DİN: Şamaxıda törədilən qətl hadisəsi barədə məlumat yayıb - YENİLƏNİB-1

  • By admin
  • 19 Yanvar 2018 11:35


Daxili İşlər Nazirliyi Şamaxıda baş verən qətl hadisəsi barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumatda bildirilir ki, polis və prokurorluq orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Şamaxı rayonu ərazisində törədilən qətlin üstü “isti izlər”lə açılıb.

Yanvarın 18-də Şamaxı şəhər sakini Zaur Hacıyevin odlu silahla qətlə yetirilməsi barədə daxil olan məlumat əsasında rayon Polis Şöbəsi və prokurorluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər aparılıb.

Hadisə yerindən nömrəsi silinmiş “TOZ-16” markalı tüfəng götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalarla “Acıdərə” adlanan ərazidəki fermada çobanlıq edən Zaur Hacıyevi qonşu fermada yaşayan Natiq Bünyadovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə qətlə yetirməsi müəyyən edilib və o, saxlanılaraq istintaqa təhvil verilib.

***

11.02

Şamaxı rayonunda qətlə yetirilən şəxsin həyat yoldaşı da güllə yaraları alıb.

APA-nın  xəbərinə görə, Natiq Binyətov Zaur Hacıyevi həyat yoldaşının və 4 azyaşlı uşağının gözü qarşısında güllələyib.

Hadisə zamanı Zaur Hacıyevin həyat yoldaşı Dürdanə Haclıyeva da əlindən, qolundan və ayağından güllə yaraları alıb.

Qətli törədən və qətlə yetirilən şəxs Acıdərə kəndinin ərazisində yerləşən qonşu fermaların çobanlarıdır.

İnsidentə mal-qara oğurluğuna görə yaranan mübahisənin səbəb olduğu bildirilir.

***

10:01

Şamaxı rayonunda qətl hadisəsi törədilib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Acıdərə kəndi ərazisindəki mal-qara fermasında qeydə alınıb. Rayonun Quşçu kənd sakini, 1996-cı il təvəllüdlü Binyətov Natiq Şirbala oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı ov tüfəngindən atəş açaraq qonşusu, 1980-ci il təvəllüdlü Hacıyev Zaur Seyidağa oğlunu güllələyib.

Zaur Hacıyev ağır xəsarətlə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Hadisəni törədən Natiq Binyətov tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılıb.

Gununsesi.info