Bakı-Tiflis-Qars dəmiryolu Azərbaycana 350-400 milyon gəlir gətirə bilər - İLHAM ŞABAN

  • By admin
  • 16 Oktyabr 2017 17:12

ilham-shaban

Yaxın aylarda Bakı-Tiflis-Qars dəmiryolunun açılışı gözlənilir. Bununla bağlı həm Türkiyə, həm də Azərbaycan rəsmiləri dəfələrlə məlumat verib. Bu layihəyə Azərbaycan tərəfi Dövlət Neft Fondunun vəsaitləri hesabına 631 milyon dollar xərcləyib. Eyni zamanda layihənin Gürcüstan tərəfindən maliyyələşdirilməsinin də öhdəliyini Azərbaycan öz üzərinə götürüb. Və bununla bağlı Neft Fondunun məlumatına görə, 775 milyon ABŞ dolları, o cümlədən Tranş A üzrə illik dərəcəsi 1% olmaqla uzadılma imkanı ilə 25 il müddətinə 200 milyon ABŞ dolları və Tranş B üzrə illik dərəcəsi 5% olmaqla uzadılma imkanı ilə 25 il müddətinə 575 milyon ABŞ dolları, həcmində kredit vəsaitinin ayrılması nəzərdə tutulub.

Amma burada başqa bir məqam var ki, həmin vəsaitə Gürcüstan dövləti zəmanət verməyib. Dəmiryolu işə düşdükdən sonra oradan gələn gəlirlər hesabına Azərbaycana olan borcun qaytarılması planlaşıdırılır. Belə olan halda, sözügedən layihədən Azərbaycanın və Gürcüstanın illik gəlirləri nə qədər olacaq ki, Tiflis bu borcu qaytarmaq iqtidarına malik olacaq?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Gununsesi.info-ya bildirdi ki, rəsmi Bakı Bakı-Tiflis-Qars dəmiryolundan minimum 1 milyard dollar qazanc əldə edəcək: “Hökumət iddia edirdi ki, Şərq-Qərb dəmir yolu işə düşməsi nəticəsində Çinlə Avropanın ticarət subyektlərini birləşdirə biləcək və nəticədə Azərbaycan minimum ildə 1 mlrd. dollar, perspektivdə isə bundan 2 dəfə çox qazanc əldə edə biləcək. O zaman mən mətbuatda çıxış edərək bu layihədən belə bir fantastik gəlirlərin mümkünsüzlüyünü qeyd edirdim. Bəziləri mənim dediklərimdə hətta qərəz görməyə başlayırdı. İndi isə Petroleum ARGUS-un Bakıda SOCAR-ın dəstəyi ilə təşkil etdiyi beynəlxalq neft sammitində Azərbaycan Dəmir Yollarının nümayəndələri özləri etiraf etdilər ki, bu yolda böyük qazanc yoxdur”.

İ.Şabanın fikrincə, Azərbaycan illik olaraq 350-400 mln. dollarlıq gəlirə ümid edə bilər: “Çünki Çinlə Avropa arasında kommersiya baxımdan ən sərfəli nəqliyyat vasitəsi dəniz daşımaçılığı olaraq qalır. Bundan əlavə, Çinlə Avropa arasında dəmiryolları əlaqələri diversifikasiya olunub və Bakı-Tiflis-Qars onlardan biridir. Yəni bu istiqamətdə kifayət qədər rəqabət var və belə olan şəraitdə tariflər uğrunda mübarizə daimidir. Eyni zamanda Xəzər dənizində bərə daşımaları Şərq-Qərb istiqamətində digər marşrutlarla müqayisədə kommersiya səmərəliliyinə mənfi təsir edən amildir”.

Vüsalə

Gununsesi.info