Deputat nazir müavinlərini parlamentə dəvət etdi

  • By admin
  • 19 Yanvar 2017 14:20
millimeclis-2015_40
“Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilməsi haqqında qanun layihəsi də Milli Məclisdə  parlamentarilər tərəfində ciddi və maraqlı müzakirələrə  səbəb oldu.
Gununsesi.info xəbər verir ki, qanun layihəsi ilə bağlı  çıxış edən millət vəkili Vahid Əhmədov bildirib ki, bu günə qədər ən böyük rüsumun həcmi 22 min manat idi: “ İndi deyirsiniz ki, müəyyən sahələr üzrə lisenziyaların verilməsi üzrə rüsumu iki dəfə azaltmısınız. Ancaq indi mobil rabitə üzrə rüsum 1 milyon manata qaldırılıb. Demək ki, bir sahədən azaltmısınızsa digər sahəni artırmısınız. Bizdə 1 milyon rüsumu ödəməyə imkan varmı? Həmçinin televiziya yayımına 50 min rüsum qoymusunuz”.
Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Fikrət Şirinov iradalara cavab olaraq bildirib ki, bu sahələr rentabelli olduğu üçün dövlət rüsumları artırılıb: “ Söhbət “Azercell”, “ Bakcell”, “ “Nar Mobile” kimi iri şirkətlərdən gedir. Burada qanun layihəsində dəyişiklik ona xidmət edir ki, lisenziyalar üzrə rüsumlar birbaşa dövlət büdcəsinə daxil olacaq”.
Millət vəkili Tahir Mirkişili bildirib ki, Azərbaycanda lisenziyaların verilməsi müddətsizdir: “ Bundan sonra kim mobil operator kimi ölkəyə gəlmək istəsə lisenziya almaq üçün 1 milyon manat rüsum ödəməlidir. Həqiqətən də mobil sahə rentabellidir. Sahibkarlar bu pulu ödəyə bilər. İndi dünyada mobil danışıq məsələsi yoxdur. İnternet sisteminə keçilib. 1 dollar ödəyirsən, həm danışırsan,həm də yazışırsan”.
Deputat Vahid Əhmədov isə lisenziya əlavə rüsum məsələsi ətrafında yaranmış anlaşılmazlıqla bağlı komitə sədri Ziyad Səmədzadədən xahiş edib ki, Milli Məclisin iclaslarına nazir müavinləri dəvət olunsunlar: “ Düzdür, mənim şöbə müdirlərinin savadına şübhəm yoxdur. Ancaq onlar bu işə məsul səlahiyyətli şəxs deyillər. Suallara aydınlıq gətirə bilmirlər” .
Millət vəkili Şəmsəddin Hacıyev isə bildirdi ki, əvvəlki ilə indiki arasında ciddi fərq var: “Əgər əvvəllər  rüsumlar lisenziya vrən qurumlara gedirdisə, indi bu vəsait büdcəyə gedəcək. İndi mobil operatora  lisenziya üçün ödəniləcək  bir milyon manatın ancaq 5 min manatı lisenziya verən quruma gedəcək. Yerdə qalan 995000 manat isə büdcəyə gedəcək. Bu isə müsbət haldır”.
Mürtəza
Gununsesi.info