Bizim küçə - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 25 Sentyabr 2017 17:48

leman

Bizim küçə mərhum rejissor Hüseyn Seyidzadənin adını daşıyır. Bilənlər bilir, Azərbaycanın kino tarixinə düşən ən gözəl filmlər Hüseyn Seyidzadənin adı ilə bağlıdır. Təkcə “O olmasın, bu olsun”un adını çəksəm yetər. Amma mən rejissorun başqa filmlərini də xatırladıram: “Yenilməz batalyon”, “Qaynana”, “Dəli Kür”, “Koroğlu” və s.

Hə, indi bu kişinin adını daşıyan küçədə elə “koroğlular” peyda olub ki, hər birinin şücaəti bir dastandır. Onlar xanları, paşaları, bəzirganları soyub qarət etmirlər, onların hədəfi kasıblar, köməksizlər, biçarələrdir.

Bəli, dünən məhləmizə bir lo düşdü ki, gəl görəsən. Əlimdəki işi yarımçıq qoyub pəncərəyə cumdum. Gördüm aləm dəyib biri-birinə. Soruşdum nə baş verib? Dedilər bir kişi Elmira nənənin boyunbağını qırıb qaçıb. Harda? Binanın 4-cü mərtəbəsində. Elmira nənə yaşı 70-i ötən qadındır. Övladı yoxdur, əri çoxdan ölüb. Bizim blokda beşinci mərtəbədə yaşayır.Bazara-dükana tək gedib gəlir. Həmişə də boynunda ağır “tros sep” olur. Bu dəfə də Elmira nənə boynunda qızıl zəncirlə bazara gedib. Çox güman ki, oğru da onu elə orada qaralayıb və qurbanını izləyə-izləyə gəlib çıxıb bizim həyətə.

İndi bizim kameramıza düşən görüntülərdən danışım. Deməli, həyətdə hamı “ tutun, oğru qaçdı” deyib bağırmağa başlayanda mən sakitcə əlahəzrət kameraya yaxınlaşdım. Budur, Elmira nənə ağır yüklə özünü blokun qabağına yetirir. Əlindəki zənbillərin bir neçəsini blokun qarşısında qoyub qalxır yuxarı. Həmin an həyətdə bir kişi peyda olur. Guya telefonla danışırmış kimi zənbillərdən bir az aralı qulağında telefon var-gəl edir. Çox keçmir Elmira nənə aşağı düşür. İndi beşinci mərtəbəyə o biri zənbilləri daşımaq lazımdır. Hərif hələ də telefonla danışır. Məhlə dolu uşaqdır, heç kim bu yad adama əhəmiyyət vermir. Elmira nənə bloka girir, təxminən bir dəqiqə sonra oğru guya danışığı yekunlaşdırır və o da bizim bloka daxil olur. Təbii ki, dördüncü mərtəbədə nə baş verdiyini bizim kameranın dördüncü gözü orda olsaydı, görərdim. Olmadığı üçün, mən öz mərtəbəmizi güdürəm. Aha, oğrunun dalınca həyətin balacaları bloka girirlər. Üç oğlan uşağıdır və əllərindəki telefonda oyun oynayırlar. Birdən uşaqlar səsə diksinib güllə kimi blokdan çıxırlar. Ortaboylu kişi pilləkənləri birnəfəsə düşür və qaçıb gedir. Elmira nənə meyid rəngində pillələri enir. Pəncərədən onu sakitləşdirirəm: ”Oğrunun üzü kameraya düşüb, narahat olmayın, tapacaqlar, sadəcə gedin sahə müvəkkilinə ərizə yazın”- deyirəm.

Bu yerdə nəzərinizə çatdırım ki, sahə müvəkkili də bizim binada oturur. İki blok o tərəfdə. Gəl ki, həftə səkkiz, mən doqquz bu binada oğurluqdur. Binada varlılar yaşasa kimə nə dərd? Hamı özünə babat güzəran qurub, Xruşşovun yadigarını da kirayə verib çıxıb. Yəni, əksəriyyəti kirayə qalanlardır. Heç uzağa getməyək, təxminən ay yarım qabaq bizim üst qonşumuzu – kirayə qalan gənc ailəni oğru pərişan etmişdi. Günün günorta çağı pəncərədən girib bütün evin altını üstünə çevirib telefondan başqa heç nə tapa bilməmişdi. Oğrunu tutdular, amma kirayənişin qonşum hələ telefonunu ala bilməyib. Aydın məsələdir ki, İndi Elmira nənə də qızıl boyunbağısını geri ala bilməyəcək. Deyir eybi yox, təki tutsunlar, heç olmasa üzünə tüpürüm.

Dostlar, bizim məhlədə vəziyyət bu qədər çətindir. Son iki ayda bu mənim xəbər tutduğum dördüncü hadisədir. Birinci hadisə lap ürək ağrıdan idi. Bizim məhlədən bir-iki tin o yanda 60 yaşlarında bir nacins 7 yaşlı qız uşağına təcavüz etmişdi. Sonra yaxınlıqdakı məşhur ayaqqabı dükanını yardılar. Sonra üst qonşunun mənzilinə soxuldular, dünən Elmira nənənin boynundan qızıl zəncirini dartdılar, bir il qabaq başqa bir qonşumun sırğalarını dartmışdılar. Qadının qulağının qanı gözünün yaşına qarışmışdı. Təsəvvür edin, ayaqqabı dükanı istisna olmaqla bu hadisələrin hər biri günün günorta çağı baş verib. Şəxsən mən bu həyətdə uşaq böyütməyə qorxuram. Uşaqlarımız da qorxur. Dünənki hadisədən sonra qızımın sırğalarını bapbalaca ovcunda gördüm. Soruşuram ki, niyə açmısan? Deyir oğrular qulağımı kəsər…

Sözüm hüquq-mühafizə orqanlarınadır. Bir də Nəsimi Rayon İcra Hakimiyyətinə. Maşallah, namxuda, mərkəzi küçələrdə açdığınız obyektlərinizin işığı gözümüzü çıxarır. Amma gecə saat 12-ni keçəndə məhlələri zülmətə qərq edirsiz. Günün günorta çağı qadınların boynuna, qulağına əl atanlar sabah namuslarına da əl atacaqlar. Başlarını kəsəcəklər. Və bu artıq Hüseyn Seyidzadənin filmində olmayacaq, Hüseyn Seyidzadə küçəsində olacaq.

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info