Deputat ölkədə istehsal olunan quş və quş ətlərinin ƏDV-dən azad olunmasını təklif edir

  • By admin
  • 16 Dekabr 2017 10:30
Vergi Məcəlləsinin “Vergi ödəməkdən azad edilmə” ilə bağlı 164-cü maddəsinə edilən dəyişiklik təqdirəlayiq hal olsa da, lakin Məcəlləinin bəzi bəndləri arasında bir-biri ilə uyğunsuzluq da mövcuddur. Bu qanunauyğunsuzluq da ondan ibarətdir ki,  broyler quşları diri şəkildə kənd təsərrüfatı məhsulu adlanır və heç bir vergiyə cəlb olunmur, ancaqkəsilib satılarkən isə avtomatik olaraq vergi obyektinə çevrilir. Ona görə də bu uyğunsuzluq aradan qaldırılmalıdır”.
Gununsesi.info xəbər verir ki, belə bir təkliflə deputat İqbal Məmmədov çıxış edib.
“Sevindirici haldır ki, Vergi məcəlləsinin ölkəmizin iqtisadi inkişafı üçün mühüm yerə malik olan “Vergi ödəməkdən azad edilmə” ilə bağlı 164-cü maddəsinə yeni bir bəndin də əlavə edilməsi təklif olunur. Bu kimi əlavələr yalnız alqışlanmalıdır. Ancaq təəssüf ki, bu məcəllənin bəzi bəndləri arasında bir-biri ilə uyğunsuzluq da mövcuddur.
Belə ki, Vergi Məcəlləsinin 164.1.18.-ci maddəsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr – 2014-cü il yanvarın 1-dən 5 il müddətinə bütün növ vergi ödənişindən azaddır. Amma, ötən il Vergi Məcəlləsinə dəyişiklik edilərkən həmin qanunun işləməsini məhdudlaşdıran 13.2.61.1 – ci maddəni də qəbul etmişik. Belə ki, bu maddəyə əsasən: istehsal olunan (o cümlədən sənaye üsulu ilə xüsusi broyler təsərrüfatlarında,  avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməlidir. Sadə dildə açıqlamış olarsaq: broyler quşları diri şəkildə kənd təsərrüfatı məhsulu adlanır və heç bir vergiyə cəlb olunmur, kəsilib satılarkən isə kənd təsərrüfatı məhsulu sayılmır və avtomatik olaraq vergi obyektinə çevrilir”- deyə, deputat vurğulayıb.
O əlavə edib ki, bildiyimiz kimi broyler fabriklərində yetişdirilmiş quşların texnologiyaya uyğun olaraq diri şəkildə satışı qadağandır.
Vergi Məcəlləsinin yuxarıda qeyd etdiyim maddələri arasında yaranmış uyğunsuzluğu nəzərə alaraq, millət vəkili  Məcəllənin  13.2.61.1-ci maddəsin yenidən baxılmasını  və yuxarıda adı çəkilən kənd təsərrüfatı məhsullarının, xüsusən də broyler təsərrüfatlarında,  avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə saxlanılan  canlılarin ƏDV azad olunması və bu məhsullra  “0” dərəcə şamil olunmasını təklif edirəm.
“Kənd təsərrüfatı istehsalı ilə məşğul olan müəssisələr ƏDV-dən azad olduğu halda ƏDV ödəyicisi olmadığına görə ödədikləri kommunal və mal-material üçün ƏDV-ni maya dəyərinə daxil edirlər. Bu da ölkə daxilində istehsal olunan kənd təsərrüfatı məhsullarının bahalaşmasına öz təsirini göstərir.
Qeyd olunanlarla əlaqədar olaraq təklif edirəm ki, kənd təsərrüfatının ƏDV-dən azad olunması “0” dərəcəyə şamil edilsin. Çünki, kənd təsərrüfatı məhsullarında ƏDV-nin mənbəyi olmadığına görə kənd təsərrüfatı istehsalı ilə məşğul olan müəssisələr tərəfindən satılan məhsula ƏDV şamil edilmədiyi kimi, istifadə etdikləri xidmət və malların dəyərinin ödənilməsinə də ƏDV tətbiq olunmamalıdır. Bu da öz növbəsində kənd təsərrüfatı məhsullarının satış qiymətinə öz müsbət təsirini göstərəcəkdir”- deyə, deputat bildirib.
Mürtəza
Gununsesi.info