Bəlkə də bu yazını yazmaq üçün çox gec qalmışam, bəlkə də demək istədiklərimi məndən qabaq kimsə deyib. Amma bu elə elə mövzudur ki, gərək yazasan. Hər gün yazasan, hər saat yazasan ki, cahil adamlar terrora məruz qalan adamın ruhunu bir də mənəvi terrora məruz qoymasın! İttiham etməkdənsə əlinə bir kitab alıb oxusun. Onu da bacarmırsa, dilinə yiyəlik etsin!
Dilə yiyəlik etməyi hər adam bacarmır. Bu daha çox insanın xarakteri ilə bağlı məsələdir. Amma kitab oxumağı hələ ki, çoxluq bacarır. Ona görə “hələ “ yazıram ki, bir azdan üzdən oxumağı da yaddan çıxaracağıq. Çünki, kitab, xüsusilə dərslik yazanlarımızın çoxu elə yazır ki, o dərslik ən yaxşı halda zövqsüz, ən pis halda cahil yetişdirə bilər. İki nümunə gətirəcəm, görəcəksiz. Biri 2-ci sinfin dərsliyindəndir. Müəllifi deyilənlərə görə Bakının Suraxanı rayonunda İcra hakimiyyətində mühasib işləyir. Mürvət Qədimoğlu adlı bu mühasib-şair tenderi necə udub, məəttələm. Amma belə şerlə nə tenderi udmaq olar, nə də Qarabağda müharibəni.
Bürünübdür çöl-çəmən
Ağappaq bəyaz qara
Ağ qardan don biçilib
Bağçalara, bağlara.
Ermənilər qoymayıb
Laçına, Kəlbəcərə
Şaxta babayla Qar qız
Gəlib çıxıb şəhərə.
Belə. Mürvət müəllimin Şaxta Baba ilə Qar qızı şəhərdə əylənməyində olsun, biz də uşaqlarımıza bu zövqsüz şeri əzbərlətməkdə, indi ikinci fakta diqqət çəkək. Bu xəbəri sosial şəbəkədə dir dostumuz paylaşıb. Səhv etmirəmsə, bu ötən il sonda bir nəfərin ölümü ilə nəticələnən hay-küylü məktəb aksiyasının “ preambulası” idi. Deməli, Hövsanda 118 saylı məktəbin 9-cu sinif şagirdləri direktora deyibmişlər ki, bir aydır tarix müəllimimiz yoxdur, bizə onu əvəz etməyə müəllim verin. Direktor da uşaqlara qayıdasan ki, evdə atanız olmayanda onu kimsə əvəz edir? Bax bu artıq nonsensdir! Həm direktorun cavabı baxımından, həm də şagirdlərə bir ay sərasər tarix dərsini tədris etməmək baxımından! Əslində hamımız valideynik, hamımızın evindən azı bir uşaq hər gün məktəbə gedir. Məktəblərin uşaqlara nə verdiyini də yaxşı bilirik, uşaqlarımızın bundan nə götürdüyünü də.
Uşağı ailədən də qabaq məktəb, mühit öyrədir, tərbiyə edir. İndi biz hansı savadlı kadra, hansı dünyagörüşü zəngin gəncliyə iddia edə bilərik? Ona görə Türkiyədə barda terror qurbanı olan qıza qarşı bu gün Azərbaycanda mənəvi terror siyasəti həyata keçirilir. Sanki ölənin ruhunu təhqir etməkdən ötrü ” ölür”, dəridən-qabıqdan çıxırlar. Məni Nuranə adlı o gənc qızın bu cür dəhşətli ölümündən də çox millətinin namus-qeyrət dağarcıqlarının münasibəti məyus elədi. Hara gedirik? Bu cür məhdud düşüncəli insanları ilə mənim Azərbaycanımın dünya xəritəsində yeri hardadır görəsən? Ümumiyyətlə, elə bir yer varmı? Tapsanız, xəbər edin.
Ləman Ələşrəfqızı
Əməkdar jurnalist
Gununsesi.info