Çaytikanı, zoğal, nar və feyxoanın yeni məhsuldar sortları yaradılıb

  • By admin
  • 18 Yanvar 2018 17:54

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunda aparılan uzunmüddətli fundamental və tətbiqi tədqiqatlar zamanı dəyərli elmi nəticələr əldə edilib və yüksək məhsuldar sort və cinslər yaradılıb. Belə ki, növdaxili, növarası hibridləşmələr aparılıb və nəticədə yeni buğda, arpa, qarğıdalı, pambıq, yonca və s. bitkilərin sortları yaradılıb və rayonlaşdırılıb.

Genetik Ehtiyatlar İnstitutundan Gununsesi.info-ya verilən məlumata görə, çoxillik bitkilərdən meyvə və giləmeyvəli bitkilərin Şəki-Zaqatala zonasında geniş yayılmış yabanı və xalq seleksiyası nümunələrindən ibarət Şəki genofond bağı salınıb. Bundan əlavə, çaytikanı bitkisinin “Şəfa”, “Zəfəran” və “Tozlayan”, zoğalın “Armudu zoğal” və “Ağ zoğal” sortları, subtropik bitkilər üzrə narın “İrigilə”, “Qaragilə”, innabın “Xurmayı”, feyxoanın “Xəzər”, “Lənkəran” və “Astara” kimi məhsuldar sortları yaradılıb. Hazırda buğda bitkisinin yüksək məhsuldar və keyfiyyətli, xəstəlik və zərərvericilərə qarşı davamlı iki, arpanın bir, meyvə bitkilərinin yeddi, pambığın beş, tərəvəz-bostan bitkilərinin üç yeni sortu yaradılaraq Kənd Təsərrüfatı Nazirliyinin Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasında sınaqdan keçirilir. Artıq onlardan bir buğda, iki pambıq sortu rayonlaşdırılıb. Tut ipəkqurdunun milli genetik fondunun toplanması, artırılması, mühafizə edilməsi, seleksiya işlərinin aparılması nəticəsində son 10 ildə səkkiz yeni cinsi və səkkiz hibridi rayonlaşdırılıb və 16 patent alınıb. Ümumilikdə son beş il ərzində Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə rayonlaşma üçün 30 sort təqdim edilib, 15 sort rayonlaşdırılaraq patent alınıb, 12 sort isə hazırda sınaq mərhələsindədir. Ötən il isə bir ixtiranın patenti alınıb.

Azərbaycanda genetik ehtiyatlar sahəsində elmi fəaliyyətləri əlaqələndirməyə və istiqamətləndirməyə, onların etibarlı mühafizəsi və səmərəli istifadəsini optimallaşdırmağa imkan verən modellər təklif edilib. Artıq bu modellər respublika üzrə reallaşdırılıb. İnstitutda və onun genbankında mühafizə startegiyaları üzrə ciddi tədqiqat işləri aparılıb, yeni metodologiyalar işlənib hazırlanıb. Genbank nümunələrinin həyat qabiliyyəti potensialının funksional diaqnostikası və irsi proqnozlaşdırılmasının elmi əsasları işlənib hazırlanıb, bu əsasda universal, yüksək həlledici qabiliyyətə malik təcrübi modellər və kəmiyyət meyarları yaradılıb. Bir sıra nadir və itmək təhlükəsində olan növlərin arealları dəqiqləşdirilib, itmə təhlükələri müəyyənləşdirilib.

Bundan əlavə, institutda ilk dəfə paxlalı bitkilərin mədəni və yabanı növlərində bir neçə virus aşkar edilərək onların nukleotid ardıcıllığı müəyyənləşdirilib və beynəlxalq genbankda qeydiyyatdan keçirilib. Yerli yabanı üzüm nümunələrində Cənubi Qafqaza aid dörd müxtəlif haplotip qrupunun üçünün Azərbaycanda aşkarlanması sübut edir ki, ölkəmiz üzüm bitkisinin əsas mədəniləşdirilmə mərkəzlərindən biridir.

Gununsesi.info