“Cənub Qaz Dəhlizi” Azərbaycanın enerji sektorunda əsas oyunçu olduğunu sübut etdi - DEPUTAT

  • By admin
  • 24 Fevral 2017 17:19
Ali Masimli
“Cənub Qaz Dəhlizi”  layihəsinin reallaşması Azərbaycanın  enerji sektorunda  əsas oyunçu olduğunu sübut etdi.
Gununsesi.info xəbər verir ki, bu fikri  jurnalistlərə açıqlamasında millət vəkili Əli Məsimli “Cənub Qaz  Dəhlizi” layihəsinin reallşaması ilə bağlı Bakıda keçirilən  növbəti toplantısının yekunlarını şərh edərkən deyib.
Onun sözlərinə görə, “Cənub Qaz  Dəhlizi” layihəsi 1994-cü ildə başlanılan siyasətin yeni əsrdə sanballı davamıdır:
“Bakı-Tbilisi -Ceyhan  Azərbaycan üçün nə qədər böyük əhəmiyyət  kəsb edirdisə, “Cənub Qaz Dəhlizi”də çox böyük önəm daşıyır”.
 
Ə.Məsimli  bildirib ki, “Cənub Qaz Dəhlizi” Azərbaycanın müstəqilliyinə real məzmun verilməsi baxımından çox ciddi əhəmiyyət kəsb edir:
“Biz həm neft, həm qaz, həm də infrastruktur baxımından XXI əsrin energetika siyasətinə korrektə etmişik. Neft hasilatının Azərbaycanda artırılması, onun Bakı- Tbilisi-Ceyhan boru xətti ilə Avropaya nəql edilməsi ölkəmizin energetika sahəsində vacib rolunun olmasını ortaya qoydu.  Bundan başqa “Cənub Qaz Dəhlizi” çərçivəsində “Şahdəniz 2” layihəsinin reallaşması ölkəmizin bu sahədə əsas oyunçu olduğunu sübut etdi”.
Ə. Məsimli qeyd edib ki, sözügedən layihə regional səviyyədə əməkdaşlığın yeni mərhələyə çıxmasında da mühüm rola malikdir:
“Layihə Azərbaycan, Gürcüstan və Türkiyənin strateji  əməkdaşlığının yeni mərhələsini ortaya qoyacaq. Burada növbəti əhəmiyyət kəsb edən məsələ layihənin iqtisadi, sosial tərəfləridir. Belə ki, layihə burada iştirak edən ölkələrin hər birinə iqtisadi divident gətirməklə yanaşı, 30 mindən çox yeni iş yerlərinin açılmasına səbəb olacaq”.
Deputat onu da bildirib  ki, Azərbaycanın öz gücü və vəsaiti hesabına belə bir böyük layihə həyata keçirməsi, bir zamanlar məşhur olan “Nabucco” layihəsini “dəb”dən çıxardı:
“İlkin mərhələdə 16 milyard kub metr qazın nəqlindən söhbət gedirsə, ikinci mərhələdə bu, ikiqat artacaq. Əgər layihəyə Xəzəryani ölkələr də qoşulsa, o zaman Qərbin buna marağı daha da artacaq. Bu da gəlirin ilkin rəqəmlərdən bir neçə dəfə artmasına səbəb olacaq”.
Mürtəza
Gununsesi.info