“Danışıqlarda hər hansı irəliləyişin olması üçün Qərbdəki bəlli çevrələr yetərincə prinsipiallıq göstərmirlər” - SAHİB ALIYEV

  • By admin
  • 17 Oktyabr 2017 11:16

sahib aliyev smile

Azərbaycan prezidenti İlham Əliyev işğalçı dövlətin prezidenti ilə bir masa arxasında əyləşməkdən, yumşaq desək, heç də məmnunluq duymadığı bu adamla danışıqlara ona görə razılıq verir ki, məsələnin ilk növbədə sülh yoluyla çözümünə çalışdığını, qan tökmək istəmədiyini, ancaq buna sövq edildiyini növbəti dəfə ortaya qoysun.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, bununla Azərbaycan prezidenti mövqeyini ortaya qoymaq istəyir ki, ötən ilin aprelindəkilər yenidən təkrarlanacağı halda, haylara havadarlıq edənlər özlərini elə təqribən keçən ilin aprelindəki kimi aparmaq zorunda qalsınlar.

Millət vəkili görüşün nəticələrindən daha çox Azərbaycan və Ermənistan prezidentlərinin görüşdən öncə yaranmış duruma diqqəti çəkərək, görüşün nəticələrini izah etməyə çalışıb. Onun sözlərinə görə, danışıqlar öncəsi Rusiyanın öz forpostuna silah almaq üçün daha 100 milyon dollar kredit ayırması təsadüfi sayıla bilməz: “Xatırladaq ki, hər iki ölkənin prezidentlərinin sonuncu görüşləri 2016-ci ilin ilin iyununda Rusiyanın moderatoluğu altında Peterburqda keçirilib. Əgər Moskva doğrudan da danışıqlarda irəliləyiş istəsəydi, prezident Putin cəmi beş gün sonra Cenevrədə bir araya gələcəklərini nəzərə alaraq, MDB dövlət başçılarının Soçi zirvəsi çərçivəsində tərəflərlə Qarabağ məsələsiylə bağlı ya ayır-ayrılıqda, ya da birlikdə qısa da olsa görüşərdi. Belə bir görüş olmadısa, üstəlik də Cenevrə danışıqları öncəsi Ermənistana daha 100 milyon dollarlıq silah göndəriləcəyi açıqlanırsa, deməli, bu, çox məqamlardan xəbər verir”.

O əlavə edib ki, Serj Sarkisyan və komandası bu görüşdən böyük gözləntilərinin olmadığını bilirdi: “Və Azərbaycan tərəfi də bunun fərqində idi”. Onun fikrincə, Moskvanın heç öz moderatorluğu altında deyil də neytral bir məkanda – Cenevrədə keçirilən danışıqlara niyə bu cür yanaşdığı aydındır: “Məsələ burasındadır ki, danışıqlarda hər hansı irəliləyişin olması üçün Qərbdəki bəlli çevrələr də yetərincə prinsipiallıq və qətiyyət göstərmirlər. Əgər prinsipiallıq göstərsəydilər, yüz minlərlə adamın haqqını pozaraq etnik təmizləmə aparan işğalçı Ermənistana qarşı AŞPA-da sanksiya tətbiqi haqda qətnamə çıxarılardı ki, Cenevrə görüşü öncəsi hərbi xunta özünü konstruktiv aparsın. Çıxarıldımı, yox. Əksinə biz həmən qurumu yönəldən və yönləndirənlərin qərəzli, ədalətsiz, ikili standart iyi verən yanaşmasıyla üzləşdik. Elə buradan da görünür ki, Sarkiysanı Cenevrəyə aparan və apartdıran ancaq Azərbaycanın gücü, bu gücə dayanan cəbhədəki mövqe üstünlüyü, həmən üstünlükdən irəli gələn əks-təxribat əməliyyatlarıdır”.

S.Alıyev onu da bildirib ki, Azərbaycan prezidentinin işğal altındakı torpaqları qaytarmaq üçün hər bir addımı atacağımız, ötən ilin aprelində baş verənlərin yenidən təkrarlanacağı haqda ən müxtəlif kürsülərdən etdiyi xəbərdarlıq olmasaydı və hay havadarlarıyla himayədarları bunun üçün qətiyyətli şəkildə hazırlıqlar (burda, sadəcə, keçirilən təlimlər və müdafiə naziri Zakir Həsənovun son bir aydakı səfərlərini xatırlatmaq yetər) da görüldüyünü bilməsəydilər, Sarkisyan Cenevrəyə göndərilməyəcəkdi: “Bəli, Sarkisyan bu görüşə getmir, gözdən pərdə asmağa, sülh danışıqlarına forpostun guya hazır olduğu, belə bir perspektivin hələ qaldığı təsəvvürünü yaratmağa göndərilir. Bütün bu reallıqları hər kəsdən daha yaxşı bilən dövlət başçısı İlham Əliyev bir masa arxasında əyləşməkdən, yumşaq desək, heç də məmnunluq duymadığı bu adamla danışıqlara ona görə razılıq veirir ki, məsələnin ilk növbədə sülh yoluyla çözümünə çalışdığını, qan tökmək istəmədiyini, ancaq buna sövq edildiyini növbəti dəfə ortaya qoysun. Ortaya qoysun ki, ötən ilin aprelindəkilər yenidən təkrarlanacağı halda, haylara havadarlıq edənlər özlərini elə təqribən keçən ilin aprelindəki kimi aparmaq zorunda qalsınlar. Yəni bizim qələbəmizdən məmnunuluq duymasalar da, yaranmış reallığı çar-naçar həmz etsinlər, necəki ötən il həzm etmişdilər”.

Mürtəza

Gununsesi.info