logistika qovşağı kimi onun cəlbediciliyini daha da artırır. Eyni zamanda bu logistika qovşağı, Çin, Mərkəzi Asiya ölkələri və Əfqanıstanın, Avropaya və Türkiyənin Aralıq dənizi sahilində yerləşən limanlar vasitəsi ilə Yaxın Şərq regionu və Şimali Afrika ölkələrinə çıxışını asanlaşdırmaqla, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizinin əhəmiyyətini artırmış olacaq.

Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir. Bu yolun uzunluğu 846 kilometrdir, onun da 504 kilometri Azərbaycan ərazisindən keçir. Qeyd edim ki, Gürcüstan ərazisində aparılan inşa işləri Azərbaycan tərəfindən ayrılan 775 milyon ABŞ dolları məbləğində kredit hesabına həyata keçirilib. Türkiyə ərazisində tikinti işləri isə Türkiyə hökümətinin ayırdığı maliyyə hesabına reallaşdırılb. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmir yolu, sürət, təhlükəsizlik və etibarlılıq baxımından böyük əhəmiyyət kəsb edir. Bu marşrut vasitəsilə yükdaşımalar, ölkələrin coğrafi məkanından asılı olaraq, 14-18 gün ərzində həyata keçirilir və multi-modal daşımanı bu marşrut üzrə əlverişli edir. Hazırda Azərbayacan, Türkiyə, Gürcüstan və Qazaxıstanın dəmir yolları administrasiyaları TransXəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində yaradılan komitədə, Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə yüklərin daşınmasına dair tariflərin optimallaşdırılması ilə bağlı işlər aparırlar ki, bunun nəticəsində rəqabətədavamlı vahid qiymət formalaşacaq. Yəni, bundan sonra, yük sahibləri koridorda tədbiq olunan bir qiymət odəyəcəklər. Bu da Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edən yük sahiblərinin rahatlığını təmin etməklə xəttin cəlbediciliyini artırmış olacaq. Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək.

Azərbaycan, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində önəmli addımlar atır. Azərbaycan və İran dəmir yollarının birləşdirilməsi istiqamətində artıq önəmli işlər həyata keçirilib. Azərbaycan ərazisində bütün işlər artıq tamamlanıb, yəni, bütün infrastruktur hazırdır. Hazırda Astara (Azərbaycan) – Astara (İran) dəmir yolunun inşasına dair İran ərazisində işlər yekunlaşmaq ərəfəsindədir. hazırki mərhələdə yüklər Astara stansiyasından, Rəşt stansiyasına qədər avtomobillər vasitəsi ilə nəql edilir. Növbəti mərhələdə Astara-Rəşt dəmir yolunun tikintisi reallaşdırılacaq ki, bu işlər də Azərbaycan hökümətinin ayırdığı kredit hesabına həyata keçiriləcək. Bütün işlər yekunlaşandan sonra, Skandinaviya ölkələri, Rusiya, Azərbaycan və İranın dəmir yolları bir şəbəkədə birləşəcək və Şimaldan Fars körfəzinə qədər vahid dəmir yolu formalaşacaq.

Eyni zamanda, Azərbaycan digər ölkələrdə infrastrukturun yaradılması ilə bağlı öz texniki və maliyyə imkanlarını ortaya qoyur. Biz indi Şimal-Cənub və Bakı-Tbilisi-Qars nəqliyyat dəhlizlərinin inteqrasiyası istiqamətində işləyirik, çalışırıq və hesab edirik ki, bu, mümkündür. Artıq Cənub-Qərb nəqliyyat dəhlizi fəqliyyət göstərir, gələcəkdə isə Şimal-Qərb marşrutunun istifadəyə veriləcəyi planlaşdırılır. Bu nəhəng layihələr bir çox böyük ölkələri və regionları birləşdirəcək.

Bakı-Tbilisi-Qars dəmir yolundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər. Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizləri Hindistan, Pakistan, Fars körfəzi ölkələri, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək. Azərbaycan bu layihələrdə fəal iştirak edir və öz maliyyə resurslarını ortaya qoyan ölkədir.

Bir daha qeyd etmək istəyirəm ki, artıq yeni yaradılan və inkişaf etdirilən mövcud nəqliyyat infrastrukturu hesabına biz, həmi İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələr arasında, həm də bütövlükdə Avrasiya məkanında, eyni zamanda Aralıq dənizi vasitəsi ilə Afrika ölkələrinə nəqliyyat dəhlizlər yaratmaqla, transmilli nəqliyyat marşrutları yaratmağa müvəffəq olmuşuq. Bu isə öz növbəsində, islam ölkələri arasında iqtisadi əlaqələrin genişləndirilməsində böyük rol oaynayaraq, siyasi və humanitar sahələrdə əməkdaşlığının möhkəmlənməsinə öz təhvəsini verəcəkdir. Əminik ki, bu nəqliyyat dəhlizləri sabitliyə və təhlükəsizliyə xidmət edəcəkdir.

Gununsesi.info