“Dini təbliğat zərərli, kriminal iş deyil ki?!” - FAZİL MUSTAFA

  • By admin
  • 24 Aprel 2017 12:35
fazil
“Azərbaycanda kifayət qədər ixtisaslaşmış dini kadrların hazırlanması imkanı və potensialı o qədər də geniş olmadığından, xaricdə təhsil alanların fəaliyyətinə imkan verilməlidir”.
Gununsesi.info xəbər verir ki,  bunu Milli Məclisin (MM)  İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, başqa ölkələrdə yüksək səviyyəli universitetlərin, təhsil müəssisələrinin olması Azərbaycanın da bu potensialdan istifadə etməsinə imkan verir:
“Bu iş təbii ki, müvafiq icra orqanının razılığı ilə olmalıdır. Müsbət haldır ki, xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının dini ayinlər icra etməsi ilə bağlı olan bəzi qadağaların elə də böyük məna daşımadığı ortaya çıxdı və bu məhdudlaşma indi müəyyən qədər ortadan qaldırılır. “Dini etiqad azadlığı haqqında” qanunda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılmasının qadağan edilməsi məsələsinə yəqin ki, gələcəkdə yenidən qayıdacağıq. Dini təbliğat zərərli, kriminal iş deyil. İstənilən şəxs “Quran”a, “İncil”ə və digər dini ktaba istinad edərək, dini təbliğat apara bilər”.
O, əlavə edib ki, buna görə, həmin şəxsləri məsuliyyətə cəlb etmək olmaz:
“Bu variant bu cür verilə bilər: müvafiq icra orqanının dini mərkəz tərəfindən dəvət edilən  əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən razılaşdırılmamış formada kütləvi yerlərdə dini təbliğat aparılması qadağan edilir.  İki nəfər arasında dini mübadiləyə görə, məsuliyyətə cəlbetmə insan hüquqlarına zidd addım olar”.
 
MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, Aşura günündə insanlar məscidlərə gələrək, öz bildikləri formada dini ayinləri icra edirdilər:
“Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin son illər ərzində apardığı tədbirlər sayəsində bu halların böyük əksəriyyətinin qarşısı alınıb. Bununla yanaşı, dini atributların istənilən yerdən asılmasına qadağan qoyulmasının nəticəsi olaraq, bu məsələnin böyük hissəsi həll edilir”.
S. Novruzov onu da əlavə edib ki, irəli sürülən təkliflərin müəyyən qisminə gələcəkdə baxmaq olar.
Mürtəza
 Gununsesi.info