Çılpaq müəllim və Nigar Köçərliyə təşəkkür - LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

  • By admin
  • 05 Oktyabr 2017 14:06

leman

Məktəbimizin beş addımlığında poçt idarəsi vardı. Bütün əlamətdar bayramlarda poçtun müdiri Paşa dayı ən müxtəlif “otkrıtka”lar gətirər və türklər demiş, bizi paşa-paşa sevindirərdi. Bu xüsusilə Yeni il, 8 mart və 23 fevral ərəfəsi olardı. Poçtun bapbalaca otağı şagirdlərlə dolub-daşardı. Hamı açıqcanın ən gözəlini seçməyə çalışardı. Cəmi 20 qəpiklik sevinc bəxş edərdik o gün müəllimlərimizə. Hərçənd, açıqcaya yazdığımız təbrik sözləri də ürəyimizdən keçən səmimi sözlər deyildi, hamının yazdığı şablon tekst idi.

Səmimi yazmaq bacarığı, mədəniyyəti və yaxud azadlığı o vaxtlar nə gəzirdi? Elə bilirdik ki, hazır qəlibdən heç vaxt kənara çıxmaq olmaz. Evdə də belə görmüşdük, məktəbdə də. Bizim vaxtımızda Müəllim günü bayram sayılmazdı. Bəlkə də sayılırdı, mən xatırlamıram. Əslində, bizim üçün hər gün Müəllim günü idi. Müəllimə hər gün hədiyyəmiz vardı. Aldığımız əla, yaxşı qiymət idi bu hədiyyə. İnanın, qətiyyən pafos yoxdur, səmimi deyirəm. O dövrün müəllimlərinin əksəriyyəti şagirdin aldığı qiymətə uşağın özü qədər sevinirdilər.

Yadımdadır, 10-cu sinfi bitirəndə ədəbiyat imtahanından yazdığım inşa rayon Maarif Şöbəsində böyük səs-küyə səbəb olmuşdu. Ona görə yox ki, mən Cəfər Cabbarlının “1905-ci ildə” əsərinə Dağlıq Qarabağ münaqişəsinin başladığı 1988-ci ilin – deməli mənim də orta məktəbi bitirdiyim ilin prizmasından baxmışdım. Xeyr. Bu cür yanaşma mənim yaşım və başım üçün deyildi. Mən xalqlar dostluğu prizmasından sadə bir inşa yazmış, amma onu Cəfər Cabbarlı haqqında ən yaxşı yazarların, ədiblərin, şairlərin seçmələri ilə bəzəmişdim. Məsələn, belə bir məqam vardı yazımda. “Almaz”ı, “Yaşar”ı, “Gülər”i sevən. “Sevil”i sevdirən Cəfərim mənim”. İnşa yazım rayon Maarif Şöbəsinin diqqətini çəkmişdi. Sadəcə bir yanlış durğu işarəsi hamını sual qarşısında qoymuşdu: Beşdə beş, yoxsa , beşdə dörd ? Axırda beşdə beş vermişdilər. Bu şad xəbəri mənə çatdıran Sədaqət müəllimənin gözlərindəki parıltı bu günkü kimi yadımdadır. Sanki beşdə beşi o özü almışdı! Halbuki, ona yazdığım 20 qəpiklik açıqcanı da heç cür yada sala bilmirəm. Amma məktəb illərindən yada salmaq istədiyim o qədər xatirələr var ki…

Mənə bu xatirələri danışmaq daha xoşdur, nəinki açıqcanı əvəz edən bahalı hədiyyələrdən söz açmaq. Bu haqda kim nə danışsa acığım tutur. Sonuncu dəfə əsəbi halda dinlədiyim adam böyük bacım olub. Deyir nəvəsinin sinif rəhbərinə valideynlər yığışıb brilyant boyunbağı alıblar. Brilyant boyunbağı eyyyy… Soruşuram ki, bunu müəllim özü istəyib? Deyir, yox, valideynlər məsləhətləşib alıblar. Bacıma verdiyim ikinci sual onun bu aksiyada yaxından–uzaqdan iştirakı ilə bağlı oldu. Dedi ki, yox, mən bu məsələyə qarışmamışam. Yadıma keçmiş nazir Misir Mərdanovun bir açıqlaması düşür. Xatırlayırsızsa, o “hədiyyəni, pulu müəllimə özünüz verib, sonra da dalıyca danışırsız. Nə verin, nə də danışın” deyirdi. Adam haqlı. Çox vaxt işin altından elə valideynlərin özü çıxır. Heç uzağa getməyim, bir jurnalist həmkarım (dostlarım biləcək söhbət kimdən gedir) hər bayramda 10-a yaxın konvert alır, hər konvertin içinə 5 manat pul qoyub oğlu ilə müəlliminə göndərirdi. Bir dəfə ona iradımı bildirdim. Dedim ki, əvvəla 5 manat müəllim adına təhqirdir, sən o pula bircə dənə qızılgül və yaxud kitab alıb bağışlasan bu daha etik olar. İkincisi, bu hərəkətinlə uşağını balacalıqdan rüşvət verməyə öyrədirsən, deməli, cəmiyyət üçün yararsız birinə. Üçüncüsü və daha vacibi, müəllim-şagird arasında pərdəni götürmüş olursan. Cavabı məni heyrətləndirdi. ”Palaza bürün, elnən sürün. Hamı necə, mən də elə. Mənim məktəbə getməyə vaxtım yoxdu, uşağım isə başqa uşaqlardan seçilməməlidir. Gülə, kitaba gəldikdə isə müəllimlər gülü və kitabı özünə təhqir sayır, onlar pul istəyirlər. Qoy az olsun, amma pul olsun”.

Oxşar fikri dünən bir tanışımdan da eşitdim. Deyir ki, uşağının oxuduğu məktəbdə sinif rəhbəri valideynlərə açıq tekstlə deyib ki, elə yığın, direktorun 150 manatını verəndən sonra yerdə mənə də bir şey qalsın. Sonuncu məsələ sizi bilmirəm, şəxsən məni xeyli güldürdü. O qədər güldüm ki, heç Nigar Köçərlinin müəllim tipinə o qədər gülməmişdim. Bilirəm, “Əli və Nino”nun Müəllim Günü ilə bağlı hazırladığı poster çoxunuzun qanını qaraldıb. Amma nahaq! Düşünürəm ki, müəllimi təhqir edən reklama hesablanmış bir şəkil deyil, uşağınızın əliylə müəlliminə göndərdiyiniz 5 manatdır. Lap 50 manat, 100 manat olsun, brilyant boyunbağı olsun, müəllimin nüfuzu onda sarsılır ki, şagirdin yanında gözükolgəli birinə çevrilir.

Qaldı Nigar Köçərlinin mini ətəkli, yarıçılpaq müəllim tipinə, aydın məsələdir ki, onların məqsədi bu çılpaq gözəli valideynlərin yığdığı pulla geyindirib-geçindirmək deyildi, sadəcə məsələyə diqqət çəkmək idi ki, bunu da qismən bacardılar. Ən azından yada saldılar ki, müəllimə kitab da hədiyyə edə bilərsiz. Deməli, hədiyyələrin ən yaxşısını. Şəxsən mən “Əli və Nino”ya minnətdaram. Özləri demişkən, belə “ zarafat”ları tez-tez eləsinlər.

Ləman Ələşrəfqızı

Əməkdar jurnalist

Gununsesi.info