Cahangir Hacıyev karsda aclığa başladı - BANKİRİN VƏKİLİ GUNUNSESİ.İNFO-YA DANIŞDI

  • By admin
  • 30 Sentyabr 2017 13:10

cahangir-haciyev

“Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin 7 gün müddətinə 13 saylı cəzaçəkmə müəssisəsinin cərimə kamerasına – karsa salınmasıyla bağlı xəbərlər mətbuatda ildırım sürətiylə yayılsa da, cəzalandırmanın səbəbiylə bağlı onun vəkilləri və yaxınları dəqiq məlumata malik deyillər.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, sabiq bankir ona qarşı həbsxana rəhbərliyi tərəfindən göstərilən xoşagəlməz rəftara və pis münasibətə görə aclıq elan edib.

Mənbə bildirib ki, C.Hacıyev cəzaçəkmə müəssisəsinin rəhbərliyinə bu haqda rəsmi müraciət də edib. Rəhbərlik isə qaydalara görə, məhbusun aclıq aksiyasını həyata keçirməsi üçün onu karserə salıb.

C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev Gununsesi.info-ya informasiyanı təsdiqləyib. O bildirib ki, dəfələrlə C.Hacıyevlə görüşmək üçün həbsxana rəhbərliyinə müraciət etsələr də, onlara görüş üçün şərait yaradılmayıb: “Üç gündür ki, Cahangir Hacıyev karserdədir. Cəzaçəkmə müəssisəsindəki qeyri-rəsmi mənbələrdən aldığımız məlumata görə, Cahangir Hacıyev cərimə kamerasına çərşənbə axşamı günün ikinci yarısı salınıb. Vəkilləri olaraq biz cəzaçəkmə müəssisəsinin rəhbərliyindən və Penitensiar Xidmətdən Hacıyevin taleyi haqqında rəsmi məlumat ala bilmirik. Gah dedilər ki, cəzaçəkmə müəssisəsinin rəisi işdə deyil, ona görə icazə vərəqəsi imzalana bilməz. Gah da dedilər ki, boş otaq yoxdur. Penitensiar Xidmətdən cəzaçəkmə müəssisəsinin rəisinin işdə olmadığını, buna görə icazə vərəqəsi verilmədiyini bildiriblər. Amma bizdə olan məlumata görə cümə axşamı və cümə günü rəis yerindəydi”.

Vəkil qeyd edib ki, cəzaçəkmə müəssisəsinin daxilindən sızan məlumata görə, C.Hacıyev 7 günlük cərimə kamerasına salınıb və buna etiraz əlaməti olaraq orada aclıq elan edib.

F.Mehdiyev bunun səbəblərini birmənalı olaraq söyləməyə çətinlik çəkdiyini vurğulayıb. Vəkilin sözlərinə görə, ilk gündən cəzaçəkmə rəhbərliyi tərəfindən C.Hacıyevə qarşı “qərəzli münasibət var”.

“Bu isə vəkillərin Cahangir Hacıyevə çatdırdığı qeydlərin diqqətlə yoxlanmasında, müdafiəçilərin özlərinin üzərində axtarış aparılmasında özünü göstərir”, deyə F.Mehdiyev qeyd edib.

Vəkil C.Hacıyevin cərimə kamerasına salınmasının səbəbinin yerli saytlardan birinə qiyabi müsahibəsi ola biləcəyini də istisna etməyib.

Qeyd edək ki, həmin müsahibədə C.Hacıyev hökumətin banklara və sahibkarlığa qarşı siyasətini kəskin tənqid edib, xüsusən maliyyə naziri Samir Şərifovun ünvanına kəskin ifadələr işlədib.

Vəkil F.Hacıyevin Cahangir Hacıyevin uzun illər rəhbər vəzifələr tutan ziyalı bir insan olaraq cəzaçəkmə müəssisəsinin daxili nizam-intizamını poza biləcəyinə şübhə ifadə edib.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə açıqlamasında bildirib ki, hər hansı məhkum daxili nizam-intizam qaydalarını pozursa, cərimə kamerasına salına bilər.

M.Sadıqov bu cür məsələlərin xidmət tərəfindən şərh edilmədiyini bildirib.

Xatırladaq ki, 2015-ci ildə ABB-də böyük maliyyə pozuntuları və xaricə kapital axını aşkar edilib. ABB-nin keçmiş rəhbəri Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Onunla birlikdə bir sıra filialların keçmiş rəhbərləri də həbs cəzalarına məhkum edilib.

Gülnaz Qənbrli

Gununsesi.info