Daxili işlər orqanları əməkdaşlarının narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində yanvarın 13-14-də keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində belə hüquqazidd əməllə məşğul olan şəxslər ifşa edilib, ümumi çəkisi 32 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 4 kiloqram heroin, 5 kiloqrama yaxın tiryək və 23 kiloqrama yaxın marixuana götürülərək dövriyyədən çıxarılıb.
Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Cəlilabad Rayon Polis Şöbəsi və DTX-nın rayon şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə şəhər ərazisində Salyan rayon sakini Qismət Feyziyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobilə baxış keçirilib. Bu zaman yük yerində 4 kiloqram heroin, 1 kiloqram tiryək, 1970 ədəd metadon, 170 blok “NZ” və 214 blok “Manchester” markalı tütün məmulatları aşkar edilərək götürülüb. Sürücü və avtomobildə olan sərnişinləri – Yardımlı rayon sakinləri Hikmət Hüseynov, Mərhəmət Behbudov və onun qardaşı Hikmət saxlanılıblar.
Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu ərazisində Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Həsənov 39 ədəd “Mydrax” məhlulunu və 36 ədəd “Metadon”u 20 manata satarkən saxlanılıb.
Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri aparılır.
Gununsesi.info