XƏBƏR LENTİ

15 Dekabr 2017

07 Dekabr 2017 - 14:04

“Bandotdel”in Gəncə əməliyyatı niyəGİZLİ SAXLANILIR?

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) dekabrın 1-də Gəncə şəhərində xüsusi əməliyyat keçirib.

Bu barədə Gununsesi.info-ya saxlanılanların ailə üzvləri məlumat verib. Onların sözlərinə görə, əməliyyat zamanı kriminal aləmə meylli olan bir neçə şəxs saxlanılıb.

Verilən informasiyada bildirilib ki, saxlanılanlar arasında keçmişdə məhkumluq həyatı yaşayanlar da var. Həmin şəxslərin bir sıra məşhur kriminal avtoritetlərlə əlaqədə olduqları müəyyən edilib. Lakin onların konkret hansı ittihamla həbs olunmaları hələlik açıqlanmır.

Qeyd edək ki, baş verən əməliyyatla bağlı DİN-nin müvafiq qurumundan münasibət öyrənmək cəhdimiz baş tutmadı.

Xatırladaq ki, sözügedən əməliyyat zamanı saxlanılan şəxslər Gəncədən Bakıya Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilib.

Sonda onu da nəzərinizə çatdıraq ki, təxminən ay yarım öncə Gəncə şəhərində kriminal aləmin nüfuzlu şəxsləri – 27 yaşlı Qurbanov Qurban, 27 yaşlı Əliyev Tural, 30 yaşlı Nəsirov Edqar və 39 yaşlı Kərimov Namiq arasında atışma olub. Kəpəz rayonunda yerləşən “Miraj” çay evində baş verən hadisədən sonra Q.Qurbanov ölkə ərazisindən qaçmaq istəyərkən “Sınıq Körpü” keçid məntəqəsində saxlanılıb. Edqar Nəsirov isə yaralı halda xəstəxanaya yerləşdirilib.

Gununsesi.info