Dədə Şəmşirin yaradıcılığına senektik baxış - -ŞAHLAR ƏSGƏROV YAZIR

  • By admin
  • 19 Mart 2018 22:40

Dədə Şəmşirin doğum gününün 125 illiyi ilə bağlı 15 mart 2018 –ci ildə Flarmoniyada yüksək səviyyədə təşkil olunmuş “Saz-Söz Bayramı” -da mən də iştirak etdim. Saza çox yer verildi, nəinki sözə. Saz sevərlər məclisdə daha şox idilər. Məclisi də Aşıqlar Birliyinin sədri açdı. Son illərdə şairlər, ədəbiyyatçılar Aşıq Şəmşirin aşıq, yoxsa daha çox şair olduğunu müzakirə edirdilər. Dədə Şəmşirlə bağlı məclislərdə çıxış edənlərin çoxu onun aşıqlığını şairliyindən çox qəlbi tuturlar. Məncə senektik baxışa ehtiyac vardır. Bu söhbətə qatışmaqa mənim mənəvi haqqım da var.

Çünki ibtidai sınifdə oxuyanda dədənin dizinin dibində oturub “Xoruz” şerini də eşitmişəm. Aşıq Şəmşir yaradıcılığına fəlsəfi baxış zəruridir. Məlumdur ki, Kəlbəcər ədəbi mühiti 1955- ci ildən sonra təkamül ilə yox, sıçrayışla formalaşdı. Bu ədəbi mühitin “birinci dalğa” nümayəndələri Azərbaycanda məşhur şairləridir: Məmməd Aslan, Ənvər Rza, Bəhmən Vətənoğlu, Şamil Əsgərov, Qənbər Qurbanov, Dastancı Əli, Sucəhət və digər onlarla sevilən şairlər. Sual olunur niyə bu sayda şair sıxlığı qonşu Tərtərdə, Laçında, Şuşada, Bərdədə, Gəncədə, yoxdur? Niyə əvvəllər (XIX əsrdə, XX əsrin birinci yarısında) Kəlbəcərdə bu qədər söz ustası olmayıb? Bu fenomeni (hadisəni) necə izah etmək olar?

Dünyanın əmələ gəlməsinin “Böyük partlayış” nəzəriyyəsi var. Fərz olunur ki, bütün göy cisimləri o böyük partlayışdan sonra yarandı. Sanki Kəlbəcərdə də bir “bədii partlayış” olub və nəticədə birinci və ikinci dalğa (Adil Cəmil, Ələmdar Cabbarlı, Namik Dəlidağ, Mehtixan, Yusif Hüseyn və digər sevilən şairlər) böyük şairlər ordusu yaranıb. Həmin partlayış 1955 -ci ilin yay ayında Kəlbəcər qəsəbəsinin 5 km-də olan Boyaxlı Turşsuyunun üstündə böyük Səməd Vurğunla Dədə Şəmşirin görüşü zamanı baş verib. Sual olunur Səməd Vurğun Dədə Şəmşirin sözünə, yoxsa sazına vurğun idi? Əminliklə cavab vermək olar: sözünə! Səhf etmirəmsə Səməd Vurğun aşıq Şəmşiri görmək istədiyini deyəndə, əzbərdən ondan bir şer parçasını da deyib… Bir texnokrat kimi mənim gəldiyim qənaət belədir: Dədə Şəmşir də elə Səməd Vurgun qədər böyük şairdir. Burada böyüklük sözü zəruridir. Əks halda həmin tarixi görüş “Böyük partlayış” effekti yaratmazdı. Aşıqlıq sənəti şair Şəmşir üçün vasitə olub və iki məqsəd daşıyıb: a) şeirlərini ictimai şüura yerləşdirmək və b) maddi tələbatın ödəmək. O zamanlar kitab çapı müşkil olduğundan Aşıq Ələsgər də, Aşıq Şəmşir də öz sözlərini ictimai şüura yeritmək üçün SAZ-dan bir vasitə kimi istifadə etmişlər. Bu səbəbdən də məncə Dədə Şəmşirə şair Şəmşir demək daha düzgündür. Bu fikir onun ustad aşıq olmasına xələl gətirmir. Fəlsəfi baxımdan onun şairliyini birinci, aşıqlığını ikinci yerə qoymaq daha düzgündür.