XƏBƏR LENTİ

22 Avqust 2017

13 Avqust 2017 - 11:15

Cənubi Qafqazda ən böyük investisiya layihələrini həyata keçirən ölkə hansıdır?

572276

Bu suala cavab tapmaq üçün Gununsesi.info “Azərbaycan” qəzetinə istinadən yazını təqdim edir.

Öz təbii ehtiyatlarından, coğrafi mövqeyindən və daxili-xarici investisiyalarından uğurla faydalanan Azərbaycan dünya iqtisadiyyatının fəal iştirakçısına çevrilib. Bu gün bütün dünyada maliyyə resurslarının məhdudlaşdığı, sahibkarların investisiya qoyuluşlarına son dərəcə ehtiyatlı yanaşdığı bir şəraitdə sabitlik məkanı adlandırılan respublikamızda investisiya qoyuluşlarına mühüm önəm verilir. Azərbaycan hazırda investisiya cəlb edən ölkədən investisiya yatıran və xüsusilə, strateji əhəmiyyətli layihələrdə nümunə göstərən dövlətə çevrilib.

Təhlükəsizlik, makroiqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti yaranıb

Bu gün dünya ölkələrinin üzləşdiyi mürəkkəb sosial-iqtisadi problemlər fonunda Azərbaycanda təmin olunan təhlükəsizlik, makroiqtisadi sabitlik əlverişli biznes və investisiya mühiti yaradıb. Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, beynəlxalq birliyin ən etibarlı tərəfdaşı olan Azərbaycan daxili imkanları hesabına böyük iqtisadi, maliyyə və digər resurslar tələb edən layihələr həyata keçirir. Mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən ölkəmiz həm də dünya miqyasında sabit iqtisadiyyata malik olan bir dövlət kimi xarakterizə olunur. Özünü müasir, güclü dövlət kimi təqdim edən Azərbaycan sosial-iqtisadi inkişaf tempinə görə dünyada öncül yerlərdədir.

Azərbaycanın uzunmüddətli dövrdə dayanıqlı və tarazlı inkişafının təmin edilməsində investisiyaların cəlb edilməsi xüsusi rol oynayır. Ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən “açıq qapı” siyasəti həyata keçirilir. İnvestisiyaların tələb olunan həcm və keyfiyyətinin təmin edilməsi məqsədilə ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılması qarşıda duran əsas vəzifələrdəndir. Azərbaycanın investisiya mühiti investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması, apelyasiya şuralarının təşkili, “İnvestisiya fəaliyyəti haqqında”, “Xarici investisiyaların qorunması haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının qanunları və bir sıra normativ sənədlərlə tənzimlənir.

Ölkəmizdə sənayenin, kənd təsərrüfatının inkişafı üçün həyata keçirilən daxili investisiya layihələri nəticəsində zavod-fabriklər, sənaye parkları və sənaye məhəllələri, texno və aqroparklar, eləcə də digər təyinatlı istehsal obyektləri fəaliyyət göstərir. Böyük sənaye müəssisələrinin tikintisi üçün investisiyaların ayrılması Prezident İlham Əliyevin iqtisadi strategiyasının uğurla həyata keçirildiyini bir daha təsdiqləyir.

Ölkəmizə sərmayə qoyan şirkətlərin sayı və coğrafiyası getdikcə genişlənir

Hazırda qloballaşan dünya iqtisadiyyatında baş verən mənfi tendensiyalar demək olar ki, bütün ölkələrdə sərmayə qoyuluşunu azaldıb. Ancaq ölkəmizdəki yaxşı investisiya imkanları və Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılan əlverişli biznes mühiti yerli sahibkarlarla yanaşı, xarici investorları da ölkəmizə cəlb edir. Dövlət başçısının tapşırıqlarına əsasən, investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərin nəticəsidir ki, Azərbaycana sərmayə qoyan şirkətlərin sayı ilə yanaşı, onların coğrafiyası da getdikcə genişlənir. Təkcə bir fakta nəzər yetirsək, kifayət edər. Keçən il ölkə iqtisadiyyatına 11 milyard 700 milyon dollar sərmayə qoyulub. Bunun 8 milyardı xarici, 3,7 milyardı isə daxili sərmayədir. Bu, bir daha təsdiqləyir ki, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Ən əsası ona görə ki, Azərbaycan sabitlik məkanıdır. Təbii ki, investorlar da ancaq sabit olan yerlərə sərmayə qoymaqda maraqlıdırlar.

Onu da qeyd edək ki, indiyə qədər Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı 60-dan çox saziş imzalanıb. Xarici investisiyaların ölkə iqtisadiyyatına cəlb edilməsi Azərbaycan dövlətinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Respublikamızın xarici dövlətlərlə münasibətlərinin inkişafında investisiya əməliyyatları mühüm rol oynayır. Elə bunun nəticəsidir ki, son 14 il ərzində Azərbaycana 200 milyard dollardan artıq sərmayə yatırılıb.

Azərbaycanın xarici ticarət dövriyyəsinin 39 faizi Avropa İttifaqı ölkələrinin payına düşür

Bir vaxtlar xarici investisiyalara ehtiyacı olan Azərbaycan bu gün bir çox dövlətlərə böyük həcmdə sərmayələr yatırır. Özəl şirkətlərimiz dünyanın müxtəlif bölgələrində uğurla fəaliyyət göstərir. Azərbaycanın xarici ticarət dövriyyəsinin 39 faizi Avropa İttifaqı ölkələrinin payına düşür. Ölkəmiz bu gün Türkiyə, Gürcüstan, Rumıniya, Moldova, Ukrayna, Belarus, Slovakiya və digər dövlətlərin sərmayə bazarlarında aktiv iştirak edən investor kimi mövqeyini möhkəmləndirməkdədir. Respublikamız həmin ölkələrin neft-qaz, neft-kimya, yanacaq-energetika, sənaye, emal, infrastruktur bölmələrinə irihəcmli maliyyə vəsaitləri yönəldərək iqtisadiyyatın inkişafına töhfəsini verir.

Cənubi Qafqazda ən böyük investisiya layihələrinə sahib olan Azərbaycanın iştirakı ilə son 14 ildə həyata keçirilən və inşası davam etdirilən layihələrə nəzər salaq: Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizləri. “Cənub qaz dəhlizi” isə dörd layihədən ibarətdir -“Şahdəniz”, Cənubi Qafqaz kəməri, TANAP və TAP.

Prezident İlham Əliyevin söylədiyi kimi, bütün bu layihələr bir daha sübut edir ki, Azərbaycan son 14 il ərzində böyük, şərəfli yol keçib. İri sərmayəçi kimi mövqeyini möhkəmləndirən Azərbaycan regionda xarici ölkələrin iqtisadiyyatına yatırılan investisiyaların həcminə görə bu gün MDB-də aparıcı dövlətlərdən birinə çevrilib. Dünyanın nüfuzlu iqtisadi tədqiqat mərkəzlərinin hesabatlarında respublikamız bölgədə investisiyaların coğrafi mərkəzinə çevrilən ölkə kimi səciyyələndirilir. Hər bir xarici sərmayə Azərbaycanın gələcəyi, sabahın etibarlı maliyyə təminatı deməkdir. Xarici dövlətlərə yatırılan sərmayələr Azərbaycan üçün böyük əhəmiyyətə malikdir və dəyəri milyard dollarlarla ölçülən investisiyalar ölkəmizin gələcək güclü maliyyə rezervləri deməkdir.

Bu ilin 6 ayı ərzində Azərbaycana 5 milyard investisiya qoyulub

Bu gün respublikada investorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli və xarici sahibkarlara eyni iş şəraitinin yaradılması, əldə edilmiş mənfəətdən maneəsiz istifadə olunması ilə bağlı mühüm qanunlar qəbul edilərək hüquqi baza yaradılıb. Elə bunun səbəbidir ki, dövlət iqtisadi inkişafın dinamikasını artırmaq üçün daha çox daxili sərmayələrin qoyuluşunu həyata keçirir. Amma daxili və xarici kapitalın paralel şəkildə iqtisadiyyata yatırılması inkişafımızı təmin edən əsas amil olaraq qalır. Bütün bunlar Azərbaycanın iqtisadi sahədə daha da qüdrətli bir ölkəyə çevrildiyini göstərməklə yanaşı, onun bu sahədə yaratdığı modelin səmərəlilik dərəcəsinin də kifayət qədər yüksək olduğunu nümayiş etdirir.

Avqustun 4-də Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində bu məsələlərə bir daha toxunan Prezident İlham Əliyev qeyd edib ki, bu ilin altı ayının nəticələri onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı inkişaf edir: “Biz 6 ayda valyuta ehtiyatlarını nəinki qoruya bilmişik, görülmüş tədbirlər, düşünülmüş iqtisadi siyasət nəticəsində 3 milyard dollar əlavə valyuta gəlib. Azərbaycana birinci altı ayda 5 milyard investisiya qoyulub. Təsadüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumu ölkə iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 37-ci yerə layiq görüb. Bu, MDB məkanında birinci göstəricidir. Bu, sadəcə olaraq, görülmüş işlərin təzahürüdür”.

Bütövlükdə son 14 ildə Azərbaycanın sürətli inkişafı ölkəmizin iqtisadi modelinin bir çox əhəmiyyətli parametrlərini müəyyənləşdirib. Bu parametrlər içərisində Azərbaycan iqtisadiyyatının dayanıqlılığı, rəqabət qabiliyyətinin yüksəlməsi və bu meyara görə ölkəmizin dünyada əhəmiyyətli yer tutması ilə səciyyələndirilə bilər. Prezident İlham Əliyevin həyata keçirdiyi institusional islahatlar və qazanılmış uğurlar Azərbaycan dövlətinin qüdrətinin artmasına, beynəlxalq miqyasda nüfuzunun daha da yüksəlməsinə imkanlar açıb.

Gununsesi.info




loading...
Loading...