Daşkəsəndə 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə bağlı tədbir keçirilib - FOTOLAR

  • By admin
  • 19 Yanvar 2017 16:15

unnamed (10)

20 Yanvar faciəsinin 27-ci il dönümü ölkəmizin hər yerində olduğu kimi, Daşkəsən rayonunda da  dərin ehtiramla yad edilib.

Gununsesi.info xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin müvafiq sərəncamına əsasən faciənin ildönümünün geniş şəkildə qeyd olunmasını nəzərdə tutan tədbirlər planı hazırlanıb,  yanvar ayının 6-dan 20-dək silsilə tədbirlərlə bütün şəhidlərimizin ruhuna hörmət və ehtiram əlaməti olaraq qeyd edilib.

Rayonun təhsil, səhiyyə, mədəniyyət  müəssisələrində, idarə və təşkilatlarında, inzibati ərazi dairələri üzrə nümayəndəliklərində dəyirmi masalar, müzakirələr və digər geniş anım tədbirləri keçirilmiş, həmçinin mədəni-maarif müəssisələrində 20 Yanvar faciəsinə həsr olunmuş fotostend, kitab sərgiləri hazırlanmış, kitabxana müəssisələrində oxucu konfransları təşkil olunmuş, konfranslarda 20 Yanvar  faciəsinə  həsr edilmiş məruzələr oxunmuş, bütün tədris müəssisələrində 20 Yanvar faciəsinə həsr edilmiş xüsusi dərslər keçirilib.

Qeyd edilən tədbirlərin tərkib hissəsi olaraq 19 yanvar 2017-ci il tarixdə 20 Yanvar faciəsinin 27-ci ildönümü münasibətilə rayon ictimaiyyətinin 3500-dən çox nümayəndəsinin iştirakı ilə Daşkəsən rayon Şəhidlər xiyabanında ümumrayon anım mərasimi keçirilib. 20 Yanvar faciəsinin 27-ci ildönümünə daşkəsənlilər ciddi hazırlıqla gəliblər. Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin adından Şəhidlər xiyabanındakı əbədi məşəlin önünə əklil qoyulub.

Daha sonra Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və iştirakçıları, rayon ağsaqqalları və veteranları ilə görüşmüş, onların ehtiyac və qayğıları ilə maraqlanıb.

Anım tədbirində iştirak edən rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, sakinlər tərəfindən qəmli musiqilərin sədaları altında şəhid məzarları ziyarət olunmuş, şəhid qəbirlərinin üzərinə tər güllər və çiçəklər qoyulub.

Ümumrayon tədbiri sonra rayon Mədəniyyət Mərkəzində davam etdirilmişdir. Mərkəzin foyesində məktəblilərin 20 Yanvar faciəsinə həsr olunmuş rəsm sərgisi təşkil edilmişdir. Toplantı iştirakçıları tərəfindən şərgiyə baxış keçirilib.

Sonra tədbir iştirakçıları zalda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediblər.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tədbirdə çıxış edərək 20 Yanvar faciəsinin mahiyyətindən bəhs edən dərin məzmunlu nitq söyləyib.

Ə.Abıyev qeyd edib ki, 1990-cı ilin 20 yanvarında törədilmiş qanlı faciəli hadisələri xalqımızın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. 1990-cı il yanvarın 19-dan 20-nə keçen gecə Sovet ordusu erməni silahlı quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı terror aktı həyata keçirib. Azərbaycanın müstəqillik və milli azadlıq uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 yanvarında xalqımıza qarşı misli görünməmiş vəhşiliklər törədilib.

Bu qanlı faciə Azərbaycan xalqının milli azadlığı və ərazi bütövlüyü uğrunda aparmış olduğu şanlı mübarizə tarixində qara səhifə kimi heç vaxt unudulmayacaqdır. Bu qanlı hadisəni yaddan çıxartmaq və bağışlamaq mümkün deyil.

Bu həmin dövr idi ki, Ermənistan ölkəmizə qarşı ərazi iddiaları irəli sürür, təcavüzkar hərəkətlərə başlayır, keçmiş SSRİ-nin rəhbəri M.Qorbaçov isə onlara havadarlıq edirdi. Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.

Qeyd etməliyik ki, sovet ordusunun və erməni quldurlarının hərbi təcavüzü nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmış və şikəst, əlil olmuşdur. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi.

Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev öz çıxışında bildirmişdir ki, bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs ümummilli lider Heydər Əliyev olmuşdur. Ulu öndər Heydər Əliyev 1990-cı il  yanvarın 21-də faciənin səhərisi günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Heydər Əliyev bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib.

1991-ci ilin martında isə Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edən xalq deputatı Heydər Əliyev 20 Yanvar hadisəsini növbəti dəfə çox sərt şəkildə şərh edərək bu hadisəni İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz kimi qiymətləndirdi. O, qatillərin aşkarlanması məsələsini yenidən qaldırdı, 20 Yanvar faciəsinə Ali Sovetin sessiyasının qiymət verməli olduğunu vurğuladı.

Qanlı Yanvar faciəsi ilə bağlı Ulu öndər Heydər Əliyev tərəfindən verilən kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasını bildirirdi. Heydər Əliyevin növbəti sərt addımı isə SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı 19 iyul 1991-ci il tarixli ərizəsidir. O, bu müraciətində SSRİ-nin dağılmasının labüdlüyünü açıq bəyan etmişdi. Heydər Əliyev bu müraciətdə 20 Yanvar hadisəsi ilə bağlı qeydlərində bildirirdi: “Bu antihumanist, konstitusiyaya və hüquqa zidd hərəkəti ittiham edərkən Sov.İKP və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid edirdim. Artıq yarım il keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri 10 illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil”.

20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməməsi Heydər Əliyevi çox düşündürən məsələlərdən biri idi.

Yalnız ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev daha sonra çıxışında vurğuladı ki, Heydər Əliyev şəhidləri və şəhid ailələrini heç vaxt diqqətdən kənar qoymurdu. 20 Yanvar faciəsinin bütün ildönümlərində şəxsən Şəhidlər xiyabanını ziyarət edən ulu öndər şəhid ailələrinə müraciətlə bütün Azərbaycan xalqı adından onlara baş sağlığı verir, problemləri ilə yaxından maraqlanırdı. O, bu faciəni böyük bir tarixi hadisə kimi qiymətləndirmiş və qəhrəman övladlarımızın özünü qurban verərək Azərbaycan xalqının milli azadlığı üçün, Azərbaycanın müstəqilliyi üçün yol açdıqlarını ifadə etmişdir. Ümummilli lider bu məkanın Azərbaycan xalqı üçün ən müqəddəs yer və ən qiymətli abidə olduğunu bildirmişdir.

Biz bu qanlı faciənin ildönümü ərəfəsində həmrəyliyimizi, azadlıq və ərazi bütövlüyümüz uğrunda mübarizə əzmimizi bir daha nümayiş etdirdik. Bu gün 20 Yanvar şəhidlərinin  ruhu şaddır. Ona görə ki, Azərbaycan müstəqil və azaddır. Biz inanırıq ki, 20 Yanvar şəhidlərinin ruhu bu gün Qarabağın üzərində, işğal olunmuş ərazilərimizdə narahatdır. 20 Yanvar və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin and yeri olan üçrəngli bayrağımızın tezliklə Şuşada, Laçında, Kəlbəcərdə, Xankəndində, Qubadlıda, Xocalıda və digər işğal olunmuş ərazilərimizdə dalğalanacağına əminik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında qazanacağımız o uğurlu qələbə günü çox da uzaqda deyil.

Ölkə rəhbərimiz, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  aparmış olduğu doğru-düzgün uğurlu siyasəti bizi inamla işıqlı gələcəyə, yeni-yeni parlaq qələbələrə aparır. Bu gün Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır

Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev Qanlı Yanvar – Ümumxalq Hüzn gününə həsr olunmuş ümumrayon tədbirində, öz çıxışının sonunda bir daha xalqımıza və dövlətimizə qarşı belə faciə, terror aktının olmamasını və yeni Şəhidlər xiyabanlarının yaranmamasını arzulamış və əminliklə bildirmişdir ki, bu cür qanlı hadisələr heç vaxt olmayacaq və ölkəmizdə sülh, əmin-amanlıq, davamlı iqtisadi inkişaf yüksələn xətlə davam edəcək, əhalinin rifah halı daha da yaxşılaşacaqdır.

Rayon İcra Hakimiyyətinin Başçısı Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləmişdir.

Daha sonra tədbirdə rayon mədəniyyət işçilərinin və məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilmiş və 20 Yanvar faciəsindən bəhs edən filmə baxış keçirilib.

unnamed (21) unnamed (20) unnamed (19) unnamed (18) unnamed (17) unnamed (16) unnamed (15) unnamed (14) unnamed (13) unnamed (12) unnamed (11)

Gununsesi.info